ABŞ hökuməti “İran təhlükəsinə” qarşı Fars körfəzinə daha bir gəmi və “Patriot” hava hücumundan müdafiə sistemləri göndərib. Amfibiya texnikaları və təyyarə daşıyan “USS Arlington” döyüş gəmisi Fars körfəzinə göndərilən və hazırda yolda olan “Abraham Linkoln” təyyarədaşıyan gəmisinə qoşulacaq.
Bundan başqa amerikalılar Qətərdəki regionda ən böyük ABŞ hərbi hava bazasına taktiki B-52 bombardmançıları yerləşdiriblər. Əlavə olaraq bölgəyə “Patriot” batareyaları quraşdırılacaq. Başqa sözlə, tam döyüş hazırılığı vəziyyəti. Yeri gəlmişkən, “Abraham Linkoln” təyyarədaşıyan gəmisi 2003-cü ildə İraqa qarşı müharibədə iştirak edib.
ABŞ -ın Körfəzə göndərdiyi "Avraam Linkoln" təyyarədaşıyan gəmisi
İran rəsmiləri isə Fars körfəzinə yığılan Amerika qüvvələrini Tehranın “gözünü qoruxtmaq” və çəkindirmək məqsədi daşıdığını bildirir. Və təbii ki, Vaşinqtonun iddialarını rədd edir.
Bəs bu qədər geniş həcmli səfərbərliyin səbəbi nədir? Doğrudanmı, ortada ciddi nəsə olub ki, amerikalılar Fars körfəzini bu qədər “yükləyirlər?”
Qərb mediası yazır ki, İsrail kəşfiyyatı iranlıların regiondakı ABŞ maraqlarına hücum hazırladıqları ilə bağlı Vaşinqtona məlumat verib. Bütün həngamə də bundan sonra başlayıb. İsrail kəşfiyatı iranlıların birbaşa və ya dolayısı, yəni dəstəklədikləri qüvvələr vasitəsilə İraq, Suriya, Səudiyyə Ərəbistanı, BƏƏ və digər region ölkələrində ABŞ güclərinə hücum edə biləcəyi haqa xəbərdarlıq edib. Əslində ötən ay Trampın “Sepah”ı və qarşılığında İran hökumətinin ABŞ ordusunu “terrorçu” elan etməsindən sonra Yaxın Şərqdə İran-ABŞ toqquşması üçün “hüquqi baza” formalaşdırılıb.
Ancaq bu toqquşma üçün “meydan” isə çox genişdir. ABŞ ordusunun Əfqanıstanda 14 min, İraqda 5200, Qətərdə 13 min, Suriyada Trampın “çıxırıq” qərarından əvvəl 2 min əsgəri qüvvəsi və eləcə də Türkiyə, İordaniya, Küveyt, Bəhreyn və digər region ölkələrində hərbi mövcudluğu var. Bu qüvvə ilə ABŞ istənilən region ölkəsi ilə savaşa bilər. amma yenə də əlavə qüvvə göndərilir.
Əlbəttə, ABŞ-ın hansısa regiona əlavə hərbi qüvvə göndərməsi müharibə başlaması üçün əsas deyil. İki il əvvəl Şimali Koreyaya qarşı da analoji addım atıldı, amma Vaşinqton Kimin ölkəsinə hücum etmədi, əksinə Tramp iki dəfə Şimali Koreya lideri ilə görüşüb danışıq apardı.
ABŞ son illərdə Fars körfəzinə bir neçə dəfə bu cür qüvvə yığıb, lakin hər hansı müharibə olmayıb. Amma indi ABŞ rəsmiləri açıq şəkildə İranı Amerika əsgərlərini öldürməkdə ittiham edir və müharibə ritorikası günü-gündən sərtləşir. Hazırda Trampın komandası xarici siyasətə münasibətdə İraq müharibəsinin müəllifi Corc Buşun komandasını xatırladır. Eyni ritorika, eyni hədələr.
Maraqlıdır ki, İranın amerikalılara hücum edəcəyi ilə bağlı xəbərdarlığın müəllifi İsraildir. Doğrudur, İsrailin İran da daxil, regionda çox gücü kəşfiyyat şəbəkəsi var, lakin indi belə anlaşılır ki, Yaxın Şərqdə ABŞ-ın qərarları məhz İsrail kəşfiyyatının məlumatları əsasında formlaşır. Bu faktın özü də vəziyyətin heç də sadə olmadığını göstərir.
Yeri gəlmişkən, son zamanlar İranın Yaxın şərqdəki əməliyyatlarını idarə edən general Qasim Süleymani “ortalarda” görünmür. Bəlkə də “İranın Yaxın Şərqdəki qılıncı” adlandırılan general Süleymaninin bu aralar yoxa çıxması İran ətrafında şübhə buludlarını bir az da tündələşdirir. Tehran rəqiblərinə qarşı hansısa qisas əməliyyatı hazırlayır? Son iki ildə İran regional rəqiblərinin bir sıra hücumlarını “cavabsız” qoyub və “Sepah”a bir neçə həftə əvvələ qədər rəhbərlik edən general Cəfəri bu “səbirin” bir nəticəsi olacağını deməşdi.
Yoxa çıxan İran generalı Qasım Süleymani
Bəlkə də indi yoxa çıxan Süleymaninin qisas əməliyyatı hazırlaması təhlükəsi yaranıb?
Əlbəttə, indiki şərtlərdə iranlıların regiondakı Amerika güclərinə hücum edib müharibə başladacağı inandırıcı deyil. Amma belə bir hərəkət əks cəbhədən baş verə bilər.
Çünki indi Tehranı cəzalandırmaq istəyən təkcə Vaşinqtondakılar deyil. İsrail, körfəz ərəb ölkələri açıq şəkildə bu müdaxiləni dəstəkləyir və hətta təşviq edirlər. Əlbəttə, bu baş verərsə, miqyas və nəticələrinə görə çox dəhşətli ola bilər, daha əvvəl regionda baş vermiş mühairbələri kölgədə qoya bilər.
Çünki yuxarıda da qeyd etdiyim kimi, mümkün savaş meydanı çox genişdir.