Fransa polisi ölkənin keçmiş prezidenti Nikola Sarkozini saxlayıb. “Reuters”xəbər verir ki, o, prezident seçkiləri zamanı siyasi kampaniyanın maliyyələşdirilməsində qanun pozuntularında ittiham olunur.
Eks-prezident öz seçki kampaniyası üçün Liviyadan qeyri-qanuni vəsaitlərin cəlb edilməsi ilə bağlı istintaqa cəlb olunub.
N.Sarkozi 2007-2012-ci illərdə Fransa prezidenti olub.
Onunla bərabər prezidentliyi dövründə bir sıra nazir postlarını tutmuş Bris Ortyefyo da saxlanılıb.
Məlumata görə, Nanter şəhərində ədliyyə polisinin binasında hər iki şəxsin ifadəsi alınır. Fransa qanunvericiliyinə əsasən, N. Sarkozi 48 saata qədər saxlana bilər. Bu müddətdən sonra ya ona qarşı ittiham irəli sürülməli, ya da azadlığa buraxılmalıdır.
Liviya hakimiyyəti N. Sarkozinin prezident seçkiləri kampaniyasını maliyyələşdirdiyini ilə dəfə 2011-ci ilin martında bəyan edib. Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğlu Seyfülislam Qəddafi “Euronews” telekanalına müsahibəsində həmin vaxt prezident postunu tutan N. Sarkozinin Liviya hökumətindən maliyyə yardımı almasını etiraf etməsini istəmişdi. Daha sonra Fransada müstəqil jurnalistlərin apardıqları araşdırma bu məlumatı təsdiqləyib. Vasitəçilər də istintaqa ifadələrində Liviyadan gətirilmiş bir neçə çamadan pulu N. Sarkozinin nümayəndələrinə verdiklərini bildiriblər. Söhbət 5 milyon avrodan çox puldan gedir. N. Sarkozi isə indiyə qədər bunu təkzib edib.
N. Sarkozi bundan əvvəl “L’Oreal” şirkətinin sahibi Lilian Bettankur tərəfindən 2007-ci ildə seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi ilə bağlı saxlanılıb, daha sonra bu işlə bağlı ittiham üzərindən götürülüb.