Qarabağ klanının Ermənistanda daxili siyasi məsələlərdə güc tətbiq etməyə hazırlaşdığı istisna edilmir.Bu sözləri
Axar.az-a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Politoloq hesab edir ki, Ermənistanda gedən proseslərə Qarabağ klanının nəzarətində olan hərbçilərin cəlbi mümkündür:
“Birincisi, ermənilər Ermənistandakı daxili gərginliyi azaltmaq üçün həmişəki kimi bu dəfə də “Azərbaycan təhlükəsi” məsələsindən istifadə edəcəklər. İkincisi, Qarabağ klanına tabe olan qüvvələrin daxili siyasi proseslərdə istifadə oluna biləcəyini istisna etmirəm. 10 il bundan qabaq Sərkisyanın “seçilməsindən” sonra ölkədə gərginlik yaşandı və nümayişçilərə qarşı güc tətbiq olundu. Hətta bəzi mənbələrdən o da məlum oldu ki, məhz Qarabağdan gələn qüvvələrin və silahlı dəstələrin Ermənistanda nümayişçilərə qarşı güc tətbiq etməsi nəticəsində dinc aksiyaçılar öldürüldü. Bu təcrübə mövcuddur və hesab edirəm ki, yenidən Dağlıq Qarabağ qondarma qurumu daxili siyasi proseslərə cəlb oluna bilər”.
Politoloq Ermənistanda nümayişçilərə qarşı güc tətbiq olunacağı təqdirdə ölkədə bir çox hadisələrin baş verəcəyini deyib: “Təbii ki, bu qanlı ssenarinin ikinci dəfə təkrarlanmasının nəticələri də çox ağır olacaq”.
T.Zülfüqarov Nikol Paşinyanın Respublika Partiyasının ona dəstək verəcəyi ilə bağlı son bəyanatı ilə bağlı deyib ki, Ermənistanda baş nazirin seçkilərlə müəyyənləşəcəyinə inanmır:
“Hər halda, təzyiqlərin baş verəcəyi istisna edilmir və bu fonda seçkilər günü parlamentin qarşısında böyük bir izdihamın yaşanacağı gözləniləndir. Respublika Partiyasının seçkilərdə Paşinyanı dəstəkləyib-dəstəkləməyəcəyini demək olduqca çətindir. Vəziyyət gərgin olaraq qalır”.
Politoloq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun İrəvanla bağlı növbəti soyuqqanlı yanaşmasının səbəblərinə də aydınlıq gətirib:
“Rusiya soyuqqanlı davranır və bunun səbəbləri ayrıdır. Moskva artıq İrəvana marağını itirir. Hərbi, iqtisadi cəhətdən Ermənistan Rusiya üçün heç bir önəm kəsb etmir. Ona görə Rusiya tərəfindən Ermənistana açıq soyuqqanlılıq nümayiş olunur. Bu fonda ABŞ və Rusiyanın bəyanatları da üst-üstə düşür: yəni bu, Ermənistanın daxili məsələsidir və konstitusiya çərçivəsində həll edilməlidir”.