“Donald Tramp ABŞ-ın Qorbaçovumu olacaq? XXI əsri “Yeni Amerikan əsri” elan etməyə çalışanlar öz daxilindəmi üz-üzə gələcək?”
Publika.az xəbər verir ki, bu sualları Türkiyənin “Yeni Şafak” nəşrində İbrahim Karagül yazıb.
“ABŞ kəşfiyyatı ilə ingilis kəşfiyyatı seçilmiş bir ABŞ prezidentinə niyə hücum edir? Onu niyə Rusiya agenti elan edir? Niyə ABŞ-Çin müharibəsindən danışılır? Baltikyanı bölgəsinə hərbi qüvvə niyə toplanır? Şərqi Avropa və Sakit okeanı bölgəsi yeni dünya müharibəsinin əsas cəbhələrimi olacaq?” – deyə türkiyəli yazar qeyd edib.
Karagülün sözlərinə görə, Türkiyəni vuranlar öz qiyamətlərini hazırlayırlar: “Yaxın Şərqdəki fay xətlərini hərəkətləndirənlər, dövlətlər və təşkilatları bir-biri ilə səhv salanlar, təşkilatların köməyi ilə ölkə və regionları dizayn etməyə çalışanlar daha böyük bir fəlakətlə üzləşmək üzrədir. Əsl qiyamətin Türkiyədə deyil, başqa ölkələrdə, regional deyil, qlobal miqyasda qopmaq üzrə olduğunu görməyin zamanı gəldi. Bu fırtına Suriya məsələsinə, Türkiyədə terrora, ya da 15 iyul çevriliş cəhdinə heç bənzəmir. Bu, dünyanın bütün güclərini təsiri altına alacaq bir qarşıdurma dalğasıdır”.
Yazar “Birləşmiş Avropa” layihəsinin çökdüyünü bildirib.
O, qeyd edir ki, Trampın israrla Rusiya ilə yaxınlaşmaq istədiyini deməsi, sistemin isə Rusiya ilə müharibə çağırışları etməsi dərin bir uçurum kimi görünür. Karagül bildirir ki, Rusiya xəritəsi, Rusiyanın yeraltı sərvətləri Atlantika oxunun iştahını qabardır: “Bu torpaqları, yeraltı sərvətləri Moskvaya buraxmağa heç niyyətləri yoxdur. Trampın niyyəti “imperial, soyğunçu Amerika”nı dəliyə çevirməyə kifayət etdi. Trampın Rusiyaya hər dostluq mesajından sonra Şərqi Avropaya daha çox hərbi qüvvə göndərdilər”.
İbrahim Karagül dünyanın iki böyük hesablaşma ilə qarşı-qarşıya olduğunu qeyd edib: “Bunlardan biri ABŞ-ın öz daxilində hesablaşmasıdır. İkincisi isə, ABŞ-ın Avropadakı müttəfiqləri ilə birlikdə Rusiya və Çin ilə hesablaşmağa hazırlaşmasıdır. Buna görə də qlobal fəlakətdən danışırıq. Buna görə də Şərqi Avropa, Baltikyanı bölgəsi və Sakit okeanı regionunda şokedici partlayışlardan narahatıq”.
Ömər Dağlı