[media=//www.youtube.com/watch?v=S1QFHCDrmMY]
İsmayıl Məmmədov su balonlarını da əlinə alıb yaxınlıqdakı Respublika Klinik Xəstəxanasına gedir. O, Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxananın sakinidir. "3 gündür suyumuz yoxdur. Qəza oldu, işıq yanmadı, onu başa düşdük. Dünəndən işıq var, amma su hələ də yoxdur"- İsmayıl Məmmədov deyir.
Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş verən qəzanın ardınca ölkəboyu elektrik, su kəsilib. Hadisədən 3 gün keçib və elektrikin verilməsi bərpa olunsa da, Şərifzadə küçəsi sakinləri hələ də susuzdurlar.
"Burada bir kəndin əhalisi yaşayır. 3 gündür bura su gəlmir. Kanalizasiya aşıb-daşır. İçməli suyu da demirəm, əlimizi yumağa su tapmırıq. Prezidentin dediyi sözləri eşidirik, amma onu heç kim vecinə almır"-məcburi köçkün Bəhmən Qocayev deyir.
"İçməyə, yuyunmağa su yoxdur. Uşaqlar kirli qalıblar. Camaat utandığından bankaları torbaya qoyub, xəstəxananın həyətindən su daşıyırlar. Həm də Azərbaycan kimi yerdə - ora-bura su verir. Dənizimiz, çayımız, sərvətimiz var. Bircə işləyən yoxdur. Bu da prezidentimizə qarşı təxribatdır"-məcburi köçkün danışır.
"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı mətbuata bildirib ki, partlayış nəticəsində Kür və Ceyranbatan sutəmizləyici qurğularında suyun emalı dayanıb. Alternativ xətlər isə şəhəri su ilə təmin edən elektrik nasosları üçün yetərli deyil.
Yataqxana sakinləri onu da deyirlər ki, baş verənlər onlar üçün yenilik deyil. Yataqxana ilə xəstəxana arasındakı yola da, susuzluğun çətinliklərinə də bələddirlər. Ancaq bu problemin nə zaman çözüləcəyini bilmirlər.