RUSİYANIN AZƏRBAYCANDAKI YENİ SƏFİRİ KİMDİR?

3-04-2018, 08:15   


Məlum olduğu kimi, Rusiya Dövlət Duması Azərbaycanda yeni səfirin namizədliyini təsdiqləyib. Bu, Mixail Boçarnikovdur.

 

Musavat.com bildirir ki, adıçəkilən diplomat bundan əvvəl Rusiyanın Qazaxıstandakı səfiri olub.

 

Politoloq Elxan Şahinoğlu bu qərara münasibət bildirən yazı ilə çıxış edib. Musavat.com müəllifin sosial şəbəkələrdə yaydığı həmin məqaləni təqdim edir.

 

"Nəhayət Rusiya Azərbaycana göndərmək istədiyi səfirinin adını açıqlayıb. Dövlət Duması Azərbaycanda yeni səfirin namizədliyini təsdiqləyib. Bu, Mixail Boçarnikovdur. Adı çəkilən diplomat bundan əvvəl Rusiyanın Qazaxıstandakı səfiri olub. Bir az araşdırdım, Mixail Boçarnikov Rusiya-Qazaxıstan münasibətlərinin inkişafı üçün az iş görməyib. Ancaq onun verdiyi son müsahibədə bir fikir diqqətimi çəkdi, səfirin sözlərindən belə çıxırdı ki, Qazaxıstan rəhbərliyi bu ölkədə yaşayan rusdilli əhaliyə daha çox diqqət göstərməlidir. Yəni dolayısıla belə çıxırdı ki, rusiyalı diplomat Qazaxıstan prezidenti Nursultan Nazarbayevin milli siyasətindən narazıdır. Bu sözləri unutmayaq. Çünki bu diplomat Azərbaycana təyin olunduqdan sonra əlindən gələn hər şeyi edəcək ki, Rusiyanın ölkəmizə təsir imkanları azalmasın, bəlkə də artsın.

 

Azərbaycan XİN-nin yeni səfirlə bağlı mövqeyini bilmək maraqlı olardı, bu diplomatla bağlı problem yoxdur ki? Çünki ötən dəfə Moskva Azərbaycana elə birisini səfir təyin etmək istəyirdi ki, Gürcüstanda separatçılara açıq dəstək vermişdi. Beləsi erməni separatçılarına da dəstək verərdi. Bu səbəbdən rəsmi Bakı haqlı olaraq Moskvanın göndərmək istədiyi həmin diplomata aqreman vermədi. Məsələnin qəliz tərəfi həm də odur ki, Azərbaycana göndərilməsi planlaşdırılan Mixail Boçarnikovu Dövlət Dumasında Rusiya parlamentinin MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavini Konstantin Zatulin təqdim edib. Bu, o Zatulindir ki, erməni işğalını dəstəkləyir, hər dəfə fürsət düşən kimi Azərbaycan cəmiyyətini və prezidentini aşağılamağa çalışır. Onun və Qarabağ məsələsində Ermənistana simpatiyası olan xarici işlər naziri Sergey Lavrovun Azərbaycana göndərmək istədiyi səfirdən şübhələnmək haqqımızdır".

 

Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar