İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı

23-12-2016, 20:29   

18:22

Prezident İlham Əliyev Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləğinin artırılması haqqında fərman imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycanın olimpiya çempionlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği artırılaraq 1300 (min üç yüz) manat müəyyən edilsin.

2. “Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 oktyabr tarixli 798 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 594; 2006, № 5, maddə 403; 2008, № 1, maddə 5, № 9, maddə 793) 1-ci hissəsinin birinci cümləsində “min” sözü “1300 (min üç yüz)” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Bu Fərman 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.

19:30

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatı əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Dövlət qulluğunda səmərəli fəaliyyət göstərən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatının aşağıdakı əməkdaşları təltif edilsinlər:

“Tərəqqi” medalı ilə

Ağayev Faiq Bahadur oğlu

Rumzadə Rəşid Faiq oğlu

Səfixanlı Aydın Məhəmməd oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Abbasov Səbuhi Mehdi oğlu

Cahangirova Turan Eyvaz qızı

Heybətov Əli Nəsir oğlu

Heydərov Vüqar Vaqif oğlu

İsmayılov Ziya Cavanşir oğlu

Məmmədov Pərviz Bəhərçin oğlu.

20:20

İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 445-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 445-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar