Azərbaycan: nə qədər pis səhiyyə, o qədər çox türkəçarə

27-12-2018, 10:02   

 

Mistik ayinlərin gözgörəsi təhlükəsinə baxmayaraq, Azərbaycanda hələ də türkəçarə, cadugərlər, hətta cindarlar dəbdədi. Ekspertlər hesab edirlər ki, bunun əsas səbəbi ümumi təhsilin aşağı səviyyəsi yox, ölkədə səhiyyənin bərbad vəziyyətidi. 

Bir ay əvvəl, noyabr ayında Azərbaycanın şimalında yerləşən Şabran rayonunda qətl hadisəsi baş verib. 6 nəfər rayon sakini ruhi xəstə olduğu deyilən cavan oğlanı bədənindən “cin çıxarmaq” məqsədilə nar çubuqları ilə ölüncəyə qədər döyüb. Həbs olunanların söylədiyinə görə, faciəylə nəticələnən “cin çıxarma” seansı 25 yaşlı Murad Soltanov üçün ilk olmayıb.

İstintaq faciənin həqiqətənmi ehtiyatsızlıqdan baş verib-vermədiyini aydınlaşdırdığı müddətdə teoloqlar fəal şəkildə hadisəni şərh edirlər. Bu cür ayinləri şarlatanlar uydurub – ilahiyyatçı Elşad Miri bildirib. O vurğulayıb ki, islamda, ümumiyyətlə, “cin çıxarma” anlayışı yoxdu.

Amma bu faciədən sonra da Azərbaycanda cindarlara, cadugərlərə və türkəçarəçilərə üz tutanların sayı azalmır.



Kolya dayının ruhu

Ölkədə ən populyar ayinlərdən biri də çıldağdı – dağlayaraq qorxunun çıxarılması. Belə hesab olunur ki, çıldağçı bədənin müəyyən nöqtələrinə dağ basmaqla adamın canından qorxunu çıxarır. Bu, ağrılı prosedurdu, xüsusən də uşaqlar üçün.

“Adətən çıldağa aparılanda özümdə olmurdum. Böyük qardaşım tutmam tutan kimi üzümə yaxşı şillə ilişdirib, bərk-bərk qucaqlayardı, çırpına bilməyim deyə. Həmin anlarda ancaq onun gücü çatırdı mənə, elə qəribə güc gəlirdi ki, başqa heç kim tutub saxlaya bilmirdi. Sonra da maşına basıb, sürətlə sürüb aparardılar. Ocağın ətrafına gətirərdilər, yenə qardaşımın qucağında. Sonra köynəyimi soyundurar, şalvarımın balaqlarını yuxarı çırmalayardılar. Həmin qoca kişi pambığı yandırıb ətimə basardı. Hər səfərində ağrıdan diksinib qışqırardım...” – 46 yaşlı Samir Əhədov (ad şərtidir) uşaq yaşlarında yaşadıqlarını danışır.

Söylədiyinə görə, 10-12 yaşı olan zaman qonşuluqda hamamda qaz boğulmasından bir kişi ölübmüş. Onun meyitindən qorxub.

“Kolya dayı erməni idi, onlar da öləni tabutda üzü açıq basdırırlar axı. Çox şişmişdi sifəti, qaralmışdı elə bil. O səhnəni uzun müddət unuda bilmədim. Əvvəlcə o görüntü gəlirdi gözümün qabağına. Sonra elə bil fikir məni aparırdı. Sonra gözümə qəribə şeylər görünürdü. Məsələn, ağ əbalı, ağ saqqallı adam gəlirdi arxamca, mən addımlarımı yeyinlətdikcə, o da daha sürətlə gəlirdi. Elə bilirdim məni ölümə aparmaq istəyir. Bu an “ölmək istəmirəm” deyə qışqırmağa və var gücümlə qaçmağa başlayırdım. Qabağımı kəsmək də asan olmurdu”.

Samir deyir ki, uşaqlığının bir neçə ili bu cür tutmalarla keçib. Onu heç vaxt həkimə aparmayıblar. Hər tutmadan sonra çıldağa gedirmişlər...



Qorxuya qarşı qorxu

Qəhrəmanımızın 35 il əvvəl aparıldığı çıldaq ocağı hələ də durur. Maştağada yerləşən bu ocaqda çıldaqçılıq uzun illərdi ki, nəsildən nəsilə ötürülür. Hazırda ocaqda çıldaqçılıq edənlərdən biri də Hacı Ağadır. Onun sözlərinə görə, ocaq bineyi-qədimdən mövcuddu. Deyir ki, hətta sovetin zamanında da heç vaxt onlara dəyib-dolaşan olmayıb:

“Çünki böyük adamlardan da gələn olub həmişə. Adlarını deyə bilmərəm. Amma gəliblər, gəlirlər də”.

Hacı Ağa əsasən “qorxusu olanların” bu ocaqda şəfa tapdığını söyləyir. Prosedur isə belədir: dürmək kimi bükülmüş çit parça yandırılır, adamın alnına, gicgahlarına, boynuna, qol və ayaq oynaqlarının ətrafına basılır. Böyükləri əməlli-başlı dağlasa da, uşaqları yüngülcə diksindirməklə kifayətlənir. Amma beş yaşlı qızın “müalicəsini” öz gözləri ilə görən MeydanTV əməkdaşları qorxudan sarsılmış uşağın isterik ağlayışına şahid olublar.

İnsanın “düçar olduğu qorxunun” dərəcəsini çıldaqçı çıldaq zamanı onun reaksiyasından, bədən dilindən anlaya bilir.

“Bir də baxırsan ki, dağ basanda adamın tüklərinin dibi çox qızarır, qabarır, tükləri biz-biz durur. Deməli, onun canında qorxu lap çoxdu”.

Zəhməthaqqı olaraq konkret məbləğ yoxdur. Kimin ürəyindən nə qoparsa, ocaqda qəbuldu.



Səhiyyə nə qədər zaydısa, türkəçarəçilər bir o qədər çoxdur

Sosioloq Cavid İmamoğlu hesab edir ki, insanların qeyri-təbii məfhumlara inamı təhsil və dünyagörüşünün aşağı səviyyədə olması ilə yanaşı səhiyyənin də bərbad vəziyyətidir:

“Əhali qrupları arasında təhsil və dünyagörüşü yüksək olan kəsimlər adətən belə şeylərdən uzaq durur, dərdlərinin əlacını mütəxəssisdə axtarırlar”, - İmamoğlu Meydan TV- yə bildirib.

Amma bu da bir reallıqdır ki, belə yerlərə müraciət edənlərin arasında təhsilli, dünyagörüşü yerində olan insanlar da olur.

“Bunlar əsasən, çarəsiz qalanlardır. Məsələn, həkimlərin belə aciz qaldığı xəstəliklər zamanı bu cür adamlar çarəni möcüzədə axtarmağa başlayırlar. Yəni “ara peşələrin” populyarlığı ilə ölkə səhiyyəsində zəif olan sahələri müəyyən etmək mümkündür. Məsələn, insanların çöpçüyə getməsi yaxşı lor-həkimlərin, çıldaqçıya getməsi nevropatoloqların, cindarlara müraciət etməsi psixiatrların, falçılara müraciət etməsi psixoloqların, sınıqçılara müracət etməsi travmotoloqların və sairə kasadlığından xəbər verir”.

Bəzən isə həkimlər özləri xəstələrini çıldağa göndərirlər, - Hacı Ağa belə deyir: “Diaqnoz qoya bilməyəndə özləri xəstələri yanıma göndərirlər”.



“21-ci əsrdə diplomlu mütəxəssisləri qoyub, cindara, çıldaqçıya gedənləri, xüsusən də iradəsi azad olmayan övladlarını belə yerlərə aparanları anlamıram. Zamanla məndə həmin tutmalar keçdi. Amma əvəzində özümə qapılma yarandı. İndi insanlarla çox az ünsiyyətdə oluram. Danışmaq istədiyim şeyləri danışa bilmirəm, fikrimi ifadə eləməyə çəkinirəm çox vaxt. Bəlkə yanılıram, amma mənə elə gəlir ki, bütün bunlar o zaman yaşadıqlarımın nəticəsidir. Tutmalar yaşadığım sarsıntı ilə əlaqədar idi, bəlkə o vaxt psixoloq, psixiatr və ya nevropatoloq məni müalicə edə bilərdi. Bunun əvəzində isə ətimə dağ basaraq, daha da stress yaşadırdılar. Sanki pazı pazla çıxarırmışlar kimi”, - Samir Əhədov danışır.



Bu məşğuliyyətlər qanunla qadağan deyil

Hüquqşünas Samirə Ağayeva bildirir ki, Azərbaycan qanunvericiliyində cindar, çıldaqçı, sınıqçı, çöpçü, falçı kimi tanınan “peşələr” adbaad qadağan edilməyib. Bu işlə məşğul olan insanlardan yalnız şikayət daxil olduğu zaman onların əməlində hər hansı cinayət tərkibi olarsa, onlar məsuliyyətə cəlb oluna bilərlər:

“Məsələn, əgər pul alıb, etibarından sui-istifadə edibsə, bu zaman dələduzluqla bağlı və ya  göstərilən misaldakı kimi ölümlə nəticələnən hadisə baş veribsə, qətllə bağlı iş açıla bilər”.

 “Mən əslində tutmalarımdan özüm qurtuldum. Həm də çıldağın qorxusundan. Təkrar-təkrar o stressi yaşamaq istəmirdim. Buna görə də zamanla hisslərimi idarə etməyi öyrəndim. Görəndə ki, yenə eyni hala düşürəm, tez kiminləsə mənasız söhbətlər eləməyə başlayırdım. Heç kimi tapmayanda isə bir kitab götürüb ucadan oxuyurdum. Fikrim tam dağılana qədər. Beləcə tutmalar zamanla azaldı və keçib getdi...” – Samir Əhədov xatırlayır.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar