Azərbaycanda mediaya maliyyə yardımı müsabiqəsinin şərtlərinin dəyişdirilməsi etirazla qarşılanıb.
Müsabiqədə yalnız ictimai, siyasi mövzularda yazan, aylıq 5 min tirajla çap olunan, 2000 nüsxə satışı olan qəzetlər iştirak edə bilər. Bundan əvvəl isə 2500 tirajla, 1000 nüsxə satışı olan bütün qəzetlər müsabiqəyə qatıla bilərdi.
Yeni tələblər bir həftə öncə elan edilib və onları ödəyə bilməyəcəyindən artıq 20 qəzet nəşrini dayandırdığını açıqlayıb. Müsabiqəyə qatıla bilməyən “Futbol +” qəzetinin redaktoru Mahir Rüstəmli deyir ki, onlar artıq prezident İlham Əliyevə də müraciət ediblər:
“Həm satış bazarının, həm də abunə sisteminin daraldığı bir zamanda bu tələbləri qarşılamaq mümkün deyil. Lap deyək ki, bir qədər fədakarlıq edib, tələbləri çatdırdıq. Digər tərəfdən də müsabiqəyə yalnız ictimai-siyasi mövzularda yazan qəzetlər buraxılır. Bütün idman və digər mövzularında yazan qəzetlər isə sıxışdırılıb, müsahibəqədən kənarda qalır”.
Futbol+ qəzeti Kütləvi İnformasiya Dövlət Dəstəyi Fondunun sonuncu müsabiqəsində qalib gəlib. 3 ay müddətinə 15 min manat maliyyə yardımı alıb. Martın sonunda bu yardım müddəti bitir.
KİV-ə Dövlət dəstəyi fondunun müşahidə şurasının üzvü Rəşad Məcid etirazları təbii qarşılayır. Amma vurğulayır ki, dəyişikliklərin məqsədi ictimai fikrə təsiri olan, rəqabətə davamlı olan qəzetlərə dəstək göstərməkdir:
“10 ilə yaxındır ki, bu Fond 30-a yaxın qəzeti maliyyələşdirir. Amma bu qəzetlərin işində irəliləyiş olmayıb, tirajları artmayıb. Ümumiyyətlə, obyektiv olaraq, qəzetlərə maraq azalıb. İndi çoxları yeni medianı, saytları oxuyur. Bu baxımdan belə qərara gəlindi ki, daha kəskin rəqabət şəraitində, daha çox tiraj yığan qəzetlər, ictimai fikrə daha çox təsir imkanları olan qəzetlərə dəstək olunsun. Şübhəsiz ki, indi buna görə narazılığın olması təbiidir”.
Son vaxtlar ictimai fikrə təsir və hökumətin ictimai fikirlə hesablaşmaması məsələsi gündəmə gəlib. Həm rəsmilərin özləri, həm də müstəqil ekspertlər düşünürlər ki, Azərbaycanın yerli televiziya və radioları ictimai fikrə təsir imkanlarını itirib. İndi əhali daha çox məlumatı sosial şəbəkələrdən alır.
Köşkdə satılmayan qəzet, qəzet deyil
Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə hesab edir ki, elə indiki dəyişikliklərdən sonra yardım alacaq qezetlərin belə oxucu kütləsi yoxdur. Bu yaxınlarda şəhərin mərkəzindəki 10 köşkdə qəzetlərin satışı ilə bağlı keçirdikləri sorğu bunu göstərdi:
“Monitorinq onu göstərdi ki, gündə cəmi 1-2 qəzet satılır. Ən çox satılan “Yeni Müsavat” qəzetidir. Günə 20 qəzet satılır. Bu da onu göstərir ki, həmin qəzetləri oxuyan yoxdur. Həmin o “Səs”, “Azərbaycan” qəzetidir bunu oxuyan yoxdur. Bu qəzetləri məcburi şəkildə dövlət orqanlarına abunə etdirirlər. Ümumiyyətlə, köşklər bir indikatordur. Köşklərdə qəzet satılmırsa, bu qəzet, qəzet deyil”.
Media eksperti Xaliq Ağaliyev deyir ki, ümumiyyətlə, dövlətin qəzetlərə yardım ayrımasının özü doğru yanaşma deyil. Onun fikrincə, hökumət bu sahəyə dəstək vermək istəyirsə, əngəlləri aradan qaldırmalıdır:
“Reklam bazarının formalaşdırılmasına, çap mediasının bütün ölkə ərazisində yayımına, səyyar satış mexanizmlərinə və digər əngəlləri aradan qaldırsın. Hüquqi baxımdan hökumətin hər hansı yardım göstərmək, maliyyə dəstəyi vermək kimi öhdəlikləri yoxdur”.
Qəzetləri bu vəziyyətə elə hakimiyyət salıb
Turan İnformasiya Agentliyin rəhbəri Mehman Əliyev isə deyir ki, elə hökumət bütün bu sadalanan əngələri yaratmaqda məqsədi medianı asılı vəziyyətə gətirmək idi:
“1998-ci ildə Azərbaycan mediasına qarşı iqtisadi senzura başladı. O zaman reklam bazarını çökdürməyə başladılar, ancaq özlərinə yaxın mediaya reklam verilməsinə şərait yaratdılar. Ümumiyyətlə, medianı özlərindən aslı vəziyyətə salmaq üçün bütün iqtisadi maraqlarını vurub, dağıtmağa başladılar”.
Mehman Əliyev deyir ki, həmin vaxtlar yerli qəzetlər müxtəlif formalarda etiraz aksiyaları keçirdilər. Ovaxtkı prezident Heydər Əliyev media mənsubları ilə görüşdü. Həmin görüşdə iştirak edən Mehman Əliyev deyir ki, o vaxt da qəzetlərə dəstək müzakirə edilib, amma sonradan bu dəstək siyasəti düzgün qurulmadı və 10 il sonra ayrılan pulların heç bir səmərəsinin olmadığı üzə çıxdı.
Bəs, ümumiyyətlə, indi qəzetlərə maraq varmı? AzadlıqRadiosu bu barədə sorğu keçirib:
Bu arada xatırladaq ki, uzun müddətdən sonra ilk dəfə prezident İlham Əliyev yerli mediaya müsahibə verib. O bildirib ki, mediaya dəstək hər zaman onun diqqətindədir.
Bir çox yerli və xarici jurnalist təşkilatları isə Azərbaycanda söz azadlığının pozulduğunu, tənqidi medianın susdurulduğunu bildirirlər. AzadlıqRadiosu da daxil, bir çox müstəqil media qurumlarının saytlarına giriş məhdudlaşdırılıb.
AzadlıqRadiosu