Yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Musavat.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesi şahidlərin ifadə verməsi ilə davam etdirilib. İlk iki şahid MTN generalları olub. Onlar Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən aylıq 50 min manat alınması epuzodu üzrə dindiriliblər.
Məhkəməyə ilk olaraq şahid qismində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş idarəsinin sabiq rəisi, general Sübahir Qurbanov əlləri qandallı gətirilib.
O, bildirib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovdan aylıq 50 min manat pul alması haqda deyilənlər yalandır: "Vidadi Zeynalov istintaqda bu haqda deyib. Mən də eşitmişəm. Amma mən pul almamışam".
Prokuror Fərid Nağıyev generala xatırladıb ki, onun sürücüsü də məhkəmədə hər ay nazirlikdən pul aldığını təsdiqləyib. S.Qurbanov buna cavab olaraq deyib ki, sürücüsünün Vidadi Zeynalovdan pul almasından da xəbərsizdir.
Prokuror: "Sürücünüzün sizdən xəbərsiz nə vaxtsa, kimdənsə pul alması halı olubmu?"
Sübahir Qurbanov: "Ola bilər. Dəqiq deyə bilmərəm. Amma deyim ki, bəzən Vidadi Zeynalova tədbirlər üçün hədiyyələrin alınması üçün müraciət etmişəm".
Bu epizod üzrə Vidadi Zeynalov hakim Əfqan Hacıyevin sualına cavab verib. Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov buna etiraz edib: "Vidadi Zeynalov ifadə verməyib. Buna görə də onun suallara cavab verməsi mümkün deyil".
Hakim isə vəkilə xəbərdarlıq edib və yerindən danışmamasını bildirib: "Ceyhun Yusifova xəbərdarlıq yazın. Məhkəmə prosesini pozur. Vidadi Zeynalov nazirliyin aparat rəhbəri olub. Onun kifayət qədər savadı olub ki, o vəzifəni tutub. Özünün ağlı var və suallara cavab verə bilər. Siz yerinizdən müdaxilə etməyin".
Hakim: "Vidadi Zeynalov, siz nə deyə bilərsiniz? Sübahir Qurbanov pul almadığını deyir".
Vidadi Zeynalov: "Mən Sübahir Qurbanovu 1983-cü ildən tanıyıram. Ona şəxsən pul verməmişəm, pulun ona çatacağını da bilməmişəm. Sürücü gəlib, pulu nazirliyə göndərmişəm. Amma sürücünün kim olduğunu istintaqda üzləşmə zamanı tanımışam və Sübahir Qurbanovun sürücüsü olduğunu bilmişəm".
Məhkəmədə həbs edilən digər MTN generalı Teymur Quliyev də ifadə verib. O, nazirliyin Monitorimq Mərkəzinin rəhbəri olub. Ona qarşı əsas ittihamlar qanunsuz dinləmələrlə bağlıdır. O, da Vidadi Zeynalovdan aylıq 50 min manat alması haqda deyilənlərin doğru olmadığını bildirib. İstintaqa ifadəsini təsdiqlədiyini deyən general prokurorun suallarını cavablandırıb.
Teymur Quliyev əlavə edib ki, Vidadi Zeynalovla qonşu olub və 10 ildən artıqdır, bir-birlərini tanıyırlar. Vidadi Zeynalov da generalın ifadəsindən sonra bu epizod üzrə danışıb.
O, cavabında deyib ki, MTN-ə aylıq 50 min manat göndərməsi rəhbərliyin göstərişi olub: "Rəhbərlik deyib göndərmişəm. Dövlət əhəmiyyətli işlər üçün bu pulun lazım olduğu deyilirdi. Mən nə Sübahir Qurbanova, nə də Teymur Quliyevə vermişəm. Nazirliyə göndərmişəm".
General Teymur Quliyev isə bildirib ki, əgər Vidadi Zeynalovdan pul alsa idi, bunun üçün sürücü göndərməzdi: "Biz Vidadi Zeynalovla qonşuyuq. Lazım olsa pulu özüm alardım. Sürücünü bu işə qatmazdım".
Digər şahid Astara telefon qovşağının rəisi Ələkbər Həmzəyev olub. O, istintaqa ifadəsini təsdiqlədiyini söyləyib. Rəis olduğu müddətdə telefon qovaşağının təmir olunduğunu və binanı təmir edən şirkət nümayəndələrinin nazirlikdən göndərildiyini söyləyib. O, qovşağı başqa şirkətin təmir edə bilməyəcəyini, şirkətin nazirlik tərəfindən müəyyənləşdirildiyini söyləyib.
Digər şahid "Azərpoçt"un Azad Həmkarlar İttifaqının sədri Eldar Qasımov olub. O, həmçinin Tender Komissiyasının üzvü olduğunu da söyləyib.
İstintaqa ifadəsini təsdiq edən E.Qasımov tenderlərin nəticəsinin elan olunması haqda bunları söyləyib: "İşlərin görülməsi ilə bağlı tenderlər keçirilirdi. 3 zərfdə şirkətlərin layihələri hansı məbləğə icra etməsi ilə bağlı təklifləri olurdu. Ən aşağı qiymətə kim tələb olunan işi görməyi təklif edirdisə, həmin şirkət də qəbul edilirdi".
Məhkəmə prosesi yanvarın 27-də davam edəcək.
Qeyd edək ki, ittihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.
İlkin Muradov,
Musavat.com