Oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçirildi. İlk turun nəticələrinə əsasən, müstəqil namizəd Salome Zurabişvili 38,64%, sabiq prezident Mixail Saakaşvilinin qurucusu olduğu Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze 37,74% səs toplayaraq ikinci tura keçiblər.
Seçkilərdə məğlub olduğunu etiraf edən müxalif Avropalı Gürcüstan Partiyasının prezidentliyə namizədi David Bakradze 10,99% səslə üçüncü, Gürcüstan Leyboristləri Partiyasının lideri Şalva Natelaşvili 3,76% səslə dördüncüdür. Beşinci yerdə Azad Demokratlar Partiyasından namizəd David Usupaşvili və “Qirçi” Partiyasının namizədi Zurab Caparidze qərarlaşıb. Onların hər biri seçicilərin 2,26% səsini toplayıb.
Nəticələrdən dərhal sonra D.Bakradze ikinci turda Q.Vaşadzeni dəstəkləyəcəyini bəyan edib. Bu da diqqətləri Vaşadzenin üzərinə cəmləyib. Çünki artıq onun 48% səsi var ki, bu da qələbənin bir addımlığında olmaq anlamına gəlir.
Budəfəki seçkilər xalqın birbaşa səsverməsi yolu ilə keçirilən son seçkilər olub. 2023-cü ildən etibarən Gürcüstan prezidentini xalq yox, 300 nəfərdən ibarət xüsusi nümayəndələr seçəcək.
Gürcüstanda prezident seçkilərinin ikinci turu 2 dekabrdan gec olmayaraq keçiriləcək.
Seçkiləri müşahidə etmiş beynəlxalq müşahidə missiyası ilkin rəyini açıqlayıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, müşahidə missiyası qonşu ölkədəki seçkiləri azad və şəffaf qiymətləndirib.
Beynəlxalq müşahidə missiyasına ATƏT, AŞ PA, NATO Parlament Assambleyası və Avropa Parlamentinin nümayəndələri daxildir.
ATƏT-in xüsusi koordinatoru Kristian Vigenin deyib ki, Gürcüstanda prezident seçkiləri azad şəkildə keçirilib: “Seçicilər azad formada fikirlərini ifadə ediblər. Gürcüstan prezident seçkiləri ilə demokratiyaya sadiqliyini nümayiş etdirdi. Ümid edirik ki, gürcüstanlılar seçkilərin ikinci turunda fəal iştirak edəcək və nəticələr xalqın iradəsini əks etdirəcək”.
NATO PA-nın nümayəndə heyətinin rəhbəri Rasa Yuknyaviçene seçkilərlə bağlı qeydə alınan bəzi nöqsanları açıqlayıb:“Seçkilər zamanı inzibati resurslardan istifadə, texniki namizədlərin olduğunu müşahidə etdik. Biz Gürcüstanda yeni neqativ hal izlədik ki, bu da QHT-lərə qarşı təzyiq və hücumlar oldu. Gürcüstanda ilk dəfə olaraq prezident seçkilərinin ikinci turu olacaq. Ümid edirik ki, bu nöqsanlar aradan qaldırılacaq”.
Gürcüstanın azərbaycanlı vətəndaşlarının əksəriyyəti prezident seçkilərində hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişviliyə səs verib.
“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu, Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) məlumatlarında əks olunub.
Azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda 63 seçki məntəqəsi üzrə keçirilmiş səsvermənin nəticələrinə əsasən, Salome Zurabişvili 40,23%, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 42,63% səs toplayıb.
Marneuli rayonunda isə 90 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə görə, S.Zurabişvili 47,79%, Q.Vaşadze isə 39,05% səs əldə edib.
Zurabişviliyə ən çox səs Bolnisi rayonunda verilib. Xanım namizəd rayonun 62 seçki məntəqəsi üzrə 59,18% səs qazanıb. Q.Vaşadzenin topladığı səs isə 31,45% təşkil edib.
Dmanisi rayonunda 50 seçki məntəqəsində S.Zurabişvili 48,43% səslə Q.Vaşadzeni (39,71%) üstələyib.
Qardabanidəki səslər Saakaşvilini sevindirib.
Sosial şəbəkələrdə Saakaşvilinin səsvermənin nəticələrini elan etməsinin videosu yayımlanıb.
Saakaşvili bu bölgədə yaşayanlara Azərbaycan dilində minnətdarlıq edib: “Çox sağ ol, Azərbaycan. Siz mənim dostumsunuz!”
Gürcüstandakı prezident seçkiləri üzrə bu ölkənin Azərbaycandakı səfirliyində yaradılan iki seçki məntəqəsi üzrə səslər sayılıb. Modern.az “Report”a istinadən xəbər verir ki, nəticələrə əsasən, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze daha çox səs qazanıb.
Gürcüstanın MSK-nın rəsmi saytında yerləşdirilmiş protokollara əsasən, Bakıdakı 5 saylı seçki məntəqəsində Q.Vaşadzeyə 36, Salome Zurabişviliyə isə 12 səs verilib. Altı saylı seçki məntəqəsində isə Q.Vaşadze və S.Zurabişvili müvafiq olaraq 17 və 14 səs toplayıblar.
“Samtsxe-Cavaxetiya bölgəsində yaşayan ermənilər Salome Zurabişvilini dəstəkləyir”.
Bunu modern.az saytına açıqlamasında Gürcüstan parlamentinin erməni əsilli deputatı, “Gürcü Arzusu” Partiyasının üzvü Samvel Manukyan deyib: “Proqnoz verməyi heç vaxt sevməmişəm. Amma Samtsxe-Cavaxetiya bölgəsində dəstəklədiyimiz namizəd - Salome Zurabişvili qalib gəldi. Ümid edirəm ikinci turda da o, bizim regionda inamlı qələbə qazanacaq”.
Deputat Cavaxetiya bölgəsində xırda qanun pozuntularının olduğunu etiraf edib və Vahid Milli Hərəkat Partiyasını təxribatlarda ittiham edib: “Bölgəmizdə 1-2 qanun pozuntusu olub. Amma ümumilikdə, hər şey yaxşı keçdi. Vahid Milli Hərəkat Partiyasından olan müşahidəçilərin də sayı çox idi. Nəsə pozuntu tapmaq arzusunda idilər amma istəkləri baş tutmadı. 10 gün idi ki, təxribat arxasında idilər”.
Seçkinin nəticələri ətrafındakı müzakirələr ən çox Saakaşvili ilə bağlıdır. Onun bu seçkilərdə parlaq qələbə qazandığını əminliklə söyləmək olar. İkinci tura keçən Q.Vaşadze və üçüncü yeri tutan D.Bakradze Mişanın namizədləri sayılırdı və onların toplamda yığdıqları səs faizi 48-dir. Mişanın ölkəsinə qayıtma xəyalları gerçəkləşmək üzrədir. İkinci turda əsas favorit sayılan və Mişanın namizədi olan Q.Vaşadze qalib gələrsə, sabiq prezidentin üzərindəki cinayət işi ləğv olunacaq, eyni zamanda ölkəyə girişi yasaqlanan qərar aradan qaldırılacaq.
Gürcüstanın müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının üzvü, azərbaycanlı deputat Azər Süleymanov modern.az-a açıqlamasında deyib ki, dünənki seçkilərin nəticələri Saakaşvilinin Gürcüstana qayıdışını sürətləndirəcək: “Qriqol Vaşadzenin prezident seçilməsi Saakavilinin Gürcüstana qayıdışını sürətləndirəcək. Saakaşvili artıq Gürcüstana yaxınlaşır. Proseslər ona doğru gedir. Ola bilsin ki, o, sabah da Gürcüstana gəlsin. Artıq Saakaşvili üçün təhlükə yoxdur. Nə ”Gürcü arzusu" Partiyası, nə də kriminal İvanaşvili onun Gürcüstana gəlişinə mane ola bilər".
Azər Süleymanov bildirib ki, hər bir Gürcüstan vətəndaşı Saakaşvilinin gəlişini səbirsizliklə gözləyir: “Hər bir azərbaycanlının evində Saakaşvili üçün bir otaq var. 100 minlərlə azərbaycanlı onu qorumağa hazırdır. Hər bir gürcü vətəndaşı tikəsini Saakaşvili ilə bölmək istəyir. Saakaşvili hər zaman Gürcüstana gəlmək arzusunda olub. Yeni Gürcüstan onun əli ilə qurulub. 7 pencəyə görə ona cinayət işi açdılar. Amma Gürcüstan dövlətini dağıtdılar və ölkəni 1990-cı illərə qaytardılar. Gürcüstanı marixuana, narkotika dövlətinə çevirdilər. Belə ölkədə kimsə yaşamaz. İnsanlar sabaha olan ümidlərini itirmişdilər. Amma dünənki seçkilərdə polislər belə bizə qoşuldu. MSK-nın göstəricilərinə görə, yarım səs faizi ilə biz geri qalmışıq. Ümumi səslərin 38 fazini Salome Zuravaşvili, 37,5 faizini isə Qriqol Vaşadze toplayıb. O da nəyə görədir. Hansı ki, əlimiz çatmayan bölgələr var, orada ”Gürcü arzusu" çirkin oyunlar həyata keçirərək, saxta yollarla, zorla Salomeyə səs alıblar".
Əslən Gürcüstandan olan politoloq Şahin Cəfərli “Yeni Müsavat”a bildirdi ki, seçkilərin nəticələri həm gözlənilən, həm də müəyyən mənada gözlənilməz oldu: “O baxımdan gözlənilən oldu ki, seçki ərəfəsində keçirilən rəy sorğuları açıq favoritin olmadığını və qalibin ikinci turda müəyyənləşəcəyini ortaya qoymuşdu. Hətta kampaniyanın əvvəlində iqtidarın dəstəklədiyi bitərəf namizəd Salome Zurabişvilinin reytinqi xeyli aşağı idi, ikinci tura müxalifət namizədləri Qriqol Vaşadze ilə David Bakradzenin çıxa biləcəyi ehtimalından danışılırdı. Günlər, həftələr keçdikcə iqtidar dəstəyi, inzibati resurs öz işini gördü və xanım Zurabişvilinin nüfuzu bir qədər artdı. Nəticələr o baxımdan gözlənilməz oldu ki, ”Gürcü Arzusu"nun ikinci turu bu cür asanlıqla qəbullanacağı ehtimal edilmirdi, hətta səsvermə günü müxalifətçilər xeyli pozuntu qeydə almışdılar və bildirirdilər ki, Bidzina İvanişvili Zurabişvilini ilk turda seçdirməyə çalışır. Bu qorxular özünü doğrultmadı və qeydə alınan pozuntuların da nəticələrə ciddi təsir etmədiyi anlaşıldı. Bakradzenin əldə etdiyi nəticə də sürpriz deyil. Onun yarışda geri qaldığı kampaniyanın sonlarında aydın olmuşdu. Son 6-7 ildə olduğu kimi, mübarizə yenə də “Gürcü Arzusu” ilə Vahid Milli Hərəkatın ikili rəqabətinə çevrildi. İkinci tur öncəsi Vaşadzenin daha şanslı olduğunu düşünürəm. Onun qələbə üçün lazım olan rezerv səs imkanları daha çoxdur. Artıq 11% səs almış Bakradze 2-ci turda Vaşadzeni dəstəkləyəcəklərini açıqlayıb.
Digər namizəd, 2,2% səs toplamış David Usupaşvilinin də analoji qərar verəcəyi gözlənilir. Bu iki namizədin 13,3%-i kifayət edir ki, Vaşadze qələbəsini elan etsin. Lakin siyasət riyaziyyat deyil, burada 1+1 2 etməyə də bilər, təminat yoxdur ki, Bakradze və Usupaşvilinin bütün seçiciləri Vaşadzeyə səs verəcəklər. Bu baxımdan mən inanıram ki, Vaşadzeni dəstəkləyən “Güc birlikdədir” bloku digər namizədlərlə də danışıqlara başlayaraq müxalifətin böyük koalisiyasını formalaşdırmağa çalışacaq. 3,7% səs yığmış Şalva Natelaşvili, 2,2% səsi olan Zurab Caparidze və 1,3% səs almış Kaxa Kukava ilə də danışıqlar aparılacaq və Vaşadze onların seçicilərinə də xitab edəcək. Şübhə yoxdur ki, “Gürcü Arzusu” və şəxsən xanım Zurabişvili də digər namizədlərlə iş aparıb, onların seçicilərini öz tərəfinə çəkməyə çalışacaq. Amma Vaşadzenin əlavə səs cəlb etmək imkanları daha genişdir. Əvvəla, müxalifətçi namizədlərə səs verən vətəndaşlar hakimiyyətdən narazı olan təbəqələrdir və onların ikinci turda müxalifət təmsilçisinə dəstək verməsi daha gözləniləndir. İkincisi, Zurabişvili ölkədə populyar, sevilən sima deyək, əksinə, bəzi fikirlərinə görə antireytinqi yüksəkdir. O, 2008-ci il müharibəsində Saakaşvilini, yəni əslində öz ölkəsini ittiham edib.
Bundan başqa, Fransada doğulub böyümüş xanım namizəd öz dilini yaxşı bilmir, bu amilin də seçicilərin rəyinə müəyyən təsiri var. İvanişvili asanlıqla yelkənləri endirən lider tipi deyil. Əminəm ki, o, dəstəklədiyi namizədin qələbəsi ünün bütün gücünü səfərbər edəcək. İvanişvilinin maddi imkanları ilə hökumətin gücü xanım Zurabişvilinin çatışmazlıqlarını kompensasiya edə bilər. Amma bu, qələbə üçün yetərli olacaqmı? Mən şəxsən ilk turda olduğu kimi, ədalətli seçki keçiriləcəyi təqdirdə, Vaşadzeni daha şanslı görürəm.
Gürcüstanda prezident, baş nazir vəzifələrinə kim gəlirsə-gəlsin, bundan sonra ölkənin xarici siyasətində radikal dəyişiklik gözlənilmir. Bu isə o deməkdir ki, Azərbaycanla münasibətlərin də dəyişəcəyini gözləmək lazım deyil. Kim seçilirsə seçilsin, münasibətlərin hazırkı səviyyəsi qorunacaq, hətta inkişaf etdiriləcək. Həm Zurabişvili, həm də Vaşadze vaxtilə xarici işlər naziri vəzifəsini tutublar. Onlar Azərbaycanın Gürcüstan üçün önəmini daha yaxşı dərk edirlər. Hər iki ölkənin bir-birinə ehtiyacı var. Gürcüstan parlament tipli respublikadır və prezidentin səlahiyyətləri məhduddur. İcra hakimiyyətini baş nazir həyata keçirir. Amma bununla yanaşı, prezident institutu da önəmlidir. Prezidentin əfv, vətəndaşlıq vermək kimi səlahiyyətləri var. Vaşadze seçilsə, barəsində məhkəmə hökmləri olan Saakaşvili və hazırda həbsdə yatan keçmiş baş nazir Vabo Merabişvili əfv olunacaq. Bundan başqa, Saakaşvilinin vətəndaşlığı bərpa ediləcək, beləliklə, onun vətənə dönüşü üçün şərait yaranacaq. Təbii ki, hökumət və parlament çoxluğu buna əngəl olmağa çalışacaq, nəticədə ölkədə siyasi hərarət yüksələcək".
Politoloq onu da qeyd etdi ki, prezident seçkilərində müxalifətin qələbəsi ölkədə siyasi vəziyyətin dəyişməsi anlamına gələcək: “Müxalifətin populyarlığı, maliyyə qaynaqları artacaq, sıraları genişlənəcək və 2020-ci il parlament seçkiləri ərəfəsində psixoloji üstünlük onun əlinə keçəcək. Rusiyanın Gürcüstan siyasətinə müəyyən təsir imkanları var, amma bunu şişirtmək doğru deyil. Qərbin təsir gücü daha çoxdur və 28 oktyabr seçkiləri bunu bir daha göstərdi. “Gürcü Arzusu”nun seçkiyə öz namizədi ilə qatılmaması məhz Qərbin tövsiyəsi idi".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”