Mayın 24-də Zaqatala rayonunda (Bakıdan 418 kilometr şimal-qərb) polis əməkdaşları Müsavat Partiyasının başqanı Arif Hacılının ata evinə girib.
Bu barədə Müsavat Partiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, bu gün axşam saatlarında iki polis maşını ilə gələn 7-8 nəfər polis əməkdaşı evin darvazasını zor gücünə açaraq Müsavat başqanının ata yurduna daxil olublar.
Polis əməkdaşları qonşulardan əvvəl Arif Hacılının qardaşları Vaqif Hacıbəylinin, və Mustafa Hacıbəylinin harada olduğunu soruşublar. Onlara hər ikisinin Bakıda olduğu söylənilib.
“Polis əməkdaşları Zaqatalada Müsavatın yerli təşkilatının iclası planlaşdırıldığını və buna imkan verilməyəcəyini bildiriblər. Bundan sonra polis əməkdaşları Müsavat Partiyası Zaqatala rayon təşkilatının sədri Saleh Soltanova zəng edərək, iclasın keçirilməsinə imkan verilməyəcəyini deyiblər və buna cəhd olunacağı təqdirdə həbslə hədələyiblər,”məlumatda deyilir.
Müsavatın mətbuat xidməti bildirir ki, sabah, mayın 25-də Zaqatalada Müsavat Partiyasınınyerli təşkilatının iclası keçiriləcək və partiyanın 9-cu qurultayına nümayəndələr seçiləcək. İclasın Zaqatala rayonunun Tala kəndində – Hacılı qardaşlarının ata evində keçirilməsi planlaşdırılır.
“Polisin siyasətə və siyasi partiyaların daxili işlərinə qarışması qadağandır. Hakimiyyət Müsavat Partiyasının yerli təşkilatının qərargahını əlindən aldığı üçün iclaslar müsavatçıların evlərində keçirilir. Bir sıra rayonlarda olduğu kimi, hakimiyyət Zaqatalada da partiyanın fəaliyyətinə qanunsuz əngəl törədir,”
Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.
“Sözdə islahatdan danışanlar əməldə ölkəni vətəndaş qarşıdurmasına sürükləyir. Bütün qırmızı xətləri aşıblar. İndi də polis Zaqatalada ata yurduma basqın edib,” Arif Hacılı özünün facebook səhifəsində yazıb.
Müsavat Partiyasının mətbuat xidməti partiya nizamnaməsinə uyğun olaraq iclasın keçiriləcəyini bildirir və hakimiyyətdən bu özbaşınalığa son qoyulmasını tələb edir.
Rəsmi qurumlar Müsavat Partiyasının məlumatına hələ münasibət bildirməyib.
Amerikanın səsi