Son iki gündə ölkənin bir nömrəli gündəmi Goranboyda yerləşən Qaloş piri oldu. İnsanların buraya gedib qaloşdan mədət umması sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.
Məsələ ilə bağlı “Yeni Sabah”a danışan ilahiyyatçı Elşad Miri bildirib ki, ümumiyyətlə, pirlərə getmək şirk qoşmaqdır. Şirk isə İslamda ən böyük günahdır.
“Allahın özündən istəməyib də, bir vasitəçi ilə allahdan istəmək də şirkdir. İslamda pirlərə, ocaqlara sitayiş etmək yoxdur. Onlardan nə isə istəmək, ummaq günahdır. Bu gün baxsaq, görəcəyik ki, pirlərə gedənlərin əksəriyyəti qadınlardır. Səbəb isə məscidlərdə qadınlara ayrılan yerlərin az olmasıdır. Cümə günlərində kişilərin namaz qılması üçün geniş ərazilərin ayrılması fonunda qadınlar üçün kiçik, dar yer ayrılır. Bunun nəticəsində xanımlar da pirlərə üz tutur. Dini biznesə çevirmək istəyənlər də bundan məharətlə istifadə edir. Bu hal olmasaydı, indi insanlar Qaloş, Ətağa, “təzəpir”ə, “köhnəpir”ə inanmazdı.
Dini biznesə çevirən insanlar cəmiyyətə o qədər gərəksiz şeylər sırıyıblar ki... İnsanların zəif yerlərini tapıb, sonra onu öz mənfəətlərinə çevirirlər. Bütün ayinləri iki-üç günə bitən Həcc ziyarəti niyə 20 gün davam edir? Niyə biz Ərəbistanda gərəksiz yerə pullar ödəyirik? Bu suallardan düşünməyə başlamaq lazımdır"
Əcəmi Əsədulla