Ermənistan müharibə ANONSU VERDİ: Cavabı olacaq - ŞƏRH

4-06-2019, 09:15   
 

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistanda görüşlər keçirdikdən sonra Bakıya gəldiyi gün Ordumuzun zabitini şəhid edən işğalçı dövlətə qarşı beynəlxalq ictimaiyyətin bu vaxta qədər qəti reaksiya verməməsi bizi ciddi şəkildə narahat edir.
Bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qurumunun rəhbəri, politoloq Aynur Camalqızı erməni snayperinin zabitimiz Aqil Omarovu ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri zamanı şəhid etməsi haqda danışarkən deyib.
O bildirib ki, Minsk Qrupunun Bakıda görüşlər keçirdiyi bir vaxtda zabitimizin snayperlə şəhid edilməsi Ermənistanın beynəlxalq təşkilatlara verdiyi ciddi siqnaldır:
“Zabitimiz Aqil Omarovun belə bir vaxtda şəhid edilməsi Ermənistan hakimiyyətinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinə münasibətini ortaya qoyur. Bu təşkilat İrəvanda cəbhədə gərginliyin azaldılması və danışıqların davam etdirilməsi istiqamətində görüşlər keçirdikdən sonra Azərbaycana gəlib və həmin gün Ermənistan snayperi Aqil Omarovu şəhid edib. Burada bir məqamı xüsusilə vurğulamaq istəyirəm: mayor Aqil Omarov tabor komandiri idi. Bu da onu göstərir ki, erməni tərəfi buna xüsusi hazırlaşıb, vəzifəli zabitimizi hədəf seçib. Bu, təsadüfən açılan atəş deyil. Bu, ATƏT-in Minsk Qrupuna və onun missiyasına açılan atəşdir. Sözügedən olay Ermənistan hakimiyyətinin Dağlıq Qarabağın sülh danışıqları istiqamətində həllinə münasibətinin göstəricisidir”.
Aynur Camalqızı vurğulayıb ki, bir ildən artıqdır Ermənistanda hakimiyyət dəyişikliyi baş verib, lakin düşmən tərəfin mövqeyində konstruktivlik müşahidə edilmir:

“Ermənistan rəhbərliyi ilk vaxtlarda müxtəlif bəhanələrlə Qarabağ probleminin həlli istiqamətində danışıqlardan yayınırdı. Hətta danışıqlar formatını dəyişdirməyə cəhd etdilər. Ancaq Azərbaycanın qəti mövqeyilə danışıqlar masasına gəldilər. Danışıqların aktivləşdiyi məqamda isə elə bir təxribat törətdilər ki, bunu heç Sərkisyan, Köçəryan hakimiyyəti törətməyə risk etmirdi. Bu, artıq cəbhədə gərginliyin artmasında kimin maraqlı olduğunun ATƏT-in Misnk Qrupuna elan edilməsidir. Başqa sözlə, həmsədrlər də bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşdüyünün şahidi oldular”.
Politoloq qeyd edib ki, ATƏT-in Minsk Qrupu Azərbaycan zabitinin snayper atəşiylə şəhid edilməsinə çox kəskin və dərhal reaksiya verməli idi:
“ATƏT-in Minsk Qrupunun hər kəsi öz adı ilə çağırmamasına və Ermənistanı işğalçı kimi tanımamasına hər zaman etiraz etmişik. İndi isə Minsk Qrupu Azərbaycan Ordusunun adekvat addımının məsuliyyətinin kimin üzərində olmasını etiraf etməlidir.
Əgər ATƏT-in Minsk Qrupu həmsədrlərinin regionda olduğu və danışıqlar apardığı zaman Ermənistan bu addımı atırsa və beynəlxalq təşkilatların missiyasını ayaqlar altına atırsa, onda Azərbaycan Ordusuna başqa seçim şansı qoymur”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar