![](/uploads/posts/2017-07/thumbs/1499695122_1469689371519553998_1000x669.jpg)
Ölkədə son zamanlar müşahidə olunan iqtisadi böhran bəzi müəssisələrin bağlanması və ya müvəqqəti fəaliyyətini dayandırması ilə müşayiət olunur. Hətta bir sıra iri holdinqlər var ki, onların bölgələrdə fəaliyyət göstərən müəssisələrində iş dayanıb.
Cebhe.info hazırda həmin müəssisələrlə bağlı vəziyyəti araşdırmağa çalışıb.
İlk növbədə “Gilan Holdinq”lə əlaqə saxladıq, “Gilan Dəri Zavodu”na zəng etdik. Məlum oldu ki, zavodun saytında qeyd olunan telefon nömrələri işləmir.
“Lənkəran Konserv zavodu”, “Qəbələ Fındıq Zavodu”nun qeyd olunan nömrələri ilə bağlı da vəziyyət eyni oldu. “Gilan Agrotech”in isə heç bir nömrəsi qeyd olunmayıb. “Gilan Zeytun Zavodu” isə daxil olan zəngləri qəbul etmir. Yalnız “Gilan Dəyirman Zavodu”, “Gilan Pianino Zavodu” və “Gilan Lift Zavodu” ilə əlaqə qura bildik.
“Gilan Dəyirman Zavodu”ndan bildirildi ki, hazırda formal olaraq fəaliyyətlərini davam etdirirlər. Zığ ərazisində yerləşən zavod Milli Parkla bağlı layihə yekunlaşdıqdan sonra fəaliyyətini dayanadıracaq. Əlaqə saxladığımız əlaqədar şəxs Yeganə Aslanova suallarımızı belə cavabladı:
“Hələ ki, formal olaraq fəaliyyətimiz davam edir. Hazırda 2 işçimiz var, onlar da mühafizə sistemindədir. Maaş "Gilan" tərəfindən verilir, ya verilmir, bimirəm. Gəlib, gedirlər. Əmək kitabçaları var”.
“Karmen” MMC Makaron Fabriki isə şifahi sorğumuzu cavablandırmaqdan imtina etdi. Öncə müəssənin özü ilə əlaqə saxlamağımızı lazım bildilər. Daha sonra isə elektron ünvana sorğu göndərməyimiz tövsiyə edildi.
“Veysəloğlu” Şirkətlər Qrupu ilə də əlaqə saxladıq. Məlum oldu ki, Bakı Baş Ofisinin satış komandası 662 nəfərdən, aktiv müştəri komandası isə 5892 marketdən ibarətdir. Anbar ərazisi 2772 kvadrat metr olan Salyan filialının satış komandası 144 nəfərdən, aktiv müştəri komandası isə 2255 marketdən ibarətdir. Bu filiala Salyan, Sabirabad, Lənkəran daxildir. Mingəçevir filialına isə Gəncə, Bərdə, Şəki daxildir. Şirkətin Mingəçevir filialının satış komandası 270 nəfərdən, aktiv müştəri sayı isə 4253 marketdən ibarətdir. Şirkətin bölgələr üzrə filialları ilə əlaqə saxladıq. “Gilan Holdinq”dən fərqli olaraq yığdığımız nömrələr aktiv idi.
Nigar Cahid
Cebhe.info