TRAMP ÖZ MÜŞAVİRLƏRİNİ DƏ ŞOKA SALIB – “12 ildir burdayam, belə qərar qəbul olunmasını görməmişəm”
24-12-2018, 11:13
Donald Tramp sayı iki min nəfərdən ibarət olan Amerikan hərbi birləşmələrinin operativ şəkildə Suriyadan çıxarılması əmrini verib. ABŞ prezidenti eyni zamanda İŞİD üzərində qələbə çaldıqlarını da qeyd edib. Onun bu qərarı ABŞ-ın müttəfiqlərini və həm də prezidentin öz müşavirlərini qəfil yaxalayıb. Pentaqon rəhbərliyi və Dövlət Departamenti Amerikanın Suriya ilə bağlı kursunun bu cür kəskin dəyişilməsini anlamağa çalışırlar. Çünki hələ yayda qərar verilmişdi ki, İŞİD-in tam məhv edilməsinə və İran təsirinə qarşı dayanmaq üçün ABŞ ordusu Suriyada qalsın. Yüksək vəzifəli rəhbərlər prezidentin qərarı ilə bir gün əvvəl tanış olublar. Ertəsi gün isə Tramp öz “twitter” səhifəsində yazıb: “Biz Suriyada İŞİD-i məhv etdik, bu bizim orada qalmağımızın tək səbəbi idi”. Trampın bəyanatı onun administrasiyasının dəyərləndirməsi ilə ziddiyyət təşkil edir. Belə ki, avqust ayında Pentaqon bildirmişdi ki, Suriyada 14500 İŞİD döyüşçüsü qalır. Yaxın Şərq İnstitutunun terrorizmə və ekstremizmə qarşı mübarizə məsələləri üzrə direktoru Çarlz Lister deyib:“Tramp İŞİD üzərində qələbə elan edəndə, çox böyük ehtimalla bu kəşfiyyat məlumatları onun masasının üstündə olub”. Çarlz Lister qeyd edib ki, Trampın tvitindən bir neçə dəqiqə öncə İŞİD özünün əvvəlki paytaxtı Rakkaya hücum olunacağı məsuliyyətini öz üzərinə götürüb. Suriyada həmçinin Britaniya və Fransanın azsaylı hərbi birləşmələri var. Britaniya müdafiə nazirinin müavini Tobias Ellvud Amerika prezidentinin İŞİD-in məhv edilməsi barəsindəki idiasını təkzib edib: “Mən qətiyyən razı deyiləm. İŞİD ekstremizmin digər formasına transformasiya olunub və təhlükə qalmaqdadır”. Ağ Evin mətbuat katibi Sara Sanders məsələni izah edərək deyib ki, qoşunların çıxarılması İŞİD-lə mübarizənin “növbəti mərhələsinin” başlanmasıdır və hesab edir ki, lazım olduğu təqdirdə hərbi birləşmələr geri qayıda bilər. Sanders deyib:“Beş il bundan öncə İŞİD Yaxın Şərqdə çox güclü idi, indi ABŞ bu xilafəti məhv edib. Biz Amerikan qoşunlarını evə qaytarmağa başlamaqla, kampaniyanın növbəti mərhələsinə keçmişik”. “Reuters” agentliyi Amerikan administrasiyası nümayəndələrinə istinadla bildirib ki, qoşunların Suriyadan çıxması 60 gündən 100 günə kimivaxt aparacaq. Senatın beynəlxalq məsələlər üzrə komitəsinin sədri vəzifəsini daşımış Bob Korkerbu məsələ ilə əlaqədar prezidentlə görüşməli idi, lakin heç bir səbəb olmadan görüş ləğv edilib. Korker reportyorlara deyib: “Mən 12 ildir ki, burada işləyirəm, amma qərarların bu cür qəbul olunmasını görməmişəm. Hər hansı bir prezidentin səhər yuxudan oyanıb, heç kimlə məsləhətləşmədən və heç bir hazırlıq görmədən qərar qəbul etməsini təsəvvür etmək çətindir”. Daha sonra reportyorlar senator Korkerdən soruşublar ki, ABŞ ordusu tamamilə çıxarılacaqmı? O cavab verib ki, bəli, tamamilə çıxarılacaq. ABŞ-ın gözlənilmədən Suriyadan çıxması onu göstərir ki, Vaşinqton özünün yaxın müttəfiqi olan “Suriya Demokratik Güclərini” tək buraxır. Belə ki, SDG kürdlərin rəhbərliyi ilə İŞİD yaraqlılarının qovulmasında xidmətlər göstərib. Türkiyə öz ərazisindən onlara hücum edəcəyini bildirir. Türkiyə hesab edir ki, SDG yaraqlılarının PKK-dan heç bir fərqi yoxdur. Bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Tramp arasında telefon danışığı olub. Danışıqan sonra Türkiyə prezidenti bildirib ki, o, Suriyanın şimal-şərq hissəsindəki gərginliklə əlaqədar ABŞ-lı həmkarından bəzi müsbət cavablar alıb. Bundan sonra Dövlət Departamenti bəyanatla çıxış edərək bildirib ki, ABŞ tərəfindən Türkiyəyə “Patriot” zenit-raket kompleksləri çatdırılacaq. Ağ Evin mətbuat xidmətinin rəhbəriSara Sanders deyib ki, Tramp ABŞ-da yaşayan dini vaiz Fətullah Gülənin Türkiyəyə verilməsi ilə bağlı Ankaranın tələbinə baxır. Tramp bundan öncə də qoşunların Suriyadan dərhal çıxarılmasına çağırış edirdi, amma onda müttəfiqlər və müşavirlər İranın bölgədə önünün kəsilməsi və İŞİD-ə qarşı mübarizənin sona çatdırılması arqumentləri ilə onu fikrindən daşındıra bilmişdilər. Tramp administrasiyası hesab edir ki, İŞİD-ın Suriyada qalıqları var. Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton da həmçinin qəbul olunmuş qərarın əleyhinədir, amma səbəb başqadır. Sentyabr ayında BMT Baş Assambleyası sesiyasındakı çıxışı zamanı Bolton demişdi:“İran qoşunları İranın sərhədlərindən kənarda olduğu təqdirdə, biz Suriyadan çıxmağa hazırlaşmırıq”. Diplomatk mənbələrdən gələn məlumatlara görə, Bolton prezidentin qərarından bərk qəzəblənib. ABŞ prezident administrasiyasının yüksək vəzifəli məmuru ona verilən “nəyə görə Tramp və onun baş məsləhətçisindən müxtəlif siqnallar gəlir” sualından yayınaraq cavab verib: “Bu cür qərarları prezident qəbul etməlidir və o bunu qəbul edib. Çünki bu onun səlahiyyətidir”. Çox hallarda Trampı dəstəkləyən respublikaçı senator Lindsi Qrem bu dəfə prezidentin qərarını pisləyib. O öz bəyanatında qeyd edib:“Obama bu cür səhvlər edirdi, indi isə bunu Tramp administrasiyası edir. Bizim milli təhlükəsizliyimiz və maraqlarımız üçün Suriyada Amerikan hərbi iştirakı xüsusilə vacibdir”. ABŞ müdafiə naziri Ceyms Mettis dəfələrlə bəyan edib ki, Amerikan qoşunları İŞİD-in müqavimət ocaqlarına qarşı hücum əməliyyatları aparmaqla ölkəsinin milli maraqlarını qoruyur. C.Mettis həmçinin bu sözlərlə ABŞ-ın Suriyanı İrana güzəştə getmək niyyətində olmadığı barəsində siqnal verirdi. (“The Guardian”-Böyük Britaniya)