“Vətəndaşların xeyli hissəsi bankların borc tələsinə düşüb” – Deputatdan TƏKLİFLƏR

28-02-2019, 12:38   
 

Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə vətəndaşları narahat edən problemli kreditlərin həllinə dair göstəriş verildiyini bildirib.

Məsələ ilə bağlı iki aydan çox müddətdə iş getdiyini deyən İlham Əliyev qərarın vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında mühüm rol oyanacağını vurğulayıb.

Problemli kreditlərin həcmi rəsmi rəqəmlərdəkindən çoxdur

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli Modern.az-a bildirib ki, hazırda rəsmi olaraq problemli kreditlərin həcmi 1,6 milyard manatdır:

"2015-ci ilin iki şok devalvasiyasından sonra problemli kreditlər sürətlə artdı və bir qədər azalmadan sonra hazırda 1,6 milyard manat və ya kredit portfelinin 12 faizini təşkil edir. Əslində isə problemli kreditlərin həcmi göstərilən rəqəmdən çoxdur ki, bu da kritik həddən yüksəkdir. Daha çox bu amilin təsiri ilə, bir neçə bank istisna olmaqla, bank sektoru ağır duruma düşüb və həmin çətinliklərin xeyli hissəsi indi də davam edir. Dollar kreditləri ətrafında manipulyasiyalar nəticəsində vətəndaşların xeyli hissəsinin borc tələsinə düşməsi Azərbaycanda əhalinin müəyyən hissəsnin güzəranının yaxşılaşması qarşısında ciddi maneəyə çevrilib. Əvvəllər ayda 500 manata qədər gəliri olan vətəndaşlar bir təhər də olsa özünü dolandıra bilirdisə, devalvasiyadan sonra bir tərəfdən hər ay kreditə görə banka ödədiyi pulun məbləği artdığından, digər tərəfdən isə qiymətlərin sürətlə bahalaşması nəticəsində rəsmən yoxsul hesab olunandan da yoxsul vəziyyətə düşüb”.

"Məhkəmələr kredit borcu olan yüzminlərlə insanın əmlakına əl qoyub”

Parlamentarinnin sözlərinə görə, ölkə əhalisinin hər 4 nəfərindən birinin banka borcu var:

"Banklara borcu olanlarla yanaşı, 1 milyon nəfərdən artıq vətəndaşımız borclara zamin olmaqdan əziyyət çəkir. Xeyli vətəndaşımız və biznes strukturları bank kreditlərinin girovuna çevrilib. Qaytarılmayan kreditlərlə bağlı bank müraciətləri əsasında vətəndaşlara qarşı qaldırılmış məhkəmə iddialarının sayı 100 minlərlə ölçülməkdədir. Yüz minlərlə insanın əmlakına, əməkhaqqına əl qoyulub, ölkədən çıxışı yasaqlanıb. Bu, ölkədə iqtisadi fəallığın artması qarşısında maneəyə çevrilib. Kredit qoyuluşları getdikcə azalır. Bütün bunlar isə əhalidə ciddi narazılıqların yaranmasına gətirib çıxarıb. Bu problemi, xüsusən də xarici valyutada olan kreditlər problemini çözmək lazımdır ki, həm bankların sağlamlaşdırılmasına, həm də əhalinin güzəranının yaxşılaşmasına geniş yol açılsın. Bank sektorunu sağlamlaşdırmadan qeyri-neft sektorunu lazımı səviyyədə inkişaf etdirmək çətin olacaq. Problemli kreditlər, xüsusən də xarici valyutada olan kreditlər problemini etibarlı şəkildə həll etmədən bank sisteminin də etibarlı şəkildə sağlamlaşdırılmasından danışmaq olmaz”.

"Devalvasiyadan sonra yaranmış əlavə borclar 4 yerə bölünsün”

Ə.Məsimli deyib ki, fevralın 25-də Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədən sonra problemli kreditlərin həlli istiqamətində konkret addımların atılacağı şəksizdir:

"Prezident bildirdi ki, "problemli kreditlər məsələsi ilə son mərhələdə işçi qrupu çox ciddi məşğuldur. İki aydan çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu, o qədər də sadə məsələ deyil. Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük”.

Prezidentin bu çxışından sonra problemli kreditlərin həlli istiqamətində konkret addımların atılacağı şəksizdir. Biz bu sahədə əhalinin xeyrinə atılacaq hər bir addımı müsbət qiymətləndiririk. Prezident öz çıxışında bildirdi ki, "bilirəm ki, Milli Məclisdə də bu məsələ müzakirə olunur. Müxtəlif təkliflər səsləndirilir”.

Bəli, deputat həmkarım Vahid Əhmədovla birlikdə problemli kreditlər məsələsinin optimal həllinin tapılması istiqamətində ölkənin tanınmış mütəxssislərinin də fikirlrini almaqla Təkliflər Paketi hazırlayıb aidiyyatı orqanlara göndərmişik. Həmin təkliflər paketi ümumi maliyyə sağlamlaşdırılması kontekstində xarici valyutada olan kreditlərlə bağlı əhalinin və biznes strukturlarının düşdüyü ağır vəziyyətdən çıxarılmasını da nəzərdə tutur. Mərkəzi Bank ilk mərhələdə buna razı olsa da, digər aidiyyəti hökumət strukturları razı olmadı. Bizim verdiyimiz təkliflər xarici valyutada olan kreditlər ətrafında yaranmış problemin kəskinliyini xeyli azalda bilər. Bu məsələdə bizim mövqeyimiz hökumətə də, ictimaiyyətə də məlumdur. Biz dollarla olan kredit probleminin bütün ağırlığının əhalinin üstünə atılmasının əleyhinəyik”.

"Aztəminatlı təbəqənin kredit borcları silinməlidir”

İqtisadçı-deputat problemin həllində dövlətin fəal iştirakının vacibliyini vurğulayıb:

"Problemi dövlət yaradıbsa, onun həllində də fəal iştirak etməlidir. Bu məsələdə ağırlıq dövlət, Mərkəzi Bank, kommersiya bankları və əhali arasında dörd yerə bölünsün ki, heç bir tərəfə ağırlıq düşməsin. Həm də xarici valyutada olan kreditlərlə bağlı problemə differensiallaşdırılmış şəkildə baxmaq lazımdır: Qanunun bütün sərtliyi 2015-ci ilin devalvasiyalarına qədər borcunu vaxtında, səliqə ilə qaytaran və devalvasiyadan sonra artan borclarını qaytarmaq üçün gəlirinin imkan vermədiyi, eləcə də devalvasiya nəticəsində artan kreditləri qaytarmaq iqtidarında olmayan yoxsul təbəqəyə yox, banklarla əlbir olub kreditləri qaytarmamaq üçün alanlara tətbiq etmək lazımdır. Banklarla əlbir olub, öz eyş-işrəti üçün külli miqdarda kredit götürənlər heç bir güzəşt olmadan aldıqları kreditləri ödəməlidr. 2015-ci ilin devalvasiyalarına qədər borcunu vaxtında intizamla qaytaran və devalvasiyadan sonra artan borclarını qaytarmaq üçün gəlirinin imkan vermədiyi şəxslərə güzəştlər edilməlidir. Borcu olan insanların əksəriyyəti aldığı borcun 2-3 qatını banka çoxdan ödəyib. Bəzi banklar həmin insanlardan artıq aldığından əlavə faiz, cərimə və sair formalı manipulyasiyalarla əslində almadığı kreditə görə pul tələb edirlər. Devalvasiyadan əvvəl 2 min manat kredit alıb, son 3 ildə 7 min manat qaytarmasına baxmayaraq, bəzi bankların hələ də belə insanların yaxasından əl çəkməməsi faktları obyektiv araşdırılmalı, müflisləşmə mexanizmi tətbiq edilməli və əhalinin öz borcunu ödəyə bilmək qabiliyyətini itirmiş aztəminatlı təbəqəsinin kredit borcları silinməlidir. Fiziki şəxslərin müflisləşməsi haqqında qanun qəbul etməsi və ya mövcud qanunvericilikdə bu məsələyə bir balaca aydınlıq gətirməklə şəhid ailələrı, kimsəsizlər, aşağı pensiya alan pensiyaçılar, krediti qaytarmaq üçün bütün imkanları tükənmiş yoxsul insanların aldıqları kreditlərin isə məhkəmə yolu ilə müflisləşmə mexanizmi vasitəsilə bağışlansın. Əvəzində dövlətin banklara birbaşa və dolayısı ilə dəstək verməsi, bu əsasda bankların fəaliyyətinin normallaşdırılması istiqamətində zəruri işlər aparılsın”.

Miq.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar