11 sentyabr 2001-ci terror aktlarından iki gün əvvəl Rusiya prezidenti Vladimir Putin ABŞ-ın 43-cü prezidenti kiçik Corc Buşa xəbərdarlıq edib.Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda yeni kitabında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Rusiya üzrə əsas analitiki olmuş Corc Bibi yazıb.
O iddia edir ki, Putin Rusiya kəşfiyyatının yaxınlaşan terror kampaniyasının əlamətlərini aşkar etdiyi barədə həmkarını xəbərdar etmək üçün hücumlardan iki gün əvvəl zəng vurub. Kitabın müəllifi həmçinin xatırladıb ki, Putin başsağlığını ifadə etmək üçün Ağ Evə ilk zəng edən xarici liderlərdən olub.
2017-ci ildə Vladimir Putin Amerika rejissoru Oliverə Stouna müsahibəsində terror aktlarında ABŞ xüsusi xidmət orqanlarının iştirakı haqqında versiyanı şərh edib.
“Mən inanmıram ki, Amerika kəşfiyyat xidmətləri terror aktlarının təşkilatçısı idi”, - Rusiya dövlətinin başçısı deyib.
Xatırladaq ki, "Əl-Qaidə"nin törətdiyi terror aktları nəticəsində təxminən 3 min insan həlak olub, 6 mindən çoxu yaralanıb.