Mayın 3-də Milli Məclisin növbəti plenar iclası birinci vitse-spiker Ziyafət Əsgərovun sədrliyi ilə keçirildi. İlk olaraq “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi ilə bağlı ikinci səsvermə keçirildi. Komitə sədri Əli Hüseynlinin təqdimatından sonra 105 deputat dəyişikliyə səs verdi.
Bundan sonra daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını təqdim etdi. Milli Koordinator bildirdi ki, BMT-nin 2019-cu ildə yaydığı hesabatda dünyanın əksər ölkələrində insan alveri qurbanlarının artdığı qeyd olunub. Qeyd etdi ki, Azərbaycan Respublikasında sayca üçüncü Milli Fəaliyyət Planına uyğun olaraq insan alverinə qarşı mübarizə kompleks və sistemli şəkildə aparılır. V.Eyvazov bildirdi ki, ötən il həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ölkədə 144 insan alveri, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 35 cinayət qeydə alınıb, 28 nəfərdən ibarət 13 cinayətkar qrup zərərsizləşdirilib, axtarış elan olunmuş 51 təqsirləndirilən şəxsdən 66,6 faizi və ya 34-ü tutulub. V.Eyvazov qeyd etdi ki, insan alveri və məcburi əmək cinayətlərinə görə başlanılmış cinayət işlərindən 27-nin istintaqı tamamlanaraq 34 təqsirləndirilən şəxs (29-u qadın, 5-i kişi) məhkəmə məsuliyyətinə verilib, 23 insan alverçisi barədə ittihamedici hökmlər çıxarılıb: “Müəyyən edilən 98 insan alveri qurbanından (82 qadın və 16 kişi, hamısı Azərbaycan Respublikasının vətəndaşı) 71-i istismar məqsədilə Türkiyə Respublikasına, 20-si Rusiya Federasiyasına, 3-ü İran İslam Respublikasına aparılıb, 2-si isə Birləşmiş Ərəb Əmirliklərində, 1-i Malayziyada, 1-i isə Azərbaycanda istismara məruz qalıb.
Zərərçəkənlərdən 95-i Daxili İşlər Nazirliyinin sığınacağına yerləşdirilərək hər birinə tibbi, psixoloji, hüquqi yardımlar göstərilib, 61-i sosial xidmətlərlə əhatə olunması məqsədilə qeyri-hökumət təşkilatlarına, 92-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan alveri qurbanları üçün Yardım Mərkəzinə istiqamətləndirilib. Nəticədə onlardan 32-si işlə təmin edilib, 46-sı peşə kursuna göndərilib, 69-u ailələrinə qaytarılıb, eləcə də hər birinə 400 manat məbləğində birdəfəlik müavinət ödənilib. Qurbanların övladları da diqqət mərkəzində saxlanılaraq 25 uşaq məktəbəqədər təhsil proqramına yönəldilib, 16-nın atalığı müəyyən edilərək alimentlə təmin olunmasında, 13-nə lazımi sənədlərin alınmasında köməklik edilib. Xarici ölkələrdə əmək fəaliyyəti, təhsil, əcnəbilərlə nikah, məişət zorakılığı, miqrantların müvəqqəti qeydiyyatı, övladlığa götürmə və digər məsələlərlə bağlı ”152 saylı Qaynar xətt" telefon xidmətinə daxil olan 6 310 müraciət araşdırılaraq qanunauyğun ölçülər götürülüb, təşəbbüskarlara zəruri izahlar verilib".
V.Eyvazov həmçinin bildirdi ki, uşaq əməyinin istismarının qarşısının alınması məqsədi ilə keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 450 uşaq müəyyən edilib.
Milli Koordinatorun sözlərinə görə, ötən il insan alverinə qarşı mübarizədə fərqlənən QHT-lər mükafatlandırılıb.
Məruzəçi onu da bildirdi ki, 169 şəxs cinayət məsuliyyətinə cəlb olunub. Beynəlxalq cinayətkar şəbəkənin ölkənmizdə fəaliyyət göstərməsinin qarşısı alınıb, iki mütəşəkkil dəstə zərrəsizləşdirilib, həmçinin qurbanlar mərkəzlərə yerləşdirilib.
Bundan sonra müzakirələr oldu. Deputat Qüdrət Həsənquliyev polis orqanlarında çalışanların fəaliyyətini yüksək qiymətləndirdi. Deputat polis orqanlarında çalışanların əmək haqqı ilə bağlı təklif verdi: “Bu gün cinayət axtarış şöbəsinin zabiti 523 manat maaş alır. Bu, kifayət qədər azdır. May ayında büdcəyə baxacağısa, daxili işlər orqanlarının əməkdaşlarının əməkhaqqını ən azı iki dəfə artırmalıyıq. Həmçinin Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının da maaşı aşağıdır. Bu qurumun əməkdaşlarının orta əmək haqqı 350 manatdır. Mən həmkarlarımdan soruşmaq istəyirəm, 350 manatla indiki dövrdə necə yaşamaq və ailə saxlamaq olar? Odur ki, bu qurumun əməkdaşlarının da maaşının artrılması çox yaxşı olardı”.
Deputat Tahir Kərimli Milli Koordinatorun hesabatını təqdir etməklə yanaşı, ondan kömək istədi. Yaşadığı ünvanda üzləşdiyi biabırçılıqdan bəhs edən deputat “Hamı sözünü deputata deyir, mən sözümü kimə deyim, bilmirəm?” - deyə, şikayətləndi. T.Kərimli qeyd etdi ki, Zərifə Əliyeva küçəsindəki mənzilinin bir hissəsinin hostelə çevrilməsi bütün qonşuların rahatlığını pozub: “Mənim yaşadığım ərazidə binanı hostelə, mehmanxanaya çeviriblər. Bir balaca abır-həyamız var... İndi biz hamımız ordan köçüb getmək istəyirik. Mərkəzi küçə olduğuna görə belə yuvalar düzəldirlər, onlar insan alveri yuvalarıdır. Bu ərazidən vaxtaşırı hörmətli qonaqlar, həmçinin prezident keçir”. Deputat Milli Koordinatordan bu ünvandakı qanunsuz hərəkətləri nəzarətə götürməyi xahiş etdi.
Deputat Araz Əlizadə də bu mövzuda danışdı: “Yavaş-yavaş Azərbaycanda seks turizmi inkişaf etməyə başlayır. Nədir, biz Tailandla, digər ölkələrlə rəqabətə giririk? Onsuz da bunu bacarmayacağıq...” A.Əlizadə qeyd etdi ki, hostellərlə bağlı məsələyə yenidən baxılmalıdır: “Rusiyada çoxmərtəbəli binalarda hostellərin yaradılmasına icazə vermişdilər. Ancaq gördülər ki, bu, mümkün deyil. Ona görə də Rusiya Dövlət Duması qərar verdi ki, hostellər yalnız birinci mərtəbədə yaradıla bilər, bir şərtlə, oraya başqa tərəfdən giriş-çıxış olsun. Məncə, biz də bu təcrübədən istifadə etməliyik”.
Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov səslənən fikirlərə münasibət bildirdi:“Azərbaycana kənardan gələn insanların hesabına insan alveri problemi artır. İnsan orqanlarının qanunsuz satılması dünyanın hər yerində var, Azərbaycanda bunun qarşısı alınır”.
Deputat qeyd edib ki, bu gün on minlərlə insan Aralıq dənizində, Qırmızı dənizdə itir, onlar insan alverinin qurbanına çevrilir: “Ərəbistan yarımadasında da çoxsaylı insanlar insan alverinin qurbanına çevrilir. Azərbaycan Avropa və Asiyanın qovşağında yerləşir. Çalışmalıyıq ki, gələcəkdə belə hallar Azərbaycanda olmasın. Biz insan alverinə qarşı hesabatın formatına da yenidən baxmalıyıq. Bəlkə də Dövlət Miqrasiya Komitəsi də bu hesabatların təqdim edilməsində iştirak etməlidir”.
Vilayət Eyvazov fikir və təkliflərə münasibət bildirdi və parlamentlə əməkdaşlığa üstünlük verdiyini qeyd etdi:“Hostellərin fəaliyyəti ilə bağlı narahatlıq başadüşüləndir. Sahibkarlıqla bağlı fəaliyyətə müdaxilənin qarşısının alınması ilə bağlı müvafiq sərəncam var”. V.Eyvazov bildirdi ki, bu problemlərin həll edilməsi mümkündür: “Biz sizinlə birgə inzibati yolla deyil, izahedici, maarifləndirici işlərlə bunu həll edə bilərik”.
Parlament yekdilliklə Milli Koordinatorun məruzəsini qəbul etdi.
Gündəlikdəki digər məsələlərin müzakirəsi zamanı çıxış edən deputat Fazil Mustafa növbəti dəfə kitab satışına dəstək verilməsi barədə danışdı. “Kitab niyə metroda qadağan olunsun? Kitabdır da, qoyun satılsın, siqaret deyil, içki deyil”-F.Mustafa bildirdi.
Birinci vitse-spiker Ziyafət Əsgərov deputatın fikirlərinə reaksiya verdi: “Fazil müəllim, bu saat Bakıda kifayət qədər kitab evləri, kitab mağazaları var. Təki kitab oxuyan olsun, lazımdırsa, mən 200-300 kitab verə bilərəm, pulsuz-parasız. Özü də elmi kitablardır. Təki kitab oxumağa həvəs olsun”.
“Orta məktəblərdə uşaqları şikəst edirlər, belə getsə, bu millətin gələcəyi olmayacaq”. Bunu isə deputat Aqil Abbas söylədi. O qeyd etdi ki, uşaqlar ağır çantaları daşıya bilmir: “Hətta ataların, anaların da beli əyilib bu çantaların ağırlığından. Bu nədir, nə məcburiyyətdir?! Biz də oxumuşuq, biz də məktəbə getmişik”. A.Abbas bundan sonra komitə sədri İsa Həbibbəyliyə müraciət etdi: “Heç olmasa bu kitabları elə kağızlarla istehsal etsinlər ki, yüngül olsun. İslahatın biri də bu məsələ ilə bağlı olsun. Nəvəm məktəbə gedir, çantasını mən götürə bilmirəm. Heç olmasa növbəti tədris ilində bu məsələyə fikir vermək lazımdır”.
Milli Məclis “Aqrar sığorta haqqında” qanun layihəsini birinci oxunuşda müzakirəyə çıxardı.
Deputat Vahid Əhmədov qanun layihəsi ilə bağlı çıxış edərək əvvəlcə layihəni hazırlayanlara təşəkkür etdi: “2002-ci ildə aqrar sığorta ilə bağlı qanun qəbul olunsa da, üstündən 17 il keçməsinə baxmayaraq, həmin qanun işləməyib. Sığorta bazarında belə bir qanunun qəbul edilməsi çox vacibdir”. Deputat bildirdi ki, 2018-ci ildə sığorta bazarına cəmi 29 milyon manat vəsait daxil olub. V.Əhmədov qanunun dilinin sadə olmasını zəruri saydı. O, sığortaçı ilə sığorta alan arasında hansısa əlavə qurumun yaradılmasına ehtiyac olmadığını da bildirdi. “İnsanlarda sığortaya faktiki olaraq inam yoxdur” - deyən deputat bu qanunun işləməsi üçün təkliflərini səsləndirdi. Bildirdi ki, aqrar sığorta könüllü olmalıdır və qanunda ayrıca maddə ilə əksini tapmalıdır: “Hər bir sığortaçının əmlakı da mütləq nəzərə alınmalı, sığorta olunmalıdır. Necə ola bilər ki, biz aqrar sığorta edənin məhsulunu sığorta edirik, amma onun mülkiyyətini sığorta etmirik?” Ölkədə 22 sığorta şirkətinin olduğunu deyən V.Əhmədov qeyd etdi ki, burada rəqabət mühiti yarana bilər. “Sığortada ən ciddi məsələlərdən biri qiymətləndirmə ilə bağlıdır. Sığortaçı ilə sığorta olunan arasında ən çox ciddi mübahisə qiymətləndirmə ilə bağlı baş verir. Azərbaycanda kifayət qədər qiymətləndirmə ilə bağlı mütəxəssislərimiz var. Yaxşı olardı ki, yerli kadrlardan istifadə edək və xaricdən ekspertlər dəvət etməyək”.
V.Əhmədov yekunda təklif etdi ki, birinci oxunuşda qanun layihəsi qəbul olsunsun, amma onun üzərində işləmək üçün işçi qrupu yaradılsın: “Təklif edirəm ki, işçi qrupu yaradaq və qanun layihəsini yenidən işləyək. Əgər bu qanun layihəsi indiki səviyyədə qəbul olunsa, o, 2002-ci ildəki qanunun taleyini yaşayacaq”.
Deputat Əli Məsimli isə bildirdi ki, aqrar sığorta bazarının inkişafını istəyiriksə, effektiv işlək mexanizm yaradılmalıdır: “Elə etməliyik ki, büdcədən ayrılan vəsaitin 90 faizi sığorta şirkətlərində qalmasın, bu vəsaitin fermerlərə getməsinə nail olmalıyıq”. Deputatın sözlərinə görə, qanun layihəsi İspaniya modeli əsasında hazırlanb, həm də Türkiyə təcrübəsi əsas götürülüb: “Ancaq Azərbaycanda fermer təsərrüfatlarının əksəriyyəti xırda təsərrüfatlardır. Ona görə də sığorta mexanizmi elə qurulmalıdır ki, sığortaçı ilə sığortaolunan arasında inamsızlıq aradan qalxsın”. Ə.Məsimli bildirdi ki, kənd təsərrüfatı riskli sahə olduğu üçün sığorta şirkətləri bunda maraqlı olmayacaq: “Buna görə də dövlətin dəstəyinə ehtiyac var. Komitədə müzakirə zamanı məlum oldu ki, 3 il ərzində ümumilikdə 30 milyon manata qədər vəsaitə ehtiyac olacaq. Hər il üçün 10 milyon manat dövlət üçün böyük vəsait deyil. Ona görə də belə dəstək lazımdır. Ancaq qanun layihəsində sığortaçının, sığorta edilənin vəzifəsi aydın göstərilməlidir. Aqrar sığorta ilə əlaqədar iki qurumun - iadəredici qurumun və vasitəçi orqanun yaradılmasına nə ehtiyac var?”. Ə.Məsimli qeyd etdi ki, əgər kəndliyə birinci il dəyən zərər obyektiv qiymətləndirilib ödənilməyəcəksə, ikinci il kəndli o torpağı əkməyəcək.
Aqrar komitənin sədri Eldar İbrahimov deputatların səsləndirdiyi fikirlərin qarşılığında dedi ki, qanun layihəsi Prezident Administrasiyasından gəldiyi üçün ilk oxunuşda ona düzəliş edilməsi mümkün deyil. Komitə rəhbəri növbəti müzakirələrdə əsaslı təkliflərin Prezident Administrasiyası ilə məsləhətləşməklə nəzərə alına biləcəyini istisna etmədi.
Müzakirələrdən sonra qanun layihəsi ilk oxunuşda qəbul edildi.
Elşad PAŞASOY,
“Yeni Müsavat”