ABŞ Ermənistan üçün ağır şərtini açıqladı – Bakı üçün siqnal

10-07-2018, 09:13   


Amerikanın İrəvandakı səfirindən Paşinyanın Brüssel səfəri ərəfəsi maraqlı mesajlar; Ağ Ev Ermənistana ciddi maliyyə köməyi göstərməyə tələsmir və “Yol xəritəsi” təklif edir – səbəb

ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz “Amerikanın səsi” radiosuna (erməni redaksiyası) müsahibə verib. “Yeni Müsavat”ın məlumatına görə, diplomat işğalçı ölkədə hakimiyyət çevrilişindən sonrakı iki ayda gedən proseslərə yekunvari münasibət bildirib.

Diplomat Amerikanın Ermənistanla əməkdaşlığının stimullaşdırılması üçün vacib olan məsələlərdən danışıb, Ermənistan iqtisadiyyatına ABŞ sərmayəsinin qoyulması imkanlarından söz açıb. Erməni qaynağının yazdığına görə, mayın 8-də ölkədə situasiya keyfiyyət dəyişikliyinə məruz qaldığı üçün amerikalı səfir bunu “ikitərəfli əlaqələrin inkişafı üçün böyük şans” olaraq qiymətləndirib. 

“Hesab edirəm ki, əgər yeni hökumət korrupsiyanın qarşısını almaqda və məhkəmə sisteminin müstəqilliyini təmin eləməkdə tərəqqiyə nail ola bilsə, o zaman ikitərəfli ticarətin və əməkdaşlığın həcmi daha da artacaq. Çünki son 3 ildə mən səfir olaraq həm amerikalı biznesmenlərdən, həm də erməni iş adamlarından sahibkarlığın inkişafı önündə əsas maneə kimi oyun qaydalarının ədalətli olmaması barədə dəfələrlə şikayətlər eşitmişəm. Yəni sistem birinə qarşı daha yumşaq, digərinə qarşı isə başqa cürdür”, - deyə diplomat Ermənistanda korrupsiyanın nə dərəcədə dərinə işlədiyinə işarə vurub.

Yəni faktiki surətdə ABŞ rəsmi elçisi bununla növbəti dəfə Paşinyan iqtidarının diqqətinə çatdırıb ki, bu sahədə sistemli dəyişikliklərə ehtiyac var, səthi islahatlar Vaşinqtonu qane etməyəcək və demək, böyük ABŞ sərmayələrinə və himayəsinə ümid eləməyə də dəyməz.

Riçard Millz ile ilgili görsel sonucu

Bu, Paşinyana ABŞ-ın ən mühüm mesajı və ya şərti sayıla bilər. “Hesab edirəm ki, ədalətli sistemin bərqərar olması, problemin sistemli şəklində aradan qaldırılması üçün yeni strukturları gücləndirmək, yeni qanunlar hazırlamaq da vacibdir”, - deyə diplomat qeyd edib.

*****

Şübhəsiz ki, korrupsiya ilə mübarizə qanunverici səviyyədə də vacibdir və yeni qanunlar hazırlanmalıdır. Ancaq Ermənistanın indiki parlamentində Sərkisyan rejiminin təmsilçiləri üstünlükdədir. Onların köklü islahatlara kömək edəcək yeni qanunverici aktların qəbul edilməsinə yardımçı olacağını düşünməyə dəymir.

Qalır növbədənkənar parlament seçkilərinin keçirilməsi. Paşinyan və komandası isə bu seçkilərə köhnə Seçki Məcəlləsi ilə və xalqın durumunda yaxşılaşma olmadan getmək istəmir. Korrupsiya qaldıqca da əhalinin güzəranını yaxşılaşdırmaq mümkün deyil. Necə deyərlər, burada dairə qapanır.

“Biz bir şeydə yekdillik ki, ölkədə qanuni, ədalətli parlament seçkiləri keçirilməlidir. Özü də bu seçkilər, onları ədalətli təşkil eləmək mümkün olacağı təqdirdə maksimum tez reallaşmalıdır. Bu, doğrudan da çox mühümdür. Biz prosesə kömək eləmək istəyirik” - bu sözləri də müsahibəsində səfir Millz söyləyib.

 

Diplomatın son fikirləri əslində Paşinyan hökumətinə aydın mesajdır ki, Ermənistanın yeni hakimiyyəti hansı halda və hansı şərtlər altında Amerikanın real maliyyə və başqa dəstəyinə ümid bəsləyə bilər. Bu, həmçinin o anlama gəlir ki, ABŞ, xaricdəki imkanlı erməni lobbisi böyük maliyyə dəstəyi məsələsində hələ bir müddət də, ən azından növbədənkənar seçkilərin nəticələri bilinənədək gözləməli olacaq.

Bu, Paşinyan və onun qərbyönlü komandası üçün müəyyən mənada şirnikləndirici olsa da, eyni zamanda məyusedici mesajdır, ölkədə islahat adına aparılan işlərin ABŞ-ı tam qane eləməməsi deməkdir. Yəni böyük siyasi iradə məsələsi...

*****

PaÅinyan NATO sammiti ile ilgili görsel sonucu

Amerikalı səfirin müsahibəni baş naziri N.Paşinyanın sabah - iyulun 11-də Brüsselə səfəri ərəfəsi verməsi də maraq doğurur. Ehtimal ki, iki günlük NATO sammiti çərçivəsində Paşinyan “Qərbin adamı” kimi, özünütəbliğ naminə ABŞ prezidenti Donald Trampla heç olmasa şəkil çəkdirmək şərəfinə nail olmağa çalışacaq. O Tramp ki, sələflərindən fərqli olaraq, ətrafında erməni lobbisi yoxdur, Amerika erməni lobbisinin Trapma əli çatmır, ona çıxış imkanları, faktiki, mövcud deyil. Üstəlik, Tramp biznesmen-milyarderdir kimi ədalətli biznes mühitinin şərtlərini əla bilir. 

Qalır Paşinyanın özünü Trampa, Amerikaya ayrı sür sevdirməyi - nə barədə ki, səfir Millz yetərincə açıq  danışıb: qısa zamanda korrupsiyanın kökünü kəsmək, məhkəmələrin müstəqilliyini təmin eləmək, bütövlükdə sistemli islahatlara nail olmaq. Bu, əslinə qalsa, ABŞ-n Ermənistana kömək üçün təklif elədiyi “Yol xəritəsi”dir.

Erməni baş nazir bunları bacaracaqmı, buna siyasi iradəsi və potensialı çatacaqmı? Rusiya imkan verəcəkmi? Əsas da budur. Çünki işğalçı ölkədə böyük Amerika sərmayələri hər şeydən öncə Ermənistan üzərində ABŞ-ın söz sahibliyi demək olacaq, Rusiyanın tezliklə Ermənistandan çıxması anlamına gələcək.

Moskvanın bunu kənardan sakitcə seyr edəcəyi, Güney Qafqazdakı yeganə forpostunun öz əzəli rəqibi Amerikaya keçəcəyi ilə barışacağı, yumşaq desək, inandırıcı görünmür. Ən maraqlısı odur ki, bunu İrəvanda da, Vaşinqtonda da yaxşı bilirlər. Elə Bakıda da...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar