PUTİN AVRONU GÜCLƏNDİRMƏYƏ ÇALIŞIR! - Rusiya dollar asılılığından qurtara biləcəkmi?

4-12-2018, 09:42   
 

“Rusiya dövlət istiqrazlarını avro ilə satmağa hazırlaşır. Neftin qiymətinin düşməsinə baxmayaraq, Rusiyanın büdcəsində profisit var və onun borc almağa ehtiyacı yoxdur. İstiqrazların rublla və ya dollarla deyil, avroyla satışa çıxarılması “dollarsızlaşdırma” proqramı çərçivəsində həyata keçirilir. Həmin plan bu il Putin tərəfindən irəli sürülüb”. “AzPolitika.info”nun məlumatına görə, bu barədə ABŞ-da dərc olunan nüfuzlu “Bloomberg” qəzetində işıq üzü görən məqalədə məlumat verilib.
Məqalədə daha sonra bildirilir: “Əgər hər şey uğurla keçərsə, Avropa öz valyutasının qlobal rol oynaması istiqamətində mühüm müttəfiq qazana bilər. Rusiya özündəki ABŞ istiqrazlarının həcmini mart ayından sentyabradək 96,1 milyard dollardan 14,4 milyard dollaradək azaldıb. Rusiya Mərkəzi Bankının son məlumatına əsasən, Rusiyanın 460 milyard dollarlıq qızıl və xarici valyuta ehtiyatı var və bunun 29,4 %-i ABŞ dollarıdır.
Rusiya Amerikan istiqrazlarının satışını davam etdirəcək. Hətta əgər Rusiya ABŞ dövlət istiqrazlarından tamamilə yaxa qurtara bilməzsə, sanksiyalardan qorunmaq üçün onları qismən ofşorlara yerləşdirə bilər. Rusiya Mərkəzi Bankına yerləşdirilən ABŞ aktivləri isə Avropa aktivlərinə görə azalıb. Qızıl alışı da artıb.
Belə ki, Rusiya qızıl alıcıları içərisində liderlik edir və bu ilin üçüncü rübündə öz ehtiyatına 92,2 ton qızıl əlavə edib. Rusiya bunu təkcə “dollarsızlaşdırma” ilə əlaqədar etmir. Eyni zamanda, Kreml ABŞ-ın sanksiyalar vasitəsiylə Rusiyanın beynəlxalq maliyyə aktivlərinin əhəmiyyətli hissəsini dondura biləcəyindən ehtiyatlanır. Belə narahatlığa əsas da var. Avrozonaya daxil olan ölkələrə maliyyə yardımı göstərən“Avropa Sabitləşdirmə Mexanizmi Fondu”nun rəhbəri Klaus Reqlinq bu yaxınlardakı çıxışında Trampı tənqid edərək deyib ki, ABŞ prezidenti özünün xaricdəki siyasi məqsədlərinə nail olmaq üçün dollardan silah kimi istifadə edir.
Əgər hətta, ABŞ-ın Qərb müttəfiqləri bundan narahatdırlarsa, onda əlbəttə ki, Putin Rusiyasının dollardan qaçmağı tamamilə məntiqli addımdır.
Oktyabr ayında Putinin göstərişi ilə Nazirlər Kabinetinə dollardan asılılığın azaldılması planı təqdim olunub. Bu proqram barəsində az şey bilinir. Rublla ixrac hesabları aparan şirkətlərə vergi güzəştləri edilib. Bu şirkətlərdən ixracdan əldə etdikləri bütün gəlirlərini Rusiyaya gətirməsini gözləyirlər. Sözsüz ki, bu dünya enerji bazarında dəyişiklik yaratmayacaq. Bu bazarda müqavilələr dollar vasitəsiylə həyata keçirilir. Rusiya Nazirlər Kabinetindəki planda digər tədbirlər də nəzərdə tutulur. Artıq Mərkəzi Bank xarici valyutalarda kredit alınması prosedurunu mürəkkəbləşirib.
Rusiyanın ikinci ən böyük dövlət bankı olan “VTB” bankının rəhbəri Andrey Kostin“dollarsızlaşdırma” ilə bağlı öz planını təklif edib. Onun planına görə, istiqraz vərəqlərini yalnız daxili bazarda satmaq lazımdır və dövlət bankları tərəfindən həyata keçirilən dövlətlərarası hesablaşmalar üçün buraya “Euroclear” depozit-klirinq sistemi kimi Qərb təşkilatlarını cəlb etmyə gərək yoxdur. Aydındır ki, hökumət bu qədər uzağa getmir. Amma “VTB”-nin investisiya bölməsi istiqraz vərəqələrinin yeni yerlərdə yerləşdirilməsi ilə məşğuldur və “Eroclear” alışın təşkilinə cəlb ediləcək. Rusiyanın əsas məqsədi dollardan avroya tərəf yönəlməkdir.
Təbii ki, Rusiyanın apardığı bu eksperiment, qlobal səviyyədə avronun istifadə olunması üçün xüsusi tədbirlərin görülməsinə çağırışlar edən Avropa Birliyindən olan məmurların xoşuna gəlməlidir. Klaus Reqlinqin çıxışındakı tənqidə baxmayaraq, Avropa Birliyinin rəsmi şəxsləri bir sıra səbəbə görə avronun dünya ehtiyat valyutası kimi dolları tam əvəz edə biləcəyini düşünmürlər. Lakin investorların və kredit götürənlərin dollarla bağlı narahatlığı onu deməyə əsas verir ki, Avropa valyutası bazarda öz yerini tuta bilər. Bununla da qlobal valyuta sisteminin bir məkəzə bağılılığını azlaldar.
K.Reqlin qeyd edib ki, dünyadakı dövlət istiqrazlarının üçdə biri artıq avroyla yatırılır. Rusiya öz istiqrazlarının avroyla yatırılmasına can atan yeganə dövlət deyil. Əvvəllər yalnız istqraz bazarında əsasən dollara üstünlük verən Türkiyə hökuməti də banklara müraciət edib ki, bu istiqamətdə avroyla əməliyyat aparsınlar.
Avropanın avro layihəsinə Rusiyanın dəstək verməsinin səbəblərindən biri ABŞ-ın sanksiyaları sərtləşdirməsidir. Avropa Birliyi isə bu addımı atmayıb.
Düzdür, Rusiyanın Kerç boğazında Ukrayna hərbi gəmilərinə hücum etməsindən sonra cəza tədbirlərinin görülməsi ilə bağlı müzakirələr keçirilib. Lakin ruslara çox sərt cavab veriləcəyi gözlənilmir.
Avropanın bəzi dövlətlərinin hökumət rəhbərləri avronun gücləndirilməsiylə bağlı layihənin Putin və Ərdoğan kimi liderlər tərəfindən dəstəklənməsini bəlkə də istəmirlər. Ancaq dolların üstünlüyünə qarşı çıxanlar bu iki liderin dəstəyini almağı nəinki qəbul edir, bunun vacib olduğunu bildirirlər. Çünki Rusiya və Türkiyə lderlərinin dəstəyi olmadan, avronun dolların qarşısında dayanmasının mümkünsüz olduğunu başa düşürlər”.
Tərcümə etdi: Vaqif Nəsibov
AzPolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar