“Mətbuata ona görə pul ayrılmır ki, gedib dədəsindən, babasından yazsın" - Siyavuş Novruzov

5-02-2019, 13:12   
 
Milli Məclisin sonuncu plenar iclasında YAP-çı millət vəkili Siyavuş Novruzov xaricdən Azərbaycana qarşı aparılan təhqir kampaniyasına qarşı adekvat reaksiya verilməsi ilə bağlı çağırış edib. Lakin onun bu çağırışı birmənalı qarşılanmayıb. Bu və ya digər məsələlərlə bağlı Unikal.org-un suallarını cavablandıran Siyavuş Novruzovla söhbətə bu mövzudan başladıq.
-Siyavuş müəllim, öncə Milli Məclisin son iclasında etdiyiniz çağırışla bağlı fikirlərinizi bildirərdiniz. Belə bir çağırış etməyə nə ehtiyac var idi?

-Bizim Milli Məclisdə 72 nəfər deputatımız var idi. Son Prezident seçkilərindən sonra bir neçəsi təyinat aldı və hazırda parlamentdə 68 nəfərlə təmsil olunuruq. Bilirsiniz ki, mən dövlətlə, cənab Prezidentlə, partiya ilə bağlı istənilən məsələyə istənilən müstəvidə münasibət bildirirəm. Elə məsələlər var ki, sahəvi xarakter daşıyır və onlar barədə mütəxəssislər danışsa, daha yaxşı olar. İkinci bir tərəfdən seçicilərlə görüş də vacib məsələdir. Seçicilərlə görüşüb dövlətin, Prezidentin apardığı siyasətin mahiyyətini onlara düzgün izah etmək lazımdır. Yəni, xalqla öz dilində danışmaq lazımdır ki, görülən işlərin miqyasının nə qədər olduğunu anlasınlar. Mən televiziyada çıxış edirəm, hansısa vətəndaş mənə sual verə bilmir. Amma ayrı-ayrı səlahiyyətli şəxslər vətəndaşlarla ünsiyyət zamanı bu suallara cavab verə bilər. Bilirsiniz, hər bir deputat öz məsuliyyətini dərk etməlidir. Milli Məclisdə təmsil olunursa, adekvat fəaliyyət göstərməlidir.
-Əgər Siz çağırış etməyə ehtiyac duymusunuzsa, deməli, deputatlarınızın passivliyini hiss eləmisiniz, elə deyilmi?
-Biz bu tipli müzakirələri hər zaman aparırıq. YAP-da 11 komissiya fəaliyyət göstərir. Əksəriyyəti də deputatlardır. Onu da deyim ki, burada söhbət təkcə deputatlardan getmir. Partiyanın İdarə Heyəti, Siyasi Şuranın üzvləri, gənclər, qadınlar təşkilatları və sair var. Bunların hər biri aktiv olmalıdır. Aktivlik ondan ibarətdir ki, dövlət başçısının həyata keçirdiyi siyasət insanlara çatdırılsın. Bunu televiziyada, sosial şəbəkələrdə, insanlarla birbaşa ünsiyyətdə gerçəkləşdirmək lazımdır.
Onu da bilirsiniz ki, bu gün xaricdə oturub müxtəlif adlar altında Azərbayacana qarşı yalan, böhtan, söyüş kampaniyaları aparırlar. Bununla həm dövlət rəhbərliyini, həm Milli Məclisin üzvlərinə təhqirlər yağdırırlar. Buna tək bir-iki adam cavab verməli deyil ki? Mən ona görə belə bir çıxış eləmişdim.
-Sizin çıxışınızdan o da hiss olundu ki, sanki, dövlətdən maliyyə alan media nümayəndələrinin, QHT rəhbərlərinin, ayrı-ayrı ictimai-siyasi xadimlərin boynuna minnət qoyursunuz. Yəni, pul alırsınız, niyə susursunuz, danışın...
-Xeyr. Mənim fikirlərimdə kiməsə minnət qoymaq niyyəti yoxdur. Mən sadəcə olaraq deyirəm ki, həqiqəti deyin. Bu gün Azərbaycan dövləti qədər mətbuata, QHT-lərə və digər sahələrə diqqət göstərən başqa dövlət yoxdur. Jurnalistlərin pulsuz mənzillə təmin olunması, KİVDF vasitəsi ilə mətbuata maliyyə ayrılması və sair. Mətbuata ona görə pul ayrılmır ki, gedib dədəsindən, babasından hekayə yazıb dərc eləsin, yaxud da eşq şeiri yazıb çap eləsin. Dövlətin gördüyü işlərdən, milləti maraqlandıran məsələlərdən, Dağlıq Qarabağdan yazılar yazılmalıdır.
-Axı şərt qoyanda da media azadlığı olmur...
-Mən demirəm ki, hansısa naziri tərifləsin, yaxud onun barəsində mədhiyyə yazsın. Sırf dövlətin mövqeyi qorunmalıdır.
-Hansısa nazir, yaxud nazirliyin fəaliyyətində problem olanda necə?
-Əgər problem varsa, yazsın. Bu, jurnalistin səlahiyyətində olan məsələdir. Biz jurnalistin fəaliyyətinə qadağa qoya bilmərik. Hər kəs tənqid də, təhlil də edə bilər və buna görə kimisə təhdid eləmək olmaz, amma təhqir yolverilməzdir.
-Diqqət edirsinizsə, mediada təhqirə yol verilmir. Müəyyən mənada sosial şəbəkələrdə ola bilər...
-Bilirsiniz, mediada mənbə bəllidir, amma sosial şəbəkədə bu, bəlli deyil. Təhqirə görə məsuliyyət var. İndi kimsə sosial şəbəkədə təhqirə məruz qalır, amma hüquqlarını müdafiə etməyə yer atapa bilmir. Kimi, hansı formada məhkəməyə versin?
-Niyə ki? Sosial şəbəkədə də hər hansı bir profil sahibini tapmaq olur...
-Bu da çox uzun bir prosesdir. Ona görə də başqa yol tapmaq lazımdır.
-İndi proses uzundur deyə, sosial şəbəkələri qapatmalıyıq?
-Sosial şəbəkələri bağlamayaq, amma elə bir yol seçməliyik  ki, hər şey qaydasında olsun. Birincisi, o insanlar başa düşməlidirlər ki, başqasını təhqir eləmək olmaz. Milli Məclisdə onun babası yaşında adam var, bəzilərinin müəllimi, bəzilərinin həkimi Milli Məclisdə təmsil olunur. Bu cür məqamlara diqqət eləmək lazımdır. Kimdənsə xoşun gəlmirsə, ümumilikdə təhqirə keçmək olmaz axı. Konkret mənimlə söhbəti varsa, mənimlə davasın aparsın, bütövlükdə Milli Məclisi niyə təhqirə məruz qoyur? Özü də müxtəlif adlar altında gizlənilər. Keçmişdə buna “donos” deyirdilər. İndi də bu adamlar sosial şəbəkələrdə “donos” yazırlar.
-Sovet vaxtında kimlərsə Bakıya Mərkəzi Komitəyə yazır, hətta Moskvaya da yazanlar var idi. Nəticə olurdu, tez reaksiya verilirdi. Bəlkə son illər dövlət qurumlarına edilən şikayətlərə baxılmadığı üçün onlar Sizin təbirinizcə desək, sosial şəbəkələrdən “donos” yazmağa başlayıblar?
-Birinicisi, o adamlar heç vaxt müraciət yazmayıblar. Hansısa saxta profildə gizlənib, söyüş yazır. Bunların işi, peşəsi ancaq söyüş söyməkdir. Təbii ki, bu, xarici kəşfiyyat orqanlarının qurduğu setdir. Əsas məqsəd də dövləti, dövlətçiliyi müdafiə edən insanları mənəvi terror yolu ilə bundan uzaqlaşdırsınlar. Yəni, kimlərsə dövləti müdafiə eləməsin ki, söyüş hədəfinə gəlməsin.
-Yəqin, elə bəzi həmkarlarınız da bundan çəkinərək önə çıxmaq istəmirlər...
-Ümumi qaydada onsuz da onları söyürlər. Amma fərdi qaydada düşünürlər ki, “bəlkə mənə demir”. Yəni, bəziləri “məndən ötdü, qardaşıma dəydi” prinsipi ilə yaşayır. Bax, mən bu prinsipin əleyhinəyəm. Hər bir insan mübariz olmalıdır. Biz milyonlarla insanın içindən seçilmişik və biz də canımızla, qanımızla dövləti və Prezidenti müdafiə etməliyik. Azərbaycanda bu qədər iş görülüb. Dünyaya nəzər salın, hər yer od-alov içindədir. Azərbaycanda ictimai-siyasi, iqtisadi stabillik mövcuddur, sosial problemlər həll olunur, kənd təsərrüfatı inkişaf edir, yeni iş yerləri açılır. Azərbaycan iqtisadiyyatına 125 milyarddan artıq investisiya qoyulub. Bu isə Ermənistanda cəmi 4 milyarddır.
-Əməkhaqqı, pensiya və müavinətlər, eləcə də digər göstəricilərlə müayisədə qonşu ölkələrdən irəlidə deyilik axı...
-Xeyr. Biz post-sovet məkanında birinci, ikinci yerləri bölüşürük. Qonşu dövlətlərdə orta pensiyanın həddi 70 manat çərçivəsindədir, elələri var ki, ondan da aşağıdır. Ona görə mən deyirəm ki, insanlara izahat vermək lazımdır. Pensiya artımı ilə bağlı müxtəlif terminoloji izahlar verilir, amma yaxşı olar ki, sadə dillə desinlər. Vətəndaş da bilsin ki, nə qədər artım alacaq.
-Amma bu məsələdə izaha ehtiyac yoxdur. Onsuz da vətəndaş pensiyasını alıb bazara gedəndə hər şeyi yaxşı başa düşəcək...
-Aydın məsələdir. Bir məsələ də var ki, bizdə köhnə düşüncə ilə yaşanır. Keçmişdə maaş nə qədərdisə, pensiya da o qədər olurdu. Amma keçmişlə indini müayisə edəndə fərqin o qədər böyük olmadığı üzə çıxır. Gündəlik tələbat malları – qənd, çay, yağ, ət, düyü və s. qiyməti elə də dəyişməyib.
-Evə bazarlığı özünüz edirsiniz?
-Bəli. Dükana-bazara özüm gedirəm, bazarlığı özüm edirəm.
-O zaman bazardakı vəziyyətlə tanışsınız...
-Bəli.
-Məlumdur ki, deputat kimi əməkhaqqınız yüksəkdir. Amma iki nəfərlik sıravi təqaüdçünün ailəsinin aldığı pul 350-360 manat olar. Necə düşünürsünüz, həmin pulla həm bazarlıq etmək, həm həkimə getmək, dərman almaq, kommunal haqları ödəmək mümkündürmü?
- Hər bir şəxsin özünün dolanışıq mexanizmi olmalıdır. Rokfeller bir cür dolanır, mən başqa cür dolanıram, o biri də başqa cür... Təbii ki, hamı çalışır ki, yaxşı yaşasın. Dövlətin də vəzifəsi odur ki, hər bir vətəndaşa layiqli həyat şəraiti yaratsın. Amma başqa məqamlar da nəzərə alınmalıdır. Biri ömrü boyu ağır sənayedə işləyib, o biri hardasa yüngül işdə çalışıbmış əlini ağdan-qaraya vurmayıb. Sonda biri o biridən az təqaüd alır. Buna görə də dövləti suçlamaq doğru deyil. Yəni, məsələnin başqa tərəfləri də var.
Təbii ki, yalnız təqaüdlə yaşamaq çətindir. Hərdən xariclə müqayisə aparırlar. Orda insan işləyir pulunu yığır, pensiya yaşında da götürüb səyahətə çıxır. Bizdə isə insanlar bütün gücünü, qazancını uşağına, ailəsinə sərf edir. Yəni, investisiyanı ailəsinə qoyur ki, sonra da ona baxsınlar. Xaricdə isə uşağın 16-17 yaşı olan kimi, valideyn onları həyata buraxır. Bax, belə fərqli məsələlər var. Təbii ki, mən istəyərdim ki, hər bir vətəndaşımız 10 min manat pensiya alsın, amma gərək reallıqdan uzaq olmayaq da.
-Siyavuş müəllim, Prezident seçkilərindən sonra bir sıra struktur və kadr islahatları həyata keçirilib. Dəyişikliklərdən sonra ötən müddət ərzində hansı fərqi hiss edirsiniz?
-Təbii ki, xeyli dəyişikliklər var. Vergi sistemində xeyli problemlər həll olundu, özbaşınalıq aradan qaldırıldı. Sahibkarları sıxışdırırdılar, 6 ay qabaqdan pul yığılırdı. Son dövrlər isə bütün bunlara son qoyuldu. Gördüyünüz kimi, islahatlar gedir. Eləcə də gömrük sistemində mövcud problemlər aradan qaldırıldı. Digər sahələrdə də islahatlar gedir. Müasir texnologiyalar tətbiq olunur.
-Problemlər kadrlarla, yoxsa strukturla bağlı idi?
-Hər iki faktor var idi. O ikisi bir-birini tamamlayırdı. Ona görə islahat hər iki məqamı əhatə edir.
-Ən çox narazılıq sosial müdafiə ilə bağlı idi. Səlim Müslümov Sahil Babayevlə əvəzləndi, amma yenə də problemlər var. O vaxt ünvanlı sosial yardımla bağlı neqativliklər var idi, indi də özünüməşğulluq proqramından şikayətlər var. Hətta bu günlərdə qoca, xəstə heyvanların insanlara paylanması məsələsi parlamentdə də müzakirə olunmuşdu. Yəni, kadr dəyişikliyi elə də ciddi rol oynamadı...
-Bilirsiniz, bütün sahələrdə çalışan insandır. İnsan faktoru olan yerdə problemin olması mümkündür. Son müşavirədə cənab prezidentin əsas fikri ondan ibarət oldu ki, hər bir şey insanlar üçündür. Yəni, insanlar üçün çalışmaq lazımdır. Ayrı-ayrı layihələri yerinə yetirənlər də insandır. Axı, hər bir məmurun yanına nəzarətçi qoymaq mümkün deyil. Hesab edirəm ki, islahatlar dərinləşdikcə problemlər mərhələli şəkildə həllini tapacaq. Bilirsiniz, inqilablar əslində beyinlərdə olmalıdır. Əslində son illər kifayət qədər böyük dəyişikliklər olub. Müqayisə etsək, görərik ki, dünya ölkələri arasında biz çox irəlidəyik.
-Adətən hansısa məmur işdən çıxarılandan sonra onun barəsində...
-(Sözümüzü kəsərək) Bəli, təəssüf ki, bizdə belə bir tendensiya var ki, hansısa nazir işdən çıxarılandan sonra arxasınca danışırlar.
-Bəs, indi Siz konkret hansı sahələrdə problemlər müşahidə edirsiniz?
-Yeni təyin olunan məmurlarla bağlı konkret nəsə demək mümkün deyil. Hələ yeni başlayıblar. Özü də bu sahələr çox ağır sahələrdir. Yəqin ki, müəyyən müddətdən sonra müsbət nəticələr əldə olunar.
-Siyavuş müəllim, son dövrlər müxalif düşərgədə də hərəkətlənmə var. Ard-arda aksiyalar təşkil olunur, yeni birliklər yaranır. Rəqiblərinizin hərəkətlənməsi narahatlıq yaratmır ki?
-Qətiyyən narahat deyilik. Bizim kiçik rayon təşkilatımız onların hamısının cəmindən böyükdür. Sadəcə olaraq, bu insanlar Avropadan idarə olunurlar və onların tapşırıqlarına uyğun fəaliyyət göstərirlər, eyni mərkəzdən maliyyələşirlər. Avropa Parlamenti Mehman Hüseynovla bağlı məsələni araşdırmadan qərar qəbul edir, amma Ermənistanda siyasi partiya sədri həbsxanada işgəncə və aclıq aksiyasından ölür, onun barəsində beynəlxalq təşkilat bir cümlə belə demir. Belə yanaşma sərgiləyən təşkilatdan ədalətli qərar gözləməyə dəyərmi, xeyr.
Ona görə də biz ayıq-sayıq olmalıyıq. Çünki bizi istəməyən qüvvələr sapı özümüzdən olan baltalardan istifadə etməyə çalışırlar. Şəhidlər Xiyabanına Prezident də, Vitse prezident də, digər dövlət rəsmiləri də gedir, ziyarət edirlər, ehtiramlarını bildirilər. Amma Əli Kərimli və ətrafı bura gələndə şou düzəldirlər. Buna nə ad verəsən?
-Siyasətdə belə qəbul olunur ki, güclü iqtidarın güclü müxalifəti olar. Adətən müxalifətçilərə sual verirəm ki, bəlkə hakimiyyətlə dil tapa bilmirsiniz. İndi Sizdən soruşuram, bəlkə müxalifətlə dil tapa bilsəniz, dialoq mümkündür?
-Müxalifət başqa şeydi. Parlamentdə, parlamentdən kənar müxalifət var, xarici qüvvələrə xidmət edənlər var. Bizdə müxalifət yekcins deyil, müxtəlifdir. İkincisi, müxalifət elə ideyalar gətirməlidir ki, insanlar tərəfindən ona dəstək ala bilsinlər. Müxalifət dövlətlə xalq arasında elə bir qüvvəyə çevrilməlidir ki, hər hansı alternativ layihələrin dövlətə çatdırılması ilə məşğul olmalıdır. Müxalifətin funksiyası təkcə mitinq, yürüş keçirmək deyil. Seçkidə iştirak etməli, alternativ layihələr təqdim etməlidirlər. Ancaq korrupsiya və rüşvətxorluq sözlərini əzbərləyiblər, ortaya isə bir vərəq sənəd qoymayıblar. Hətta Qarabağla bağlı hər hansı bir sənəd, yaxud təklif hazırlayıb, ortaya qoymayıblar. Ona görə də insanlar bu adamların arxasınca getmirlər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar