Onların naharı rəssam Van Qoqun "Kartofyeyənlər" tablosunu xatırladır. Zəif işıqlanan otaqda nənə-nəvə kartof yeyirlər. Safura xanımın şəhid ailəsi kimi aldığı 240 manat könlündən keçənləri bişirməyə əl vermir.
Evin girişindən rütbut qoxusu adamı izləyir. Otaqların hər küncündə açıq qalan yerlər var. Bayırdakı hava bu dəlmə-deşiklərdən içəri keçir.
Safura xanım danışır ki, yoldaşı İsmayıl Şərbətov avtobus sürücüsü olub. Qarabağ savaşı başlayanda könüllü döyüşə yollanıb. 1992-ci ildə, 44 yaşında müharibədə həlak olub. Bundan sonra o, 4 uşağı təkbaşına böyüdüb. 19 apreldə ölkə başçısı İlham Əliyevin şəhid ailələrinə 11 min manat müavinət ayırdığını eşidəndə sevinib. Amma adını yoxladanda, bu müavinəti aldığı göstərilib.
Safura Şərbətova mavinəti almaq üçün digər şəhid ailələri ilə birlikdə Prezident Administrasiyasının qarşısında keçirilən aksiyalara qatılır. Şəhid ailələri iki ay boyunca 8 dəfə aksiya keçiriblər. Safura xanım düşünür ki, 11 min manat verilsə, evinin təmirinə əl gəzdirər, qalan pulu da uşaqlarının arasında pay-püş edər. Bəs pul verilməsə?