Ağasəlim Həsənov: “Onlar daha çox insanların əqidəsi, amalı uğrunda radikal ruh təbliğ edirlər”
Terrorizm haqqında birmənalı tərif mövcud olmasa da, mütəxəssislərin əksəriyyətinin gəldiyi qənaət budur ki, o, siyasi, dini, ideoloji, iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni zorun, gücün, hədənin tətbiq olunması formasıdır. Bir insan bir hərəkəti ilə bir ölkəni fəlakətə sürükləyə bilir. Ola bilsin ki, həmin şəxsi nə xüsusi xidmət orqanı, nə də hansısa terrorçu qruplaşması tərəfindən hazırlaşdırmayıb. Sadəcə o fikirləşir ki, gedib hansısa ölkədə günahsız yerə öldürülən insanların qanını alacaq.
Sovet ədəbiyyatlarında qeyd edilir ki, biz terrorizmi yalnız dövlət xadimlərinə edilmiş hərəkət kimi qiymətləndirə bilmərik. Ona görə ki, real həyatda terror aktlarından daha çox günahsız kütlə, sivil şəxslər ziyan çəkir; həmçinin təkcə siyasi deyil, etnik, dini, kriminal, separatist və s. zorakılıq da terrorizmin bir növüdür. Bir qayda olaraq terrorizmin bütün təzahürləri hüquqaziddir. Terrorçuluq cinayətkarlığın ən təhlükəli formalarından biridir. Həmin təhlükəlilik transsərhəd formalardan törədilən terrorçuluğa da aiddir.
"Terrorizmə qarşı mübarizə" haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən terrorizm dedikdə, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq və ya dövlət hakimiyyəti orqanları tərəfindən terrorçuların maraqlarına cavab verən qərarların qəbul edilməsinə nail olmaq məqsədilə insanların kütləvi şəkildə qırılmasına, onlara bədən xəsarəti yetirməsinə, yaxud səhhətinə başqa cür zərər vurulmasına, habelə başqa ağır nəticələrə səbəb olan əməllərin törədilməsi və ya bu cür əməllərin törədilməsinə yönələn hədə başa düşülür.
Tarixə çoxlu sayda qanlı terror hadisələri düşüb. Məsələn, 2001-ci il ABŞ-da ölüm, xəsarət və maddi ziyana görə Nyu-Yorkdakı 11 sentyabr hadisələri terror aktları arasında şəriksiz liderdir. Yaxın tarixdə baş vermiş bu hadisədən çox danışıldığı üçün uzun-uzadı söhbət açmaq yersiz olardı. Sadəcə onu demək kifayətdir ki, terror aktları nəticəsində 2976 nəfər həlak olub, 6000 nəfər xəsarət alıb. Maddi ziyan isə 100 milyonlarla dollarla ölçülür. Dünya Ticarət Mərkəzinin təqribən 2 milyon tonluq uçqunlarının yaratdığı toz qatı 3 ay çəkilməyib. Ərimiş metal kütləsi binanın zirzəmisini doldurub. Ərazini təmizləmək üçün minlərlə insan 8 ay fasiləsiz işləyib.
2001-ci ilin 10 avqustunda Anqolada UNİTA silahlı qruplaşmasının sərnişin qatarını atəşə tutması nəticəsində 259 nəfər həlak olur, 160 nəfər yaralanır. 1975-də müstəqillik əldə edən Anqolanın tarixində bu ən qanlı hadisə kimi düşür. Bir-neçə həftəyə danışıqlara başlamağı qərara alan hökumət və UNİTA bu hadisədən öz məqsədləri üçün istifadəyə çalışır. Din xadimləri araya girərək həm dövləti, həm də hərbi qruplaşmanı danışığa təhrik etsə də artıq gec idi.
1975-dən bəri ölkədə davam edən çəkişmələr nəticəsində neft və almazla zəngin olan bu ölkənin 1 milyon vətəndaşı həyatını itirib, yüz minlərlə insan isə tərkivətən olub. Bundan əlavə 19 mart 1994-cü il Bakıda “20 Yanvar” metrostansiyasında törədilən terror aktı nəticəsində 14 nəfər həlak olub, 49 nəfər müxtəlif dərəcədə bədən xəsarəti almışdı. İstintaq tədbirləri zamanı müəyyən edilib ki terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tapşırığı ilə separatçı “Sadval” Ləzgi Xalq Hərəkatı təşkilatının üzvləri tərəfindən həyata keçirilib.
Bu kimi faktları çox sadalamaq olar. Göründüyü kimi ideoloji təxribat daşıyıcıları ölkəni böyük fəlakətə sürükləyə bilir. Maraqlıdır, ideoloji təhlükənin təməli necə qoyulur? Onlara qarşı hansı tədbirlər görülə bilər? Necə olur ki, insanlar hansısa ideyaların təsiri altında formalaşır və gələcəkdə bunu özləri üçün məqsədə çevirir? Necə olur ki, insanlar lazım gəldikdə konkret qarşılarına qoyduqları məqsəd uğrunda istənilən vasitəyə əl atmağa hazır olur?
Azərbaycan Milli Elmlər Akademiyasının fəlsəfə institutunun böyük elmi işçisi, fəlsəfə doktoru Ağasəlim Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, müasir dövrdə dünyanın siyasi-ideoloji mənzərəsinə baxanda ideoloji təhlükəsizlik məsələsi öz aktuallığı ilə seçilir:
“İdeoloji təhlükəsizlik ölkənin xüsusi təhlükəsizlik sisteminə daxil olan istiqamətlərdən biridir. Bilirik ki, hərbi, siyasi, iqtisadi, ekoloji, eyni zamanda humanitar sahələrin xüsusi təhlükəsizlik məqamları var. Bütövlükdə bu, ölkənin milli təhlükəsizliyinin təmin olunmasının müxtəlif aspektləridir. Həmin aspektlərdən biri də ideoloji təhlükəsizlikdir. Hazırda ideoloji təhlükəsizlik elə bir aktuallıq kəsb edir ki, o, heç də hərbi, iqtisadi, siyasi sahələrdə olan təhlükəsizliklərdən geri qalmır. İdeoloji təhlükəsizliyin kökü tərbiyə ilə bağlıdır.
Bu, ailədən tutmuş, təhsil müəssisələrində aparılan təlim-tədris məsələləri ilə birbaşa əlaqəlidir. İdeoloji təhlükəsizliyin təməlini orda axtarmaq lazımdır. Hər bir ölkənin hansısa səbəblərdən digər ölkə ərazisində marağı var. Burda xüsusən, böyük gücləri qeyd etmək yerinə düşər ki, onlar daha kiçik və zəif dövlətlərdə öz maraqlarını həyata keçirmək üçün eyni düşüncəni daşıyan, eyni ideologiyaya xidmət edən insanlar toplusunu yetişdirməkdə maraqlı olurlar.
Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə baş verən hadisələrə nəzər yetirək. Həmin dövrdə Azərbaycana bir çox missioner təşkilatlar gəldi. Onlar əhali arasında müxtəlif ideyaların yayılması ilə məşğul oldular və deyərdim ki, uğur da qazandılar. Radikal müsəlman, xristian missioner və induizm mənşəli təşkilatlarının Bakıdakı fəaliyyəti və ətrafların topladıqları tərəfdarları zaman-zaman müəyyən addımlar atdılar. Əgər bu missioner təşkilatlar fəaliyyət göstərirlərsə və ətraflarına kifayət qədər tərəfdar toplaya bilirlərsə, həm ölkə daxilində, həm də ölkə xaricində hansısa dövlətlər, toplumlar üçün təhlükə mənbəyinə çevrilir”.
“Pasifizm Azərbaycan üçün təhlükəlidir”
Sosioloqlun fikirlərinə görə, bir qrup missioner təşkilatlar var ki, onlar daha çox radikalizm istiqamətində fəaliyyət göstərir: “Bu gün Suriyada, İraqda baş verən hadisələrdə bunun nümunələrini görmək olur. Onlar daha çox insanların əqidəsi, amalı uğrunda radikal ruh təbliğ edirlər. Lazım gəldikdə robot kimi zombiləşmiş həmin insanlar qrupundan istifadə edib öz çirkin məqsədlərinə çata bilirlər. Eyni zamanda əks təbliğatı aparan missioner təşkilatlar da var.
Məsələn, Azərbaycana gələn missioner təşkilatlardan biri “Yehova Şahidləri” gənclər arasında pasifizim ideyalarının təbliği və yayılması ilə məşğul olub. Pasifizm - hətta özünə zərər vermək bahasına da olsa, zorakı müqavimət göstərməmək dərəcəsində müharibə və zorakılıq əleyhdarıdır. Onlar bu ideyanı Azərbaycan gəncləri arasında yaydılar. Məlumdur ki, Azərbaycanın 20 faiz torpağı işğal olunub. Azərbaycan gəncini orda böyük bir savaş gözləyir. Günlərin bir günü bəlkə də minlərlə Azərbaycan gənci Qarabağ uğrunda savaşmaqdan imtina edəcək. O fikrini əsaslandıracaq ki, savaş onun ideologiyasına yaddır, ziddir və o istənilən müharibədə insan öldürməkdən geri çəkiləcək. İdeologiyalar fərqlidir. Bir qrup missioner təşkilatların məqsədi radikalizmə, öldürməyə, partlatmağa, məhv etməyə yönəlibsə, digər qrup təşkilatların məqsədi isə bunun əksinə yönəlir. İstənilən halda bunun hər ikisinin xüsusən, Azərbaycan kimi gənc və müstəqil ölkələr üçün təhlükəlidir”.
Milli təhlükəsizlik təhdid altında
Ağasəlim Həsənov onu da qeyd edib ki, müxtəlif ideyaların ölkələr ərazisində yayılması gələcəkdə həmin ölkə üçün təhlükəsizlik məsələsini gündəmə gətirir: “Bu günlərdə Türkiyədə Rusiya səfirinin qətlə yetirilməsi, eyni zamanda uzun illərdir ki, Avropa ölkələrində, ABŞ-ın, Rusiyanın, Suriyanın, İraqın ərazisində baş verən hadisələr onu göstərir ki, həqiqətən insan üçün ideoloji tərbiyə çox vacibdir və daim aktualdır.
İnsan elə bir varlıqdır ki, ona insanın ruhuna uyğun düzgün tərbiyə verilərsə, o, mələk qismində olar. Amma əks tərbiyə gedərsə, insan robota çevrilir və düymə basılanda minlərlə insanın canına qıymaqdan belə çəkinməz.
İdeoloji tərbiyənin düzgün aparılması insanı normal şəxsiyyətə də çevirə bilər, zombiləşmiş bir alətə də çevirə bilər. Gələcəkdə bu cür halların baş verməməsi üçün düzgün tərbiyə işinin qurulmasına ehtiyac var.
Eyni zamanda sosial institut olaraq həm dövlətin, həm də ailələrin üzərlərinə düşən öhdəlikləri vardı. Bu vəzifələri kollektiv şəkildə həyata keçirilməlidir. Suriya, İraq döyüşlərində iştirak edən Azərbaycan vətəndaşları bu mənada sübut etdilər ki, lazım olanda azərbaycanlılar da həmin ideologiyaların təsiri altına düşə bilər. Dünyanın müxtəlif regionlarından onların xoşagəlməz sədalarını eşidə bilirik”.
Yeganə Oqtayqızı
Cebhe.info