2016-cı ilin başa çatmasına sayılı günlər qalıb. Ümumilikdə, 2016-cı il XXI əsrin ən qanlı illərindən biri kimi yadda qaldı. Suriya, İraq və Yəməndə müharibələr daha da şiddətləndi, terror aktları çoxaldı. Bir sözlə, yola saldığımız ildə dünya üçün hansısa müsbət məqamları səsləndirmək çox çətindir. Bizə qalan isə 2017-ci ilə ümidlə baxmaqdır.
Bəs, 2017-ci il bizi sevindirəcək hadisələr baş verəcəkmi? Çətin sualdır. Siyasi proqnozlar vermək kimi çətin bir şey yoxdur. Məsələn, dünyanın super gücü və ən geniş kəşfiyyat şəbəkəsinə malik olan ABŞ-ın prezidenti etiraf etmişdi ki, 2015-ci ilin sentyabrın sonunda Rusiyanın Suriyaya müdaxiləsi Vaşinqtonun radarlarında yox idi, Putinin qərarı Ağ Evi qəfil yaxalamışdı. Amma bununla belə hazırkı geostrateji mənzərə 2017-ci ildə gözlənilən hadisələrlə bağlı müəyyən ehtimallar və proqnozlar irəli sürməyə imkan verir.
“Brexit”in fəsadları
İyunun 23-də Avropa İttifaqına üzvlüklə bağlı keçirilən referendumun (“Brexit”) nəticələri (qurumdan çıxmaq istəyənlər səsvermədə iştirak edənlərin 52 faizini təşkil etdi –red.) nəinki “köhnə qitə”də, bütün dünyada şok effekti yarandı. “Brexit”in Avropada, dolayısı ilə dünyada ciddi fəsadlar yaradacağı gözlənilir. Fransa, Almaniya, Niderland və İtaliyada müxalif rejimlər hakimiyyətə gəlsə, Avropa İttifaqının gələcək taleyi qaranlıq olacaq. Fransanın “Milli Cəbhə” Partiyasının lideri Marin Le Pen prezident seçkilərində qalib gələcəyi halda, altı ay ərzində referendum keçirəcəyinə söz verib.
Politoloq Zərdüşt Əlizadə hesab edir ki, Marin Le Penin qalib gəlməsi inandırıcı deyil. Onun fikrincə, son nəticədə sağlar və sollar birləşərək “Milli Cəbhə”nin liderinə qalib gələcəklər. Politoloq İtaliyada da sözügedən prosesin baş verəcəyinə inanmır: “Hər halda Avropa İttifaqının yeni əsaslarla yenidən qurulması fikri çox aktiv müzakirə olunur. Ola bilsin ki, Avropanın hakim zümrəsi bir az ağıllandı və yeni situasiyanı nəzərə alaraq dəyişikliklər edəcək”.
Fransada prezident seçkiləri
Fransada prezident seçkiləri növbəti ilin aprelində keçiriləcək. Əsas mübarizənin keçmiş baş nazir, Fransanın mərkəz sağ Respublikaçılar Partiyasının namizədi Fransua Fiyonla “Milli Cəbhə” Partiyasının lideri Marin Le Pen arasında gedəcəyi gözlənilir. Prezident Fransua Olland və sosialistlərin başqa mümkün namizədlərinin aşağı reytinqi Fiyonanın seçki kampaniyasının aşkar favoriti edir. Marin Le Pen sürprizə imza ata bilərmi?
Zərdüşt Əlizadə sürprizə inanmır: “Fransada miqrantların gəlişi, müsəlman azlığın Fransa cəmiyyətinə tam şəkildə uyğunlaşmaması və iqtisadi problemlər sağ partiyaların, millətçi qüvvələrin mövqelərini gücləndirib. Amma düşünmürəm ki, Fransa cəmiyyəti son 50 ildə yürüdülən siyasətə qarşı çıxaraq Marin Le Penə səs verəcək”.
Yaxın Şərqdəki vəziyyət
Rusiya ABŞ-la uzunmüddətli danışıqlardan sonra ötən ay Vaşinqtonla Suriya üzrə razılaşa bilmədiyini açıqladı. Türkiyə ilə aparılan danışıqlar isə deyəsən, nəticə verməkdədir. Dekabrın 20-da Moskvada böhranın həlli üzrə müəyyən detallar razılaşdırılıb və gələn ay Dəməşq rejimi və müxalifəti Astanada bir araya gətirəcək. Bu baxımdan, 6 ildən çox davam edən vətəndaş müharibəsinə son qoyulacağına dair ümidlər yaranıb.
Zərdüşt Əlizadə isə hesab edir ki, Suriyada, ümumilikdə Yaxın Şərqdə yaxşı heç nə görünmür: “Rusiya, Türkiyə və İran bölgədə Amerikasız dəyişiklik etmək istəyirlər. Amma ABŞ-ın bölgəyə təsir imkanları olduqca genişdir. Maliyyə imkanları genişdir və bölgədə qoşunları var. ABŞ imkan verməyəcək ki, bölgə sakitləşsin. ABŞ özünün strateji məqsədlərinə çatmayınca, bölgədən əl çəkməyəcək”.
“Tramp möcüzəsi” dünyada nəyi dəyişdirəcək?
Respublikaçı Donald Trampın seçki kampaniyasında verdiyi sülhpərvər vədlər hamının diqqətini çəkdi. Trampın Rusiya ilə bağlı verdiyi vədlərin taleyi xüsusilə maraqlıdır. O, sanksiyaların ləğvini və Krımın Rusiyaya birləşməsinin tanınmasını Moskva ilə müzakirə etməyə hazır olduğunu bəyan edib.
Amerikanın nəhəng siyasi və iqtisadi sisteminin olduğunu deyən Zərdüşt Əlizadə qeyd edir ki, Tramp ABŞ-ın siyasətinə yalnız müəyyən korrektələr edə bilər: “Amma bütövlükdə sistemi dəyişdirmək mümkün deyil. ABŞ-ın xarici siyasəti dalana dirənib, dünya əhalisində nifrət doğurur. Belə olan halda, Trampın nəyisə etməyi mümkün olmayacaq. Bəzi nəzəriyyəçilərə görə, olan bilsin ki, Tramp maliyyə oliqarxiyasının iştahlarını məhdudlaşdırdı. Tramp bunu bacarsa, hesab edin ki, o, təkcə milyarder deyil, həm də inqilabçıdır”.
Rusiya ilə bağlı gözləntilər
Qərbin ağır iqtisadi sanksiyaları Moskvanı dayandıra bilmədi. Rusiya Ukrayna ilə bağlı mövqeyində qalır və Donbasdakı separatçılara dəstəyini davam etdirir. Özünümüdafiə ilə məşğul olacağı gözlənilsə də, əksinə, Rusiya Suriyaya müdaxilə ilə hər kəsi heyrətləndirə bildi. Bir çoxları da hesab edir ki, neft pullarından gələn gəlirlərin azalmasına baxmayaraq, 2017-ci ildə Rusiya dünya arenasında aparıcı rol oynamaqda davam edəcək.
Zərdüşt Əlizadə isə bu fikirdədir ki, Rusiya göz görə-görə uçuruma gedən dövlətdir: “Ötən ilin nəticələrinə görə, Rusiyanı 260 min insan tərk edib. Bir yeri bombalayır, başqa bir yerdə münaqişə ocağı yaradır. Bu, uğurlu siyasət deyil.
İranla nüvə razılaşmasının ləğvi
Donald Trampın ABŞ prezident seçilməsi ilə “altılıq”la İran arasında imzalanan nüvə razılaşmasının ləğvi məsələsi gündəmə gəlib. Obamadan fərqli olaraq Trampın İsraillə yaxın münasibətləri belə bir hadisənin baş vermə ehtimalını gücləndirir.
Zərdüşt Əlizadə razılaşmanın ləğvini mümkün sayır.
Türkiyədə Konstitusiya dəyişiklikləri üzrə referendum
2017-ci ildə Türkiyədə Konstitusiya dəyişiklikləri üzrə referendumun keçirilməsi planlaşdırılır. Hakim Ədalət və İnkişaf Partiyası dəyişiklikləri referenduma çıxarmaq üçün lazım olan dəstəyi Milliyyətçi Hərəkat Partiyasından ala bilib. Referenduma çıxarılacaq dəyişiklikləri xalq tərəfindən müsbət qarşılanacağı gözlənilir.
Zərdüşt Əlizadənin fikrincə, dəyişikliklərin referendumdan keçməsi demokratiyanı məhdudlaşdıracaq: “Düşünmürəm ki, Konstitusiyaya dəyişikliklər Türkiyəyə xeyir gətirəcək”