Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ziya Məmmədov işsiz qalmasından danışdı: “Heç bilmirəm nə olacaq...”

13-02-2017, 15:21   
Ziya Məmmədov işsiz qalmasından danışdı: “Heç bilmirəm nə olacaq...”
Keçmiş nəqliyyat naziri Ziya Məmmədov başçılıq etdiyi nazirliyin nəhayət ləğv olunmasına və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsinə şərh verib. O, unikal.org-a deyib ki, sərəncam ölkə başçısı tərəfindən imzalanıbsa, bunu yüksək qiymətləndirir: "Aidiyyatı üzrə icra olunmasını zəruri hesab edirəm”.

“Bundan sonra hansı işlə məşğul olacaqsınız? - sualına sabiq nazir belə cavab verib: "Hələ sərəncamla tanış olmamışam. Oxuyum sonra bu barədə danışarıq”.

Keçmiş nazir müsavat.com-a da açıqlama verib. Bunları deyib: "Mən hələ bu haqda danışmaq və şərh vermək istəmirəm. Açığı heç özüm də bilmirəm ki, nolacaq, necə olacaq". Sabiq nazir "indən sonra hansı vəzifədə çalışacaqsınız, sizinlə bağlı təyinat olacaqmı" sualına belə cavab verib: "Bu barədə heç nə deyə bilmərəm. Öz başına deyiləm ki. Bu işlər mənim səlahiyyətimdə deyil".

* * *14:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.

Virtualaz.org-un məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında dövlət idarəetmə strukturunu təkmilləşdirmək, habelə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində dövlət siyasətini və tənzimlənməsini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və səmərəliliyi artırmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə Nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar:

2.2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".

Qeyd edək ki, İlham əliyevin digər sərəncamı ilə Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar