Mayın 20-dən etibarən Azərbaycan ordusunun növbəti genişmiqyaslı hərbi təlimləri başlayıb. Bu, bir ayda 3-cü hərbi təlimdir. Ayın əvvəlində Azərbaycanda Türkiyə ilə “Mustafa Kamal Atatürk-2019" kod adlı birgə təlimlər həyata keçirilmişdi. Hazırda qardaş ölkə ərazisində Azərbaycan hərbçilərinin də qatıldığı daha bir təlim davam edir.
Silahlı Qüvvələrimizin son zamanlar istər individual, istərsə də Türkiyə ilə sinxron və intensiv şəkildə davam edən belə hərbi manevrləri gözlənildiyi kimi, işğalçı Ermənistanda təlaşı artırıb. Hər necə olmasa, döyüş təlimləri istənilən an real döyüşlərə də keçə bilər. Bir sıra hərbi ekspertlər isə hesab edirlər ki, Azərbaycan təlim adı ilə əslində ön xətt boyu böyük miqdarda silah-sursat və döyüş sistemləri cəmləməklə məşğuldur. Yəni hədəf ilk əlverişli məqamdaca torpaqların əhəmiyyətli bir qismini güc yolu ilə, blits-hərbi əməliyyatla azad edib düşməni fakt qarşısında qoymaqdır...
*****
Bu mənada son təlimlərin düşmən ölkədə panika qarışıq, rezonans doğurması tamamilə məntiqlidir. Belə ki, ordumuzun təlimlərinə xüsusi diqqət yetirən yerli mətbuat Ermənistandakı ictimai narahatlıqla bağlı materiallar hazırlayıb. Azərbaycanın hazırkı təlimlərinə toxunan erməni mediası ordumuzun yüksək döyüş hazırlığı nümayiş etdirildiyi bu təlimlərin növbəti aprel savaşına hazırlıq olub-olmaması, Ermənistanın bu vəziyyətdə nə etməli olduğu sualına cavab tapmağa çalışıb.
Taron Ovannisyan
O sırada hərbi ekspert Taron Ovannisyan 10 minədək şəxsi heyət, 150 tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemlərin və minaatanların, 35 təyyarə və helikopterimizin təlimə cəlb olunduğunu sadalayaraq, qısa zamanda Azərbaycan ordusunun 3-cü təliminin təsadüf olmadığını və “narahatlığa əsas” yaratdığını bildirib (Axar.az).
Erməni ekspert bildirib ki, rəsmi Bakı təlimlərin “əks-hücum” xarakterli olduğunu bəyan etməklə əslində “aqresiyasını” gizlətməyə çalışır. Çünki təlimlər müdafiə xarakterli deyil, əsl hücum məşqləridir. Bununla da Ovannisyan Azərbaycan ordusunun hərbi təlimlərinin miqyası və xarakterinin Ermənistan üçün nə dərəcədə “vahiməli” olduğunu etiraf edib.
*****
“Azərbaycan özünün genişmiqyaslı hərbi təlimləri barədə öncədən xəbər verməməklə ATƏT üzrə öhdəliklərini pozub”. “Yeni Müsavat”ın məlumatına görə, belə bir iddia ilə dünən İrəvandakı brifinqdə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan çıxış edib. “Onlar (Bakı - red.) bu barədə ATƏT-in müvafiq strukturlarına xəbər verməli idilər. Bunun edilməməsi öhdəliyin pozulmasıdır və regionda sülh və sabitliyə xidmət eləmir”, - deyə Naqdalyan qeyd edib. Onun sözlərinə görə, “təbii ki, bu məsələ ATƏT-də elə sabah (bu gün - red.) qaldırılacaq”.
Naqdalyan şübhəsiz ki, yalan deyir. Əvvəla, Azərbaycan hərbi təlimlər barədə vaxtaşırı ATƏT-i lazımi qaydada məlumatlandırır. Əks halda, təşkilatdan indiyədək hansısa irad bildirilərdi.
İkinci yandan, Azərbaycan Ermənistandan fərqli olaraq, təlimləri özünün beynəlxalq miqyasda tanınan sərhədləri çərçivəsində həyata keçirir və erməni tərəfinin iddiası bu baxımdan da absurddur. Yoxsa ki, məntiqlə qonşu Gürcüstan da Azərbaycan ordusunun təlimlərindən rahatsız olmalı idi.
Məsələ də ondadır ki, silahlı qüvvələrimizin hərbi manevrlərində yekun hədəf ərazilərimizi erməni işğalçı qüvvələrindən təmizləməkdən ibarətdir. Yəni İrəvan bu təlimlərdən təlaş keçirmək istəmirsə, o zaman nə qədər gec deyil, öz işğalçı birləşmələrini Azərbaycanın qanuni torpaqlarından çıxarmalıdır.
*****
“Azərbaycanın genişmiqyaslı hərbi təlimləri Ermənistanın baş nazirini məcbur edib ki, öz çıxışını korrektə eləsin”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə İrəvanda nəşr olunan “Past” qəzeti yazıb.
Qəzetə görə, eks-prezident Robert Köçəryanın azadlığa buraxılması ilə başlayan hadisələr kifayət qədər maraqlı məcraya daxil olub: “Demək olar, bütün bazar günü baş nazir Nikol Paşinyan müdafiə naziri David Tonoyan və Baş Qərargah rəisi Artak Davtyanla birlikdə olub. Bir sıra qapalı müşavirələr keçirib. Güc qurumları rəhbərlərinin Paşinyana nə məruzə etdikləri məlum deyil. Bir şey aydındır: söhbət sərhəddəki gərgin vəziyyətdən və düşmənin mümkün hücumundan gedib. Habelə ona məruzə olunub ki, Azərbaycan mayın 20-də 10 minlik qüvvənin iştirakı ilə təlimlərə başlayır. Bizim məlumatlarımıza görə, məhz bu xüsusatlar, habelə ötən gün məhkəmələrə girişi bağlamaq çağırışı ilə küçələrə çıxanların sayının azlığı Paşinyanı ritorikanı dəyişməyə, eyforik və aqressiv bəyanatlardan daha konstruktiv ritorikaya keçməyə məcbur edib”.
O da bildirilir ki, bu səbəblərdən Paşinyan əvvəlcədən planlaşdırılmış çıxışının mətninin böyük hissəsini dəyişdirib və çıxışı tam başqa variantda təqdim edib.
*****
“Mənim fikrimcə, erməni əsgərlərində kiminsə maraqları naminə və üstəlik, yad torpaqlarda döyüşmək və sədaqət göstərmək həvəsi yoxdur”. “Yeni Müsavat” xəbər verir ki, bu sözləri rusiyalı politoloq və konfliktoloq Yevgeni Mixaylov Qarabağ ətrafındakı son durumu və Azərbaycan ordusunun təlimlərini şərh edərkən deyib. “Qənaətimcə, erməni cəmiyyətində bilirlər ki, Ermənistana təhlükə yaranarsa, hələlik Rusiya işə qarışacaq, ancaq Qarabağda erməni intriqalarına heç kim qarışmayacaq”, - deyə ekspert qeyd edib.
Erməni tərəfinin ordumuzun intensiv təlimlərindən dolayı artan müharibə təlaşının bir səbəbi də budur. İşğalçı tərəf, hər halda, 2016-cı ilin aprelində Azərbaycan ordusundan aldığı ağrılı “qulaqburma”nı yəqin ki, unutmayıb. Düşmən artıq fərqindədir ki, bu dəfə Azərbaycan işğalçıya qat-qat ağır zərbə vura, daha geniş ərazini işğaldan azad edə bilər.
Odur ki, nə qədər gec deyil, İrəvan öz işğalçı qüvvələrini yad torpaqlardan çıxarmaq barədə düşünməli, gənc erməni əsgərlərinin başqa ölkənin ərazisində mənasız ölümünə son verməlidir. Çünki Azərbaycanın öz torpaqları uğrunda azadlıq müharibəsinin fitili hər an çəkilə bilər...
“Yeni Müsavat”ın analitik xidməti