“Tamamilə nəzarətsiz əraziyə dönmüş Qarabağda istehsal olunan narkotiklər çox asanlıqla Avropaya göndərilir”.


Bu fikirləri Elazığ şəhərində Türkiyə Daxili İşlər Nazirliyi və Elazığ Valiliyinin dəstəyi, Anadolu Yayıncılar Dərnəyinin təşkilatçılığı ilə baş tutan “Narkomaniyaya qarşı mübarizədə medianın rolu” simpoziumundakı çıxışında “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər səsləndirib.

Simpoziumda narkotiklərin qanunsuz dövriyyəsinin geniş yayıldığı diqqətə çatdırılıb və bu sosial bəlanın miqyasının azaldılmasında medianın üzərinə düşən vəzifələr ətraflı müzakirə olunub.

Tədbirdə çıxış edən Anadolu Yayıncılar Dərnəyinin sədri Sinan Burhan hazırda dünyada təqribən 250 milyon nəfərin narkotik asılılığı olduğunu bildirib. Burhan qeyd edib ki, simpoziumun təşkilində əsas məqsədlərdən biri də Türkiyədə narkotik istifadəçiləri arasında uşaqların sayının artmasından yaranan narahatlıqdır.

Elazığ valisi Çetin Oktay Kaldırım isə qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, “narkomaniyaya qarşı mübarizə terror əleyhinə mübarizədən fərqlənmir”:
“İnformasiya texnologiyalarının böyük sürətlə inkişaf etdiyi çox qarışıq bir dövrdə yaşayırıq. Narkomaniyaya qarşı mübarizədə medianın rolunun müzakirəyə çıxarılması çox mühüm məqamdır.

Fırat Universitetinin araşdırmasına əsasən, narkomana çevrilən insanların 56 faizi bu vərdişə “maraq” üzündən başlayır. Mütəxəssislərin bu asılılığın doğurduğu zərərləri dilə gətirmələri vacibdir. Lakin bu məsələyə diletant yanaşmalar daha da mənfi nəticələr doğurur”.

Valinin sözlərinə görə, Türkiyədə ötən ilin 9 ayı ərzində yaxalanan narkotik istifadəçilərinin sayı 6 dəfədən çox (650 faiz) artıb. Kaldırım əlavə edib ki, bu sırada kokain istifadəçilərinin sayında 3, psixotrop həb istifadəçilərinin sayında isə 2 dəfə artım qeydə alınıb. Kaldırım narkotik maddələrin qanunsuz dövriyyəsinə nəzarət edən bir çox şəbəkələrin zərərsizləşdirildiyini vurğulayıb.

Simpoziuma qatılan Türkiyə Böyük Millət Məclisinin Elazığdan seçilmiş deputatı Gürsel Erol (CHP) çıxışında bildirib ki, narkotik istifadəçilərinin sayının artmasının səbəbləri olduğu kimi, həll yolları da var. Millət vəkili problemin həlli üçün maarifçilik fəaliyyətinin genişləndirilməsinə çağırıb.

Tədbirdə çıxış edən digər natiqlər – Elazığ Bələdiyyəsinin sədri Mücahit Yanılmaz, Vilayətin polis rəisi Doğan Cangül, professor Kudbettin Demirdağ, ATV telekanalının Ankara təmsilçisi Şebnem Bursalı, “A haber” telekanalının koordinatoru Fatih Atik, “Kanal 7”-nin Ankara təmsilçisi Mehmet Acet, “Akşam” qəzetinin Ankara təmsilçisi Emin Pazarcı, Federasiyasının rəhbəri Süleyman Basa, “İnternet Haber”in Ankara təmsilçisi Hatice Kübra Özdemir, “Kanal Urfa” telekanalının rəhbəri İbrahim Toru, Altaş TV-nin baş redaktoru Doğan Deniz, Çay TV-nin baş redaktoru Hasan Yavuz Bakır, “Kanal Fırat” və ELİKAD qurumunun rəhbəri, professor Yasemin Açık və başqaları narkomaniyaya qarşı mübarizədə medianın imkanlarından səmərəli istifadənin vacibliyini bildiriblər.

Tədbirdə çıxış edən “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər diqqəti Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini – Dağlıq Qarabağ və ətraf rayonları narkotik istehsalı zonalarına çevirməsinə yönəldib:
“Qeyd edim ki, narkotiklərə qarşı mübarizə dünyada ən çox maliyyə sərf edilən sahələrdən biri və birincisidir. ABŞ kimi ölkə də hər il narkotiklərlə mübarizəyə milyardlarla dollar vəsait xərcləyir.

Bununla belə, narkomaniyanı bir ağaca bənzətsək, ona qarşı aparılan mübarizə o ağacın kökünə və budaqlarına yox, yarpaqlarına da əsaslı təsir göstərmir. Təəssüf ki, narkomaniyanın miqyası ildən-ilə artmaqdadır.

Burada narkotiklərin istehsal edildiyi əsas ölkə olaraq, Əfqanıstanın adı önə çəkildi. Ancaq mən bir məsələyə toxunmaq istərdim. Ermənistanın “Armenia today” nəşrində üç il əvvəl yayımlanmış bir məqalədə bildirilirdi ki, dünyada Əfqanıstandan sonra narkotik maddələrin ən çox istehsal olunduğu yer Azərbaycanın işğal altındakı Qarabağ bölgəsidir.

Tamamilə nəzarətsiz əraziyə dönmüş Qarabağda istehsal olunan narkotiklər İran və başqa ölkələr vasitəsilə çox asanlıqla Avropaya göndərilir. Bu durum əlbəttə ki, CIA və digər analoju qurumların da maraqlarına uyğundur. Çünki Əfqanıstandan olan böyük bir məsafəni Qarabağ vasitəsilə xeyli qısaldırlar.

Nəticədə tranzit xərcləri olmadan qısalmış məsafə ilə Avropaya narkotik maddələrin göndərilməsi asanlaşır. Həmin nəşrin yazdığına görə, Qarabağda narkotik maddələr istehsalının başında Ermənistanın sabiq prezidentləri – Serj Sarkisyan və hazırda barəsində cinayət işi qaldırılmış Robert Koçaryan dayanır”.

www.yenicag.az