İçərişəhərdə yenə tarixə qəsd edilir: Restoran tikmək üçün qala divarı sökülür
25-04-2019, 09:18
Bakının tarixi hissəsi sayılan İçərişəhərdə vataşırı yeni ticarət və xidmət obyektləri tikilməyə davam edir. Halbuki, İçərişəhər Azərbaycan qanunlarına görə dövlət qoruğu elan edilib və burdakı binaların əksəriyyəti tarixi abidə hesab olunur. Onları sökmək, ya da üzərində yeniliklər etmək xüsusi dövlət icazəsi olmadan mümkün deyil. Bu yaxınlarda qala divarlarına bitişik daha bir hissə hasarlanıb və orda tikinti başlanılıb. Dünya mədəni irsi obyekti kimi UNESCO- tərəfindən qorunan İçərişəhərin Qala divarlarının yanında çəkilmiş fotolarda kərpic, sement qalaqları, hətta yarıyadək inşa edilmiş tikinti görünür. Çox güman ki, bu da restoran olacaq. Məsələ ilə bağlı Turan Agentliyi yazır ki, Mədəniyyət Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu tikintiyə, həmçinin bununla bağlı jurnalistlərin və ictimaiyyətin müraciətlərinə heç bir reaksiya vermirlər. Mədəniyyət Nazirliyi ancaq bu bəyanatla kifayətlənib ki, İçərişəhər dünya mədəni irsi siyahısından çıxarılmayıb. Belə olduğu halda, sual yaranır: tikintiyə kim icazə verib? Bir neçə il öncə İçərişəhər ərazisində geniş miqyasda tikinti aparılırdı, tarixi abidələr sökülürdü. Sonuncu belə obyekt “Four seasons” oteli olub. Tikinti nəticəsində Qala divarının bir hissəsi sökülüb. Sonradan şəhərin tarixi hissəsində kommersiya obyektlərinin tikintisi dayandırıldı. Hazırda tikinti bərpa edilib və görünür, bu barədə qərar yuxarıdan verilib.