Azərbaycanlı İŞİD terrorçusu ölkəmizi təhdid etdi: "Qan gölünə..."

6-02-2017, 13:36   
Azərbaycanlı İŞİD terrorçusu ölkəmizi təhdid etdi: "Qan gölünə..."

Bu şəkildə gördüyünüz şəxs Azərbaycanı qan gölünə çevirməklə hədələyib. Onun 4 dəqiqə 25 saniyəlik çıxışının videosu internet resurslarında və sosial şəbəkələrdə sürətlə yayılmaqdadır.

Təbliğat olmasın, terrorçuların əlinə oynamasın deyə həmin videonu burada paylaşmırıq, amma arxasında divara söykəli iki “Kalaşnikov” avtomatı duran, sir-sifətindən məşhur filmdəki Qəmlo personajına oxşayan terrorçunun işlətdiyi bəzi ifadələrdən oxucularımızın xəbərdar olması lazımdır.

Bu adam məzhəb savaşı gedən ölkələrdən birində - İraq və ya Suriyada oturaraq Azərbaycana, onun hakimiyyətinə hədə dolu mesajlar göndərir, həbsxanadakı müsəlmanların azadlığa buraxılmasını tələb edir.

“Müsəlman” deyərkən o, belə bir zəruri qeyd etməyi də lazım bilir: “Şiələri nəzərdə tutmuram”.

Belə aydın olur ki, özünü cihadçı hesab edən, ancaq mahiyyətcə məzhəb savaşçısı olan bu şəxs yalnız İŞİD-in tərkibində Suriya və İraqda döyüşdükdən sonra ölkəyə qayıdan və həbs olunan terrorçuları nəzərdə tutur.



Terrorçunun çıxışında bir sıra başqa ittihamlar və açıq hədələr də var. Ancaq onu maraqlandıran əsas məqam odur ki, “həbsxanada olan müsəlmanlar” azadlığa buraxılsın (o, bu tələbi üç dəfə səsləndirir) və onlar döyüş bölgələrinə “hicrət etsinlər”.

Terrorçu öz hədəsində turistik yerləri və bəzi başqa obyektləri partladacaqları təhdidini də səsləndirir.

Güman olunur ki, azərbaycanlı terrorçunun bu müraciətinin səbəbi son aylarda ciddi itkilərə məruz qalan İŞİD-in sıralarının seyrəlməsidir. Artıq İŞİD başqa ölkələrdən döyüşçü toplaya bilmir.

Onu da qeyd edək ki, hazırda Azərbaycanda həbsxanada olan “müsəlman”lar vaxtilə İŞİD-in tərkibində döyüş əməliyyatlarında iştirak ediblər və çətinliklə sağ qalaraq, terror təşkilatındakı atmosferdən bezərək, həbs olunacaqlarını bilə-bilə ölkəyə qayıdıblar.

Bu fotodakı insanlıq və islam düşmənini tanıyan varsa, xahiş olunur , musavat.com -un poçtuna yazsın:

Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar