Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğluna məxsus hotel-apartamentdə yanğının dərhal ölkənin bir nömrəli xəbərinə çevrilməsi bu olaya xüsusi diqqət yetirilməsini zəruri edir. Yəni ölkədə, demək olar ki, hər gün yanğılar olur və dünənki olay kimi insan itkisi olmadan ötüşdüyü üçün diqqət çəkmir, mediada da adi xəbər kateqoriyasına aid edilir.
İstifadəyə verilməsə də, hər gecə işıqları bərq (gəl-gəl deyən) vuran Məmmədovların dəbdəbəli binasında yanğın isə dərhal ölkədə bütün xəbərləri üstələdi. Halbuki, Ziya Məmmədov artıq ilyarımdan çoxdur nazir deyil. Oğlu Anar Məmmədovu ara-sıra media yada salmasa, o da unudulub. A.Məmmədovun cəmiyyətdə populyar olmayan qayınatası Heydər Əsədov da seçkidən sonra nazir kürsüsünü itirib və qeyblərə qarışıb.
Bəs niyə bu yanğın bu qədər diqqət çəkdi? Demək, bu yanğında hansısa bir müəmma varsa, məhz bu cür reaksiya olacağı əvvəlcədən proqnozlaşdırıla bilərdi. O binanın Məmmədovlara aid olduğunu hər gün yanından keçən məktəbli də bilir, ömründə qəzet oxumayan fəhlə də... Bura Bakıda əlini uzadıb dəqiqliklə “bu, filankəsin hotelidir” deyilən azsaylı məkanlardan bəlkə də ən məşhurudur.
Daha bir maraqlı detal. Məmmədovlar heç vaxt demokratik təfəkkür sahibi olmayıblar. Amma respublikaçı Trampa yol tapandan sonra bu göydələn-apartamenti az qala ABŞ-ı assosiasiya edən obyekt kimi qələmə verməyə çalışırdılar. Yadınıza salın, Trampın sensasion seçki qələbəsi elan olunanda Məmmədovlar Bakıda az qala atəşfəşanlıq etmək istəyirdilər. Yanğının xarici mediada doğurduğu diqqətin əsas səbəbi isə vaxtilə Tramp brendi daşıması oldu. İlginc deyilmi? Məmmədovları Azərbaycanda, Trampı dünyada tanımayan varmı?
Yanğının Bakıda mötəbər iki yarışmanın - “Formula -1" və Bədii Gimnastika üzrə Dünya Kubokunun keçirildiyi vaxt baş verməsi xəbər məkanında gözlənilən reaksiyanı verdi. 2015-ci il Avropa Oyunlarına sayılı günlər qalmış Azadlıq prospektindəki yaşayış binasında baş vermiş dəhşətli yanğında 15 nəfərin həlak olması da eyni reaksiya doğurmuşdu. Ölkədə minlərlə turistin olduğu bir vaxtda şəhərin mərkəzində bir gündə iki dəfə yanğın olursa, bunu diqqətə almaq lazımdır. Şübhə yoxdur k, hökumətin müvafiq strukturları da bu ”təsadüf" məsələlərini ciddi araşdıracaq. Unutmaq olmaz ki, öllkəmizin bədxahlarının məhz Azərbaycanda miqyaslı mötəbər tədbirlər olanda “sancıları” daha da artır....
Məmmədovların hakimiyyətlə yolları ayrılandan sonra onların biznesinə və azadlıqlarına xüsusi təhlükə olması barədə hər hansı səhih informasiya yoxdur. Bizneslərinin müəyyən hissəsini özləri satıblar ki, bu da gözlənilən idi. Yəni Məmmədovların itirdikləri mövqelərə görə iqtidardan narazılıqları deyil, həbsxanada olmadıqları üçün olsa-olsa, şükranlıqları var. Bu səbəbdən Məmmədovlar bu yanğında zərərçəkmiş kimi görünürlər və onların bu kimi “təxribata bənzər” əmələ əl ata biləcəkləri ağlabatan görünmür. Əgər Məmmədovlar hansısa səbəbdən (məsələn, alqı-satqıya görə) bir-birlərinə qənim kəsilməyiblərsə, adamlar Bakının mərkəzində “oturduqları budağı” niyə kəssinlər ki....
Əgər bu hadisə işçilərin məsuliyyətsizlikdən baş veribsə, o halda Məmmədovlar hadisənin araşdırılması üçün qollarını çırmalamalıdırlar.
Bu yanğında qəribəliklərdən biri də bayaq qeyd etdiyimiz kimi, ABŞ prezidentinin adının hallanmasıdır. Halbuki Tramp brendi o, Ağ Evə hələ köçməməmişdən Bakıdakı binanın üzərindən götürülmüşdü. Amma yenə də çox qəribədir ki, xüsusən Rusiya xəbər agentlikləri Trampın adını hallandırdı. O Trampın ki, yanğından iki gün əvvəl Bakıya məktub göndərmişdi və 11 aprel seçkisindən sonrakı dönəmdə Azərbaycanla əməkdaşlığın genişləndirilməsindən söz açmışdı...
“YM”