Türkiyə vətəndaşı Bakıda döyüldüyünü iddia edir, polis təkzib edir, gecə klubunun müdiri isə... - FOTOLAR

6-02-2017, 15:04   


“Troya”da nə baş verib – olay gizlədilir, yoxsa ortada başqa məqamlar var?

Türkiyəli müğənni və aktyor Mahmut Akın Bakının mərkəzində yerləşən “Troya” gecə klubunda döyülüb.

Bu barədə sənətçinin özü musavat.com-a müraciətində bildirib. Hazırda Mədəniyyət və İncəsənət Universitetində magistr təhsili alan sənətçi yaşadığı hadisəni bu cür açıqlayıb: “Daimi olaraq “Troya” klubuna gedirdim. Orda bəzi xoşagəlməz olaylara şahid olurdum. Belə ki, Anar adlı inzibatçı qadın alveri ilə məşğul olur, gələn müştərilərə qadınlar təklif edirdi. Daimi o məkana gedib-gəldiyimdən klubun müdiri Çingizi yaxından tanıyırdım və bu barədə ona dedim. Müdir də həmin inzibatçını işdən çıxartdı.

Bundan sonra yenə də daimi olaraq gedirdim. 2016-cı ilin sentyabr ayının 7-də də həmin məkana getmişdim. Bu vaxt həmin inzibatçı da kluba gəlmişdi. Məni çölə söhbətə çağırdı. Dava salmaq istədiyini görən klubun nəzarətçiləri onu kənarlaşdırdılar. Buna baxmayaraq yenidən kluba qayıtdı. Sonradan məlum oldu ki, 5-6 dostu ilə birlikdə gəlib. Anar yenidən kluba qayıdan kimi məni söyməyə başladı. Bunun səbəbini soruşanda isə qarın nahiyəmə güclü zərbə vurdu. Daha sonra isə başı ilə üzümə vurdu”.

Şikayətçi deyib ki, zərbədən burnu ağır zədə alıb: “Özümə gəlməmiş, dostları da üstümə tökülüb mənə zərbələr vurmağa başladılar. Amma bu dəfə heç kim onları ayırmadı. Sən demə, məni döyənlərin arasında klubun sahibi Yaşar adlı şəxsin oğlu Əli də var imiş. Məni xeyli döydülər, əllərindən birtəhər qurtulub, klubun arxa tərəfində bir otağa sığındım. Olay bununla bitmədi, dostlar bu dəfə otağın qapısı ətrafına yığışıb məni ordan çıxartmağa çalışır, məni söyür, ölümlə hədələyirdilər. Bir az keçmiş dostların saqqalı dostları da gəlib çıxdı”.

Şikayətçi tək qaldığını, telefonunun üstündə olmadığı səbəbindən polisə zəng edə bilmədiyini deyib: “Səhərə qədər otaqda qalıb müdirin gəlməsini gözlədim. Müdir gəldikdən sonra başıma gələnlərdən agah oldu və mənə dedi ki, heç bir yerə şikayət etməyim, hər şey qaydasına düşəcək, məni özləri xəstəxanaya aparacaqlar”.

O, deyib ki, müdir onu “Semaşko” xəstəxanasına aparıb. Həkimlərə deyib ki, idmanla məşğul olanda burnu qırılıb: “Rentgen müayinəsindən məlum oldu ki, burnumun sol hissəsində sınıq var, təcili əməliyyat olunmalıdır. Xəstəxanadan çıxdıqdan sonra müdir mənə dedi ki, narahat olmayım, əməliyyat üçün köməklik göstəriləcək”.

Mahmut Akının sözlərinə görə, hadisədən uzun müddət keçməsinə baxmayaraq onunla heç kim maraqlanmayıb: “Hətta məni döyən şəxslər gəlib nə üzr istədilər, nə də zəng etdilər. İşi belə görüb, 102 xidmətinə zəng vurdum. Orda məni 39-cu bölməyə göndərdilər. Başıma gələnləri danışdım. Təhqiqatçı o klubun adını eşidən kimi dedi ki, məsələni həll edəcək. Bir neçə gündən sonra təhqiqatçı ilə əlaqə saxlayanda isə mənimlə fərqli danışmağa başladı. Dedi ki, “cavansız da, dalaşmaq da olar, söyüş söymək də”. Daha sonra isə ümumiyyətlə telefon zənglərimi açmadı. Qarşı tərəf polisə müraciət etdiyimi bilincə, mənimlə əlaqə saxlayıb, təhdidlər etməyə başladılar. Sonda isə bəlli oldu ki, guya ki, məni təkcə Anar adlı şəxs döyüb və o, 200 manat dəyərində cərimə olunub, vəssalam, işi beləcə bağlayıblar”.

Şikayətçi deyir ki, onun DİN rəhbərliyinə müraciətindən sonra məsələ təkrar araşdırılıb və yekun olaraq ona işin prokurorluğa göndəriləcəyi bildirilib.

Yazıda adı hallanan Səbayel rayon Polis İdarəsinin 39-cu polis bölməsinin təhqiqatçısı Rövşən Şahkərəmov musavat.com-a Mahmut Akının ittihamlarını rədd etdiyini deyib: “Mahmut Akın riyakarın birisidir. Məlumatı verəndə bildirib ki, “Sahil” metrosunun yanında tanımadığı şəxslər tərəfindən döyülüb. Xəstəxanaya müraciət edəndə bildirib ki, qapı onun burnuna dəyib. Ona görə onun araşdırması uzun çəkdi. Üstəlik ekspertiza da rəy verdi ki, heç də onun burnu qırılmayıb. Əgər rentgen müayinəsində bir xəsarət olsaydı, dərəcəsi təyin olunan yüngül az ağır xəsarət qeydə alınardı. Hadisə isə ayın 27-si olub, o isə bildirir ki, 5-6-sı baş verib. Onu döyən şəxs deyib ki, “bəli, döymüşəm”. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə görə həmin şəxs 157.1 maddəsi ilə cəzalandırılıb, cərimə olunub. Bir qərar vermişdik, lakin o, razılaşmadığı üçün iş Səbayel Polis İdarəsinə verildi. O, Azərbaycana gəlmiş mənfur bir insandır. Dediklərinin də hamısı yalandır.”

Bakı Şəhər Baş Polis İdarəsindən musavat.com-a bildirilib ki, məsələ ilə bağlı tezliklə açıqlama veriləcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə isə, məsələ ilə bağlı Cinayət Məcəlləsi ilə xuliqanlıq işi üzrə cinayət işi başlanılıb, hazırda istintaq gedir.

Hadisənin baş verdiyi “Troya” gecə klubunun mövqeyini öyrənməyə çalışdıq. Əməkdaşımıza verilən məlumata görə, hazırda klubun müdiri Hafiz adlı şəxsdir. O da məlum olub ki, bu şəxs adı qalmaqalda hallanan keçmiş müdir Çingiz adlı şəxsin qardaşıdır.

Hazırki müdir musavat.com-a açıqlama verərək hadisənin təfərrüatlarından danışıb: “Dava hər yerdə - toylarda, evin içində də olur. Hadisə haqqında o qədər məlumatım yoxdur. Amma bildiyim qədər Anar adlı şəxs ona kəllə vurub. Burnunun qırılmasına gəldikdə isə, məndə olan məlumata görə o, vaxtı ilə idmanla məşğul olub və burnu hadisədən əvvəl zədəli olub. Hadisə vaxtı isə aldığı zərbədən burnu ikinci dəfə qırılıb”.

Xatırladaq ki, “Troya” gecə klubunun adı bundan əvvəl də mətbuatda qalmaqallı hadisələrdə hallanıb. 2013-cü ildə isə adı çəkilən klubda 23 yaşlı gənc naməlum şəxslər tərəfindən bıçaqlanıb qətlə yetirilmişdi. 2014-cü ildə isə 22 yaşlı gənc qadın Afiyyət İsmayılova polisə müraciət edərək klubda mühafizəçilər tərəfindən döyüldüyü barədə şikayət etmişdi.

Xalidə Gəray,





Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar