Naxçıvan hakim elitasının nüfuzlu üzvlərindən biri – Muxtar Respublika baş nazirinin müavini – kənd təsərrüfatı naziri Məmməd Abbasov 5 il əvvəl məhz bu günlərdə (4 fevral 2013-cü ildə) gözlənilmədən tutduğu vəzifələrdən azad olunmuşdu.
Sovetlər dövründən başlayaraq, uzun illər müxtəlif yüksək vəzifələrdə çalışmış Məmməd Abbasovun gözlənilmədən Ali Məclisin sədri tərəfindən hökumət üzvlərinin müşavirəsində vəzifəsindən azad olunması Naxçıvanda şok effektini vermişdi. Nədən ki, cəmiyyət arasında böyük nüfuz sahibi olan M.Abbasovun sıradan bir məmur olmadığını Naxçıvanda hamı çox yaxşı bilirdi.
Sözügedən müşavirədə M.Abbasovun özü iştirak etməmişdi – məzuniyyətdə olduğu üçün. Bəs nə baş vermişdi ki, M.Abbasov kimi nüfuz sahibi, avtoritet, məzuniyyətdə olduğu halda tutduğu vəzifələrdən azad olunmuşdu?
O vaxt “AzPolitika” bu sualın arxasınca getmiş, Naxçıvan hökumətindəki mənbələri vasitəsilə M.Abbasovun “vurulmasının” səbəblərini öyrənməyə çalışmışdı. Əksər mənbələr bir versiyanın üzərində dururdu: M. Abbasov Vasif Talıbovdan xaricdə müalicə və istirahət üçün icazə istəyib. Ali Məclisin sədri də icazə verib və hətta onun xərclərinin qarşılanmasını da tapşırıb. Lakin bir neçə gündən sonra Məmməd Abbasovun Moskvada Abbas Abbasovla görüşməsi xəbəri gəlib. V. Talıbov bu xəbərdən möhkəm qəzəblənərək M. Abbasovun geri dönməsini gözləmədən onu işdən çıxarıb…
Bir qədər sonra əksər saytların elektron poçtuna “Halit Erenler” adlı istifadəçidən göndərilən məktubda isə iddia olunurdu ki, Məmməd Abbasov İstanbulda da Abbas Abbasov və Cəmil Həsənli ilə görüş keçirib…
Məmməd Abbasovla təsadüfi görüş…
5 il əvvəl baş vermiş bu hadisələri xatırlamağımız təsadüfi deyil. “AzPolitika”nın əməkdaşı bugünlərdə Bakıda təsadüfən Məmməd Abbasovla qarşılaşıb və israrla ondan yuxarıda barəsində söz açdığımız məsələlər barəsində açıqlama, münasibət istəyib.
Məmməd müəllim “AzPolitika”nın o vaxt yazdıqlarını olduğu kimi xatırlayıb, incikliyini biruzə verib, lakin hətta indi də bu haqda danışmaq, cavab vermək istəmədiyini bildirib.
Əməkdaşımızın israrından sonra bəzi məsələləri aydınlaşdırmağa razılaşıb: “Vasif müəllimlə biz 20 ilə yaxın bir yerdə işlədik, aramızda heç bir inciklik olmadı. Hətta başqalarI ilə müqayisədə həm yaşlı nəslin bir nümayəndəsi kimi, həm də ata-babalarımız arasında keçmişin çətin zamanlarına dayanan ehtirama görə, mənə xüsusi müsbət münasibət göstərirdi. Aramızdakı bu qarşılıqlı hörmət və xoş münasibət ətrafda olan bir sıra rəhbər işçilərin qısqanclığına, paxıllığına səbəb olduğundan, onlar son vaxtlar Ali Məclisin sədrinə mənimlə bağlı işdən kənar mövzularda yalan, əsassız məlumatlar verirdilər. Sözsüz ki, bu da münasibətlərin müəyyən qədər korlanmasına səbəb olmuşdu. 4 fevral 2013-cü il tarixli müşavirədə iştirak etməməyim isə artıq vəzifədən azad olunmağıma şərait yaratdı. Ali Məclisin sədri Muxtar Respublika Konstitusiyasının ona verdiyi səlahiyyətlərdən istifadə edərək, bu qərarı qəbul etdi.
O ki qaldı mən vəzifədən azad olunandan sonra yalan və böhtanlar yayan insanlara, zamanla həmin insanların özlərinin necə xəyanətkar olduqları üzə çıxdı və layiqli cəzalarını da aldılar. O vaxt yayılan bu şayiələrin hamısı yalan və böhtan idi”.
“İşdən azad olunanda ölkəni tərk etməmişdim…”
M. Abbasov əlavə edib ki, fevralın 4-də işdən azad olunanda o, hələ heç ölkəni tərk etməyibmiş: “Belə olduğu halda mən necə Moskvada kiminləsə görüşə bilərdim?Fevralın 5-də mən Bakıdan Naxçıvana qayıtdım. Əmək kitabçamı alıb, pensiyaya çıxmağımı rəsmiləşdirdim. Nazirliyin kollektivi ilə görüşüb, vidalaşdıqdan sonra yenidən Bakıya qayıtdım, burdan isə Yessentukiyə – “Moskva” sanatoriyasına müalicəyə getdim. Bundan sonra mənim haqqımda ictimaiyyət arasında mənfi rəy yaratmaq məqsədilə yalan və böhtanlar yayılmağa başlandı. İstanbul məsələsinə gəldikdə… Vaxtilə dövlət səviyyəsində əməkdaşlıq etdiyimiz türk dostlarımızın dəvətilə mən Ankara şəhərinə getmişdim. Təbii ki, gizli yolla yox, Sədərək kömrük-keçid məntəqəsi vasitəsilə. Bunu bilən xəyanətkar, satqın xəfiyyə məmurları həmin səfərə o cür don geyindirmişdilər”.
“Mən simasını, əqidəsini hər gün dəyişən adamlardan deyiləm!”
“Bəs hazırda nə işlə məşğul olursunuz” sualına baş nazirin sabiq müavini belə cavab verib: “İstirahət edirəm. 47 ildən artıq iş stajım var, onun 32 ilini dövlət qulluğunda keçirmişəm. Çoxdankı arzum idi ki, təqaüdə çıxım, sərbəst yaşayım, ev-ailə qayğılarilə məşğul olum, nəvələrimlə vaxt keçirim. Eyni zamanda ölkəmizin gəzməli-görməli rayonlarına, xaricə səfərlər edim. Artıq 5 ildir ki, bu arzularım həyata keçir. Mənə daha nə lazımdır?!”
M.Abbasov siyasətlə məşğul olmasa da, Naxçıvana gedəndə üzv kimi qeydiyyatda olduğu YAP-ın Naxçıvan Şəhət Təşkilatına baş çəkdiyini deyir: “Mən simasını, əqidəsini hər gün dəyişən adamlardan deyiləm! Yalnız bir şeyə təəssüf edirəm: mən vəzifədən azad olunandan sonra kiçik oğlum işlədiyi yerdə naziri tərəfindən daim təqib olundu. Elə bir şərait yaratdı ki, oğlum xidmətin 20 ili tamam olduqdan sonra tərxis olunmağa məcbur oldu. 2 dəfə dövlət çevrilişi cəhdinin qarşısının alınmasında iştirak edən, 3 dəfə qüsursuz fəaliyyətinə görə medalla təltif olunan, sıravi əsgərdən polkovnik-leytenant rütbəsinədək yüksələn zabit 39 yaşında təqaüdə çıxdı. Təsadüfi, xəyanətkar nazir-general bu tərxisi rəsmiləşdirən zaman onun dərəcələrini ləğv etdi və rəhbərliyə yenə də yalan məlumatlar verdi. Lakin zaman hər şeyi öz yerinə qoyur. Son illərdə o cür təsadüfi rəhbər vəzifəlilərin aqibətini hamı gördü…”.
Rasim ƏLİYEV
AzPolitika.info