Ekspertlərə görə, bu fakt onun prezidentliyinə həmişə kölgə salacaq
Amerikanın yeni prezidenti Donald Trampın qalib gəlməsində Rusiyanın rolunun olması ilə bağlı iddialar gündəmdən düşmür. Seçkilərin üstündən iki ay ötüb, artıq Ağ Evin yeni sahibinin inauqurasiya mərasimi yaxınlaşır, lakin onun qalibiyyətində Kreml izini axtaranların sayı durmadan artır.
Görünən odur ki, Trampın prezidentlik müddətinin sonuna qədər bu iddialar daim səslənəcək. Təsadüfi deyil ki, rəsmi Vaşinqtonun Mərkəzi Kəşfiyyat İdarəsi, Federal Tədqiqatlar Bürosu və ABŞ Milli Təhlükəsizlik Agentliyinin məruzəsi yayılıb və orada bildirilir ki, rəsmi Moskva ABŞ-da keçirilmiş seçkilərdə Demokrat Partiyasının namizədi Hillari Klintona mane olmağa çalışıb. Amerikanın üç əsas qurumunun belə bir məruzə ilə çıxış etməsi çox ciddi mətləblərdən xəbər verir.
Politoloq Şahin Cəfərli öz facebook səhifəsində bu məsələ ilə bağlı geniş şərh yazaraq, Trampın Rusiyanın Amerikaya kiberhücum təşkil etdiyini etiraf etdiyini qeyd edib: “ABŞ dövlət strukturları (istəyən bunu ”dərin dövlət" kimi də qəbul edə bilər) yaxşı işlədilər. Trampın “obrabotka”sı və taxt-taca hazırlanması prosesi başa çatmaq üzrədir. Rusiyanın kiberhücumları ilə bağlı mövzuya dünənə qədər qeyri-ciddi yanaşan, kəşfiyyatın işindən şübhələrini dilə gətirən Tramp kəşfiyyat strukturları rəhbərlərinin ona verdiyi brifinqdən sonra fikrini dəyişərək “əla görüş idi, çoxlu məxfi məlumatlar aldım, bu adamlar mənim çox xoşuma gəldi” deyib və Rusiyanın ABŞ-a qarşı kiberhücum həyata keçirdiyini etiraf edib. Əlbəttə ki, bunun seçkinin nəticələrinə hər hansı təsiri olmadığını xüsusi qeyd edərək, demokratları günahlandırmaqla...
Beləliklə, Tramp hələ prezident kreslosuna oturmamış öz ajandasındakı Rusiya ilə bağlı bölümlərə ən azı sual işarəsi qoymağa məcbur olub. Artıq Obamanın tətbiq etdiyi sanksiyaların ləğvi siyasi baxımdan xeyli çətinləşib, hətta yeni sanksiyaların tətbiqi qaçılmaz hala gəlib. İndi Konqresdə Moskva əleyhinə “soyuq müharibə” dövründəkindən heç də zəif olmayan aqressiv atmosfer hökm sürür.
Senat və Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni və daha sərt sanksiyaların tətbiqinə hazırlıq başlayıb. Bu məsələdə hər iki partiya arasında həmrəylik var, hətta respublikaçıların nüfuzlu simaları bu işə öncülük edir. Sanksiya qərarının üçdə iki səs çoxluğu ilə qəbul edilməsi ehtimalı yüksəkdir, bu halda prezidentin veto hüququ olmayacaq. Qanunvericilik əsasında tətbiq edilən sanksiyaların icra hakimiyyətinin sanksiyalarından əsas fərqi odur ki, bunlar adətən uzunmüddətli olur və Konqresin öz qanunlarını ləğv etməsi nadir rast gəlinən hadisədir. Bu arada, Senatdakı ixtiyarlar Putinin dostu kimi ad çıxarmış dövlət katibi vəzifəsinə namizəd Tillersonla da iş aparır. Tillerson senatorlarla söhbətində Putini xuliqan adlandırıb və onun yalnız gücdən anladığını, onunla güc mövqeyindən danışmaq lazım olduğunu bildirib".
Lakin politoloqa görə, bütün bunlar heç də o demək deyil ki, ABŞ və Rusiya arasında dialoq, əməkdaşlıq olmayacaq: “Suriya probleminin həllində və beynəlxalq terrorçuluqla mübarizə sahəsində dialoq, hətta anlaşma tam gözləniləndir. Lakin Putinin bu əməkdaşlıqdan umduqları (sanksiyaların ləğvi, NATO-nun Varşava sammitinin qərarlarının ləğvi, ABŞ-ın Avropaya, Rusiya sərhədlərinə hərbi kontingent göndərməkdən vaz keçməsi, ABŞ-ın qlobal raket hücumundan müdafiə sistemi yaratmaqdan (Avropa komponenti başda olmaqla) vaz keçməsi, ABŞ-ın Ukrayna və Gürcüstana dəstəkdən imtina etməsi və nüfuz dairələrinin bölüşdürülməsinə razılaşması) çətin ki, reallaşsın”.
Siyasi şərhçi Elxan Şahinoğlu uzun illər bu məsələnin gündəmdən düşməyəcəyini düşünür: “Əlbəttə ki, Donald Trampın Rusiya xakerlərinin səyi nəticəsində prezident seçilməsi iddiası illər uzunu Ağ Evin yeni sahibini qarabaqara izləyəcək. Çünki belə rəy var ki, Rusiya hakimiyyəti tərəfindən idarə olunan hakerlər Demokratlar Partiyasının, o cümlədən prezidentliyə namizəd Hillari Klintonun yazışmalarını yaymasaydılar, Tramp bəlkə də prezident seçilməzdi. Doğrusu, indiki halda bu iddianı nə təsdiq, nə də təkzib etmək mümkündür. Ancaq bütün hallarda bu iddia Trampın prezidentliyinə kölgə saldı. Tramp özü də etiraf etmək məcburiyyətində qaldı ki, rusiyalı hakerlər ABŞ-ın gizli yazışmalarını faş ediblər. Demək, həqiqətən Amerika kəşfiyyatının əlində o dərəcədə tutarlı faktlar olub ki, onlarla tanış olan Tramp belə Rusiyanın müdaxiləsini etiraf etmək məcburiyyətində qalıb. Halbuki buna qədər Tramp deyirdi ki, gizli yazışmaları evdə oturan adi azyaşlı haker də aça bilər. Bunun belə olmadığı aydınlaşdı. O da aydın oldu ki, Rusiya prezidenti Vladimir Putinin sanksiyası olmadan rusiyalı hakerlər bu cür riskli əməliyyata baş vurmazdılar.
Rusiyalı hakerlərin Amerikada prezident seçkisinə müdaxiləsi Trampı çətin vəziyyətə salır. Çünki Tramp seçkiqabağı çıxışlarında Putinlə dostlaşmağa çalışacağını və onunla birgə beynəlxalq terrorçulara qarşı mübarizə aparacağını deyirdi. Amerika kəşfiyyatının rusiyalı hakerlərin müdaxiləsini təsdiq edən faktları Tramp-Putin dostluğunu çətinləşdirir. Çünki bu məlumatların yayılmasından sonra nəinki demokratlar, Trampın partiyadaşları respublikaçılar belə, Ağ Evdən Rusiya ilə yumşalma siyasətinin əleyhinə çıxacaqlar. Putin növbəti dəfə qırmızı çizgiləri aşdı. Putinin Gürcüstan və Ukraynanı parçalaması azmış kimi, Kreml sahibi indi də Amerikanın daxili işlərinə qarışır. Heç soyuq müharibə illərində Rusiyadan qat-qat güclü olan SSRİ belə Amerikanın bu cür daxili işlərinə qarışmağa risk etmirdi. Mənə elə gəlir ki, Amerika kəşfiyyatı gələcəkdə Putinin bu hərəkətini cavabsız qoymayacaq. Amerika kəşfiyyatı da Rusiyada müəyyən prosesləri sürətləndirməyə çalışacaq. Bu isə öz növbəsində Rusiyanın bütövlüyünə və sabitliyinə təhlükə yarada bilər. Putin yaxın və uzaq ərazilərə müdaxilələrinə rəğmən, Amerikanın superdövlət statusunu azalda bilməyəcək. Amerikanın dünya üzrə hərbi bazalarının sayı yüzlərlədir, müxtəlif ittifaqlarda yer alır. Doğrudur, Amerikanın Avrasiya siyasətindən narazı qalanların sayı çoxdur, ancaq elə həmin ölkələr Amerikanın gücü ilə hesablaşmaq məcburiyyətindədirlər”.
Cavanşir ABBASLI