Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsində deputat Elmira Axundovanın oğlu Həbib Axundovun da adı keçən cinayət işi istintaq olunur. AzEuroNews.com xəbər verir ki, iş üzrə 10-a yaxın zərərçəkən var. Məsələnin mahiyəti budur ki, 2012-ci ildən başlayaraq Həbib Axundov dostu Elnur İbrahimovla iş qurduğunu bildirib. Ətrafında olan dost-tanışlara deyib ki, anası, deputat Elmira Axundova Elnur İbrahimov üçün tenderlər udub, Elnur İbrahimov Dubaydan ofis ləvazimatları, əsasən katric gətirərək müxtəlif nazirlikləri təmin edir və bu biznesə yatırım etməklə yaxşı qazanc əldə etmək olar. Beləliklə, bu gün Elnur İbrahimovun təqsirləndirilən şəxs olduğu iş üzrə Həbib Axundov xaric zərərçəkənlərdən 8 milyon manata yaxın pul toplanıb. Həbib Axundovun təbliğatı, təhriki və birbaşa iştirakı ilə onun dost-tanışı Elnur İbrahimovun faktiki mövcud olmayan şirkətinə külli miqdarda pul qoyublar.
Elnur İbrahimovun şirkətinin olmadığını, Elmira Axundovanın onun üçün tender udmadığını zərərçəkənlər çox sonra biliblər. Bunu bilənə qədər isə bir neçə ay yenə də Həbib Axundovun vasitəsi ilə Elnur İbrahimovun olmayan biznesinə pul yatırıblar. Onları şirkətin varlığına inandırmaq üçün aylarla dividend də ödəyiblər. Günlərin birində isə olmayan biznesin çökməsi haqda pul sahiblərinə məlumat verilib. Həbib Axundov və Elnur İbrahimov dividend ödənişini dayandırıblar. Bunun səbəbini izah etməyiblər. Sonradan isə real zərərçəkənlərə aydın olub ki, Həbib Axundovla Elnur İbrahimov sadəcə piramida yaradıblar. Azərbaycan hüquq-mühafizə orqanları Elnur İbrahimov barəsində 2014-cü ilin iyulunda Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə (külli miqdarda dələduzluq) cinayət işi başlayıb. Xətai Rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qəti-imkan tədbiri seçilib. Amma Elnur İbrahimov həbs olunmayıb. O, Qəbələyə gedərək orada musiqi festivalında iştirak edən Elmira Axundova ilə görüşüb. Həmin görüşdən sonra Elnur İbrahimov Gürcüstana, oradan isə Moskvaya gedərək uzun müddət orada gizlənib, istintaqdan yayınıb.
Həmin müddətdə Həbib Axundovdan savayı hər kəs hüquq mühafizə orqanlarına ardıcıl şikayətlər yazaraq Elnur İbrahimovun yerinin müəyyən edilərək istintaqa cəlb edilməsini istəyiblər. Həmin günlərdə Həbib Axundovla anası Elmira Axundova isə Elnur İbrahimovun həbsini tələb edən zərərçəkənləri məhkəməyə veriblər.
2017-ci ilin dekabrında Elnur İbrahimov Rusiyadan Azərbaycana gətirildi. Bu gün Həbib Axundov da dostu Elnur İbrahimovun işi üzrə zərərçəkəndir.
Axundovlar bir tərəfdən zərərçəkənləri məhkəməyə verir, digər tərəfdən özləri də zərərçəkənə çevirilirlər. İlk baxışdan bu addımlar məntiqsiz görünsə də, əslində düşünülmüş bir sxem üzrə hərəkətlilik ortadadır.
Hazırda Bakı Şəhər Baş Polis İdarəsində istintaq işi davam edir. Real zərərçəkənlər istintaqın gedişindən narazıdırlar. Deyirlər ki, istintaq obyektiv aparılmır, müstəntiq Ramin Məhərrəmov Həbib Axundovla bağlı vəsatətləri çıxdaş edir, yaxına buraxmır. Bu arada Həbib Axundovun iş üzrə zərərçəkən Fərman Məmmədovla səs yazısı da yayılıb. Həmin səs yazısını təqdim edirik:
“Dyadya Fərman, 2-3 gündür mama ilə məsləhətləşirik. Davayte ne ssoritsya s vami (Gəlin sizinlə mübahisə etməyək). Mama tikinti ilə bağlı düşünmədən danışıb, bu da Kamaləddinin (fövqəladə hallar naziri Kəmaləddin Heydərovu nəzərdə tutur) xoşuna gəlməyib. Buna görə də FHN-dən gəlir mənbələri bağlanıb. Bundan başqa Masallıda məktəb tikintisi işi olub. Məktəb tikintisi işi də alınmadı”.
Səs yazısının digər hissəsində Həbib Axundov Fərman Məmmədova deyir: “Bu dəqiqə sizə 450 min borcum var. Yesli bı ya bıl bı oğraşom, padonkom bıl bı, deyərdim ki, pulum yoxdur. Siz mənə nə edəcəkdiniz ki? Öldürməyəcəkdiniz ki məni? Mən qələt edərəm belə şey deyərəm.Mən sizə təmiz deyim. 300 mini kredit götürüb verirəm. 150 mini işlər yaxşı getsə qaytarım. Olmasa baxarıq”.
Maraqlıdır ki, səs yazısı istintaqa bir neçə ay əvvəl təqdim olunsa da, deputat oğlunun əməli araşdırılmır.
Redaksiyadan: Mövzu ilə bağlı yazıda adı çəkilən şəxslərin də mövqeyini öyrənib dərc etməyə hazırıq…