Gürcüstandan Azərbaycana “donuz qrip”i təhlükəsi: ölümcül virus qapıda

7-01-2019, 09:47   


Adil Qeybulla: “Məsələyə ciddi yanaşılmalıdır...” 

Qonşu Gürcüstanda “donuz qripi” kimi tanınan H1N1 virusunun (donuz qripi) aşkarlanması Azərbaycanda da bu virusun yayılma təhlükəsini aktuallaşdırıb. Gürcüstanda artıq 8 nəfər bu virusdan dünyasını dəyişsə də, səhiyyə naziri David Sergeenko  epidemiyanın olmadığını, lakin yoluxma hallarının artdığını bildirib.

 

Hazırda qonşu ölkədə uşaqlar da daxil olmaqla, təxminən, 130 nəfər qrip virusundan xəstəxanada müalicə olunur. Respublikanın Baş infeksionisti Cəlal İsayev  də mətbuata açıqlamasında açıqlamasında bildirib ki, qonşu Gürcüstanda H1N1 virusunun (donuz qripi) aşkarlanıbsa, bunun bizim ölkədə də yayılma ehtimalı var.

 

Ä°lgili resim

İbadulla Ağayev

Məsələ ilə bağlı danışan baş epidemioloq İbadulla Ağayev bildirib ki, hazırda Azərbaycan üçün H1N1 virusu təhlükəsi yoxdur: “Ümumilikdə qrip xəstəliyi həmişə mövcuddur. Düzdür ölkədə bu xəstəliyə yoluxan 5-10 nəfər var, lakin bu epidemiya halı almayıb. Bu aylarda insanlar özlərini mütləq qorumalıdırlar. Qrip virusla yayılan xəstəlikdir və həmişə olacaq. Səhiyyə Nazirliyinin bütün tibb müəssisələri müraciət edən xəstələrə yardım göstərmətə hazırdır. Mütləq həkimə müraciət etsinlər və həkim nəzarəti altında müalicə olunsunlar”.

Dövlət Gömrük Komitəsi də əhalinin sağlamlığının qorunması, insanlar üçün qlobal təhlükə törədən qrip, xüsusilə “donuz qripi” kimi tanınan A (H1N1) virusu və digər yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə sərhəd gömrük-buraxılış məntəqələrində gömrük orqanları tərəfindən müvafiq profilaktik tədbirlər davam etdirilir.

Məsələ ilə əlaqədar öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının katarı, əzələ və oynaq ağrıları və s. simptomlarla özünü büruzə verən, xəstəliyi hava-damcı yolu ilə sağlam insanlara keçirə bilən fiziki şəxslərin müəyyənləşdirilməsi üçün məsafədən insan bədəninin hərarətinin ölçülməsində istifadə olunan cihazlar (termovizorlar) vasitəsilə termometriya, tibbi sorğu, vizual müayinə və digər üsullarla tibbi-sanitariya yoxlamaları həyata keçirilir.

Adil Qeybulla ile ilgili görsel sonucu

Adil Qeybulla

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan tibb  elmləri doktoru Adil Qeybulla da vurğuladı ki, insan ölümü ilə nəticələndiyi üçün donuz qripi təhlükəli virus sayılır: “Donuz qripi” də qripin bir formasıdır. Yəni H1N1 virusunun bir subtitridir. Donuz qripi, quş qripi, insan qripi əslində simvolik adlardır. “Donuz qripi”nə ona görə bu adı oyublar ki, həm donuzlar, həm də insanlar yoluxur. Quş qirpinin adı isə ona görə belə qoyulub ki, həm quşlarda, həm də insanlarda rast gəlinir. Donuz qripindən çox böyük insan tələbatı olduğuna görə hər zaman diqqət mərkəzindədir. Zamanında 700 nəfərə yaxın insan bundan tələb olmuşdu. Ümumiyyətlə, qrip yayılarkən Ümumdünya Səhiyyə Təşkilatı bununla bağlı hesabat yayır və qripin yayılma arealı, o cümlədən təhlükəsi ilə bağlı məlumat verir. Əgər quş qripi qanla yoluxursa, donuz qripi hava-damcı yolu ilə yoluxur. Bu baxımdan hava-damcı yolu ilə yoluxan infeksiyalar sərhəd tanımır. Yəni bu virus hər hansı dövlətin ərazisində yayılıbsa, bu onun sərhədləri ilə məhdudlaşacağı anlamına gəlmir. Virus başqa ölkələrə də keçə bilər, çünki insanlar daim miqrasiya edirlər və bəzən virus daşıyırlar. Onlara tam nəzarət etmək mümkün deyil. Ola bilər ki, xəstəliyin ağırlaşmış mərhələsində hər hansı insan görünüşü ilə diqqət çəksin və sərhəd keçid məntəqəsində saxlanılsın. Ancaq virusa təzə yoluxan, hələ tam xəstələnməyən adamı aşkarlamaq mümkün deyil, ola bilər ki, keçdiyi digər dövlətin ərazisində xəstəliyi aşkara çıxsın və yayılsın".

Ekspertin sözlərinə görə, Azərbaycanda da əhalinin maarifləndirilməsi istiqamətində işlərin aparılmasına  çalışmaq lazımdır: “Təmaslarım məhdudlaşdırılması, virusa yoluxan insanın və onun ətrafındakıların hansı şərtlərə riayət etməsi, virusdan müalicə qaydaları ilə bağlı məlumatlar verilməlidir. Çünki çox vaxt insanlar qripə yoluxan kimi dərhal gedib antibiotik alırlar, istifadə edirlər. O da kömək etmək əvəzinə ağırlaşma verir. Ümumiyyətlə, bunu hamı bilməlidir ki, antibiotik qrip virusuna təsir etmir. Virusları birbaşa hədəfə alan dərman preparatları yoxdur, xüsusilə də qrip virusunu. Qrip 4 karantin infeksiyadan biridir: vəba, taun, sarı qızdırma və qrip. Ona görə də bu məsələyə ciddi yanaşılmalıdır. Xəstələr ətraf mühitdən təcrid olunmalıdırlar, yataq rejiminə keçməlidirlər. Çoxlu maye qəbul etməli və həkim təyinatı əsasında müalicə almalıdırlar. Özbaşına müalicə yolverilməzdir. Qripin əsas əlamətləri yüksək hərarət, öskürək, yuxarı tənəffüs yollarının qıcıqlanması, burundan su gəlməsi və sairdir. Əgər bu əlamətlər varsa, o insan dərhal təcrid olunmalıdır. Əllər daim sabunla yuyulmalıdır, spirt və digər antibakterial vasitələrdən istifadə olunmalıdır. Kollektivdə və ictimai nəqliyyatda  birdəfəlik tibbi maskalardan istifadə də mütləqdir. Bununla yanaşı, bədənin immunitetinin gücləndirilməsi üçün vitaminli qidalardan istifadə edilməlidir, aktiv həyat tərzinə keçilməlidir”.

“Donuz qripi”nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub. Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada, Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur. “Donuz qripi”nə qarşı hələlik heç bir peyvənd yoxdur. İndi Ümumdünya Səhiyyə Təşkilatı bu peyvəndi hazırlamaqla məşğuldur. Amma qriplə bağlı önəmli bir xəbər də ondan ibarətdir ki, “quş qripi”nə qarşı təsirli olan Tamiflu və Relenza kimi dərmanlar “donuz qripi”nə yoluxanlara da müsbət təsir edir. Vaxtında müalicəyə başlayanda, xəstəni sağaltmaq mümkündür.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar