Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Avropa Trampın Putinlə “gözlənilməz” söhbətindən narazıdır

14-02-2025, 09:47   




“İstənilən danışıqlarda Ukrayna və Avropa da iştirak etməlidir”

ABŞ Prezidenti Donald Tramp fevralın 12-dən Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq planını həyata keçirməyə başlayıb.

O, Rusiya Prezidenti Vladimir Putinlə, sonra isə Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb və sülh danışıqlarına hazırlaşmaq üçün komanda formalaşdırdığını açıqlayıb.

“The New York Times” yazır ki, Trampın Putinlə danışıq aparması faktının özü Ukraynanın Qərbdəki müttəfiqlərinin üç il sürən müharibə zamanı Rusiyanı diplomatik izolyasiyada saxlaması siyasətinin iflası deməkdir.

Putin bir neçə dəfə açıq şəkildə bəyan edib ki, o, Ukrayna ilə bağlı yalnız ABŞ-la danışıqlara hazırdır. Çünki o, nə Ukraynanın özünü, nə də Avropadakı müttəfiqlərini müstəqil qurum hesab etmir.

Tramp faktiki olaraq bu şərtlə razılaşıb. ABŞ Prezidenti nəinki Avropa liderlərini danışıqlara cəlb etmək, mövqelərini nəzərə almaq, hətta Putinə zəng edəcəyi barədə belə onları məlumatlandırmayıb.

“Bloomberg”-in məlumatına görə, Tramp vəzifəyə gələndən sonra Amerika administrasiyası ilə avropalı müttəfiqləri arasında qeyri-rəsmi təmaslar əhəmiyyətli dərəcədə azalıb.

Amma Qətər və Səudiyyə Ərəbistanının Rusiya-Amerika əlaqələrinin qurulmasında fəal iştirak etdiyi məlum olub.

Tramp Putinlə görüşünün Səudiyyə Ərəbistanında baş tutacağını deyib.

Tramp administrasiyasının sülh razılaşmasında əməl etmək niyyətində olduğu prinsiplərə gəlicə, ABŞ-nin müdafiə naziri Pit Heqset NATO tərəfdaşlarına bildirib ki, onlar Ukraynanın alyansa qoşulacağına və ya bütün işğal olunmuş ərazilərinin qaytarılmasına ümid etməməlidir. O, həmçinin Amerika hərbçilərinin sülhməramlı missiyada iştirak etməyəcəyini açıqlayıb.

“Bloomberg”-in məlumatına görə, Ukraynanın təhlükəsizliyinə zəmanət vermək və Aİ-nin hərbi imkanlarını genişləndirmək növbəti onillikdə birliyə əlavə 3,1 trilyon dollara başa gələ bilər.

Fransa, Almaniya, Polşa, İtaliya, İspaniya, Ukraynanın xarici işlər nazirləri, həmçinin Avropa Komissiyası və Aİ diplomatiyasının rəhbəri birgə bəyanatla çıxış ediblər.

Bəyanatda deyilir ki, onlar Ukraynaya dəstəyi artırmağa hazırdırlar.

“Biz amerikalı müttəfiqlərimizlə gələcək fəaliyyətləri müzakirə etməyə hazırıq. Biz çalışmalıyıq ki, Ukrayna güclü mövqedə olsun. İstənilən danışıqlarda Ukrayna və Avropa iştirak etməlidir. Ukrayna güclü təhlükəsizlik təminatları ilə təmin edilməlidir. Ukraynada ədalətli və davamlı sülh Atlantik okeanının hər iki tərəfində təhlükəsizlik üçün zəruri şərtdir”, – bəyanatda deyilir.

Eyni tezisi – Ukraynada müharibənin başa çatmasının Ukrayna və Avropasız müzakirə oluna bilməyəcəyini – Almaniya, Polşa və Latviyanın xarici işlər nazirləri israrla dilə gətirirlər.

“Bloomberg” yazır ki, qeyri-ictimai Avropa rəsmiləri Trampın Ukraynanı “satdığını” deyirlər.
Hələlik mümkün sövdələşmənin konkret təfərrüatları  açıqlanmayıb. Görünür ki, ABŞ Ukraynadan ərazi güzəştləri tələb edəcək.

Söhbət Krım, Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərinin ilhaqından gedir.
Yəqin ki, Ukrayna qoşunları Rusiyanın Kursk vilayətini, rus qoşunları isə Ukraynanın Xarkov vilayətini tərk etməli olacaqlar.

Ukraynanın təhlükəsizliyinə təminat məsələsi xüsusilə çətin olacaq. Tramp bu və bir çox digər məsələləri həll etmək üçün danışıqlara rəhbərlik etməyi ABŞ dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff, Milli Təhlükəsizlik Müşaviri Maykl Vals və xüsusi nümayəndə Stiv Uitkoffa tapşırıb.

Ukrayna Prezident aparatının rəhbəri (və ehtimal ki, Ukrayna tərəfinin baş danışıqçısı) Andriy Yermak bildirib ki, Volodimir Zelenski artıq danışıqlar qrupunun yaradılmasına göstəriş verib.

O, fevralın 14-16-da Münhen Təhlükəsizlik Konfransında Amerika tərəfi ilə birgə işin başlayacağını gözləyir.

Qeyri-ictimai Ukrayna rəsmiləri, Avropa rəsmiləri kimi, Trampın Putinlə gözlənilməz söhbətindən narazıdırlar.

Bununla belə, Amerika Prezidentini tənqid etməməyə çalışırlar.

Həm Zelenski, həm də Yermak açıq şəkildə hər hansı danışıqlara hazır olduqlarını vurğulayırlar, çünki sülhdə daha çox Ukrayna maraqlıdır.

Amma onlar öz şərtlərində israr edirlər.

“Ukraynanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi heç bir kompromis predmeti ola bilməz”, – Yermak vurğulayıb.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar