Bəzi dostlarımız təkid edir ki, Azərbaycan Rusiyadan mümkün qədər kənarda olmalıdır. Qərbə tərəf meyllənməlidir. Mən də bu fikirləri bölüşürəm. Ancaq bu, o qədər də sadə məsələ deyil. Aşağıdakı müsahibə dövlətlər arasındakı münasibətlərin nə qədər qəliz olduğunu bir daha ortaya qoyur. Düşünün, Almaniya dünyanın dördüncü iqtisadi gücüdür. Avropa Birliyinin ürəyi də Almaniyadır. Belə möhtəşəm bir ölkə Amerikanın təzyiqləri altında əziyyət çəkir. Özü də Donald Tramp iqtidara gələndən ABŞ-ın Almaniyaya təzyiqləri daha da güclənib. Hələ orası da var ki, ABŞ-da 50 milyondan çox insan alman kökənlidir və onlar Amerikanın elitasında ciddi çəkiyə malikdir...
Almaniyanın keçmiş federal kanseleri (1998-2005) Gerhard Şröder Almaniyanın “Die Welt am Sonntag” qəzetinə müsahibə verib. O bildirib ki, Almaniya Amerika ilə münasibətdə daha çox müstəqil siyasət yeritməlidir. Xüsusilə ticarət sahəsində bu müstəqilliyin məhdudlaşdırılması yolverilməzdir. Vaşinqton bizə-müstəqil dövlətə öz iradəsini diqtə etməməlidir. Hansı dövlətlə ticarət aparmaq və ya aparmamaq, bu, Almaniyanın öz seçimi olmalıdır. Biz Amerikanın istəyi ilə oturub-dursaq, bir gün görəcəyik ki, ticarət edə biləcəyimiz dövlətlər yox həddindədir. O da yaddan çıxmasın ki, Almaniya ixracdan kəskin şəkildə asılı olan ölkədir...
Keçmiş federal kanseler deyib: “Əlbəttə, mən anti-amerikan deyiləm. Ancaq mənim yeritdiyim xarici siyasət ona əsaslanırdı ki, ABŞ-dan Almaniyanın müstəqilliyi ilə bağlı daha çox şey alım və aldığımı da qoruyub saxlayım”.
Gerhard Şröder II dünya müharibəsindən sonra ABŞ Almaniya üçün gördüyü işlərdən də danışıb: ”1945-ci ildən sonra Amerika Almaniyaya çox kömək edib, mən bu yanaşmanı çox ağıllı və doğru hesab edirəm. Amerikalıların bütün xidmətlərinə baxmayaraq Vaşinqton bilməlidir ki, biz müstəqil dövlətik. Suveren dövlət imkan verə bilməz ki, Amerika bizə ticarətlə bağlı öz iradəsini sırısın. Belə şey ola bilməz”.
Bəllidir ki, ABŞ prezidenti Donald Tramp rəsmi Berlinə qarşı ağır şərtlər irəli sürür. Tələb olunur ki, Almaniya bu və ya digər ölkə ilə ticarəti məhdudlaşdırmalı, bəzi hallarda isə tamamilə kəsməlidir: “İran, Çin, Rusiya... bəs biz kiminlə ticarət edək? Amerikaya və amerikalılara böyük simpatiyamızı, onlara olan dost münasibətimizi vurğulayaraq bu məqamı onların diqqətinə çatdırmalıyıq”.
“Die Welt am Sonntag” qeyd edir ki, Amerika Almaniyaya təzyiq edir ki, Baltik dənizi üzərindən keçməklə Rusiya qazını Almaniyaya çıxaracaq “Nord Stream 2” qaz kəmərindən imtina etsin: “Amerika bunu Ukraynaya xüsusi sevgisinə görə etmir. Amerika özü Almaniyaya qaz satmaq istəyir. Onların təklif etdiyi sıxılmış qazın keyfiyyəti aşağıdır, ancaq Amerika həmin o keyfiyyətsiz qazı bizə Rusiya qaz borusundan gələn qazdan daha baha satmaq istəyir”.
Elbəyi Həsənli, musavat.com