“Dövlət büdcəsinin illik hesabatı ilə tanış olmuşam. Hesab edirəm ki, keçən büdcə ili ərzində neftin qiymətinin yüksək olması, 60-70 dollar arasında dəyişməsi imkan verib ki, inflyasiya 2,3 faiz həcmində olsun. Bu çox müsbət haldır. Manatın kursunun sabit qalması pozitiv bir əlamətdir.
“Yeni Sabah” xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin plenar iclasındakı çıxışında, “2018-ci il dövlət büdcəsinini icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. Millət vəkili, eqni zamanda qeyd edib ki, hesabatla tanış olduğu zaman bəzi rəqəmlər ona inandırıcı görünməyib:
“Vətəndaşlarımızın da bu rəqəmə inanacağlarını düşünmürəm. Məsələn, hesabatda göstərilir ki, istehlak qiymətinin indeksi - inflyasiya 2,3 faiz təşkil edib. Ümumilikdə isə hesabatda qeyd olunur ki, məhsulların və xidmətlərin qiyməti 10,6 % bənd azalıb. Yəni bunu yazanlar ya özləri bazara getmirlər, ya da bazara gedənlərdən bu barədə obyektiv məlumat almırlar. Başqa bir mühüm məqam isə ondan ibarətdir ki, hesabat ilində xarici ticarət dövriyyəsində qeyri neft məhsullarının ixracı real ifadədə 1 faiz artıb. Hər halda artımın olması müsbət haldır. Amma düşünürəm ki, bu sürətli inkişafımız üçün yetərli deyil. Məsələn, hesabatda qeyd olunur ki, tikintidən gələn gəlirlər 137 milyon, ticarətdən gələn gəlirlər 61 milyon manat təşkil edib. Amma, yeni dəyər yaradan qeyri neft sektorunda olan istehsal və emal müəssisələrinin ödədiyi vergilərdən nə qədər gəlirin əldə olunduğu barədə konktret rəqəmlər yoxdur. Bəs qeyri neft sektoruna, yəni yeni istehsal və emal müəssisələrinin yaradılmasına nə qədər investisiya qoyulub? Nə qədər güzəştli kreditlər verilib, sahibkarlar tərəfindən nə qədər investisiya yatırılıb? Bu barədə də məlumat yoxdur. İstehsal və emal müəssisələrinin yaranması bizim üçün son dərəcə önəmlidir.
Bir mühüm məsələyə də diqqət çəkmək istəyirəm: Hörmətli Ziyad Səmədzadə də öz çıxında dedi ki, ləğv olunan müəssisələrin sayına nisbətdə 1,9 dəfə yeni müəssisələr yaradılıb. Amma bu müəssisələrin xidmət, ticarət, yaxud istehsal və emal müəssisələri olduğu barədə məlumat verilmədi. Bütün istiqamətlər ilə bağlı detallı məlumatın verilməsi real mənzərənin göz önündə olması üçün son dərəcə vacibdir”.
Millət vəkili hesabatda diqqət çəkən digər məqamlara da toxunub:
“Məsələn, hesabatda qeyd olunur ki, tikinti sektoruna 5 milyard xərclənib, 2 milyard 235 milyon manat xarici borc qaytarılıb. Bu borclar da əsasən tikintiyə xərclənib. Bundan başqa, Prezidentin ehtiyat fondundan 301 milyon manat, dövlət büdcəsinin ehtiyat fondundan 464 milyon manat xərclənib ki, bunlar da əsasən tikinti ilə bağlıdır. Beləliklə, 2018-ci ildə 23 milyard 100 milyonluq büdcənin tikinti ilə bağlı xərclərinin həcmi 8 milyard 100 milyon manata gəlib çıxıb. Təhsilə 2 milyard 12 milyon, səhiyyəyə 732 milyon, sosial təminat üçün 1 milyard 300 milyon, elmə isə 122 milyon manat xərclənib. Bütün bunların hamısı ümumilikdə tikintiyə xərclənən vəsaitin 50 faizini təşkil etmir. Onda necə demək olar ki, büdcə sosialyönümlüdür? Mən bu rəqəmləri niyə xatırladıram? Ona görə xatırladıram ki, artıq 2020-ci ilin dövlət büdcəsinin üzərində iş gedir. Hökumət uşaqpullarının verilməsi, əməkhaqlarının, pensiyaların artırılması ilə bağlı ciddi qərarlar qəbul etməlidir. Məndən öncə çıxış edən deputat həmkarlarımın qaldırdığı məsələlərə hökumət diqqətlə yanaşmalıdır. Xüsusilə də Fazil Mustafanın səsləndirdiyi rəqəmlərin üzərində ciddi düşünmək lazımdır. Hamımız bilirik ki, neftin qiyməti daha çox iqtisadi faktorlardan deyil, siyasi faktorlardan asılıdır. Bundan başqa, bölgədə müharibələr də olar bilər. Mən ona görə bu məsələlərin üzərinə gəlirəm ki, əgər neftin qiyməti aşağı düşsə manatın kursunu indiki kimi saxlamaq mümkün olmayacaq, devalvasiya qaçılmaz olacaq, ölkəmiz ciddi maliyyə problemləri ilə üz-üzə qalacaq. Görün nə qədər səhmdar cəmiyyətlər var və bunlar 3 milyonluq proqnozu cəmi 50 faiz yerinə yetirirlər. Bunları dövlət niyə özəlləşdirmir, niyə bu qurumları dövlət mülkiyyətində saxlayırıq? Ona görə də hökumətin ciddi islahatlar aparmasına ehtiyac var”.