SAATDA 81 KM SÜRƏTLƏ “GƏLƏCƏYƏ GEDƏN” QATARIMIZ… – “Dünyada belə sürətlə öyünən ölkə varmı?”
30-12-2018, 10:17
Xəbər verdiyimiz kimi, bu gün Bakı-Gəncə sürət qatarı (!), nəhayət, fəaliyyətə başlayıb. Qatarda ilk səfəri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov, deputatlar, jurnalistlər və incəsənət xadimləri ediblər. Xəttə buraxılması3 ildir təxirə salınan qatarın işə düşməsini xüsusu təntənə ilə qeyd edən Cavid Qurbanov xeyli sayda sevinc bəyanatları səsləndirib, mesajlar verib. “Bəziləri deyirlər ki, Cavid Qurbanov sözünün üstündə durmur, dediyi söz yalan çıxır. Mən onlara mesaj göndərirəm ki, sözümün üstündə dayanıram”, –deyə hörmətli QSC sədri layihənin yubanması ilə bağlı buvaxtadək tənqidi fikir səsləndirənlərə mesaj göndərib. Qatarın işə düşməsini “İLİN HADİSƏSİ” adlandıran C.Qurbanov, “Bakı-Gəncə sürət qatarı, həm də gələcəyin qatarıdır”, deyə layihənin əhəmiyyətini bir qədər də şişirdib. Ancaq ekspertlərin açıqlamlarından və qatarın hərəkət sürətindən belə məlum olur ki, bu qatarlar nəinki gələcəyin, heç bu günün də qatarı deyil.İnkişaf etmiş Avropa ölkələri bir yana qalsın, hətta qonşu ölkələrdə, o cümlədən MDB-yə üzv respublikaların bir çoxunda bu sürətlə hərəkət edən qatarlara artıq “sürət qatarı” demirlər. İqtisadçı ekspert Qubad İbadoğlu isə öz “Facebook” səhifəsindən paylaşdığı statusda bunu konkret faktlarla göstərib. “Saata 81 kilometr məsafə qət edən qatarın sürəti ilə öyünməyə dəyərmi?” başlığı ilə paylaşdığı yazıda Qubad İbadoğlu yazır: “Bu günlərdə yayılan xəbərə görə, gələn ildən xəttə buraxılacaq Bakı-Gəncə “sürət qatarı” 364 kilometri 4 saat 30 dəqiqəyə gedəcək. Müasir dünya belə sürətlə ötən əsrin ikinci yarısında qürrələnirdi. Hazırda isə bir sıra ölkələrdə hər saat üçün qatarların orta sürəti 300 km, maksimum sürət isə 600 km ətrafındadır. Şəkil bölməsində təqdim olunan sürət qatarlarının reytinqindən bunu görmək olar. Əslində Azərbaycanda sürət problemi qatarla bağlı deyil, dəmir yol xəttinin keyfiyyəti ilə əlaqədardır. Halbuki, son illər ərzində Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi üçün yalnız Dövlət Neft Fondundan 589,2 milyon manat vəsait ayrılıb.Lakin hələ də Azərbaycanda dəmir yollarının texniki durumu qatarların orta sürətini 80-dən yuxarı qaldırmağa imkan vermir”. Qeyd edək ki, ekspertin fikirlərini Cavid Qurbanov da dolayısıyla təsdiqləyib. O, bildirib ki, qatarın texniki imkanları saatda 300 km-ə qədər hərəkətə icazə verir: “Biz layihəni edəndə yolun maksimal sürətini saatda 160 km-ə qədər qoymuşuq. Hazırda sürət saatda 130-135 km-dir”. Ancaq qatarın Gəncəyə qədər olan 364 kilometr məsafəni 4 saat 30 dəqiqəyə getməsi nəzərdə tutulduğundan, real sürət göstəricisinin hörmətli C.Qurbanovun dilə gətirdiyi rəqəmin xeyli altında olduğunu söyləyə bilərik. Saatda 80-100 km sürətlə hərəkət edən qatarla isə, nəinki gələcəyə getmək, heç qonşulara çatmaq belə mümkün deyil… Murad Məmmədov AzPolitika.info