Azərbaycanda iqtidar-müxalifət münasibətləri uzun müddət düşmənçilik həddində olduğundan, iqtidar təmsilçilərinin müxalifət, müxaifət təmsilçilərinin də iqtidar adamlarının xeyir-şər məclislərində görünməsi çox zaman sensassiya kimi qarşılanır.
Baxmayaraq ki, Azərbaycan xalqının uzun əsrlər boyu qoruyub saxladığı adət-ənənələrdən biri hətta qan düşmənlərinin belə, hüzr mərasimlərində kin-küdurəti, düşmənçiliyi arxa plana keçirib, yas sahibini ziyarət etməsi olub, ancaq son illərin siyasi bölünməsi və gərginliyi, az qala, bu adətimizin də tam sıradan çıxarılmasıyla nəticələnmişdi.
Ancaq belə görünür ki, bir müddət əvvəl Birinci-vitse prezident Mehriban Əliyevanın eks-prezidentlər Ayaz Mütəllibovun və Əbülfəz Elçibəyin vəfat etmiş xanımlarının yas mərasimlərinin təşkilini üzərinə götürməsi unudulmaqda olan bu milli adət-ənənəmizin yenidən bərpasına rəvac verib.
Belə ki, bu gün – sentyabrın 19-da Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun ötən il Türkiyədə qətlə yetirilmiş oğlu Etimad İsmayılovun “Təzə Pir” məscidində keçirilən il mərasiminə qəfildən Azərbaycan hakimiyyətinin iki önəmli postunun rəhbəri – Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Əli Nağıyevin və Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-leytenant Orxan Sultanovun təşrif buyurması təkcə İlyas İsmayılov yox, elə mərasimdə iştirak edən əksər insanlar üçün də gözlənilməz olub.
Strateq.az bildirir ki, həm Əli Nağıyev, həm də Orxan Sultanov və onları müşayiət edən şəxslər İlyas İsmayılova oğlunun itkisiylə bağlı başsağlığı verərək, onun kədərinə şərik olduqlarını çatdırıblar.
Xüsusi xidmət orqanları rəhbərlərinin bu davranışı onlar getdikdən sonra əsasən müxalif fikirli insanların toplaşdığı mərasim zalında geniş müzakirə olunub və hər iki məmurun addımı rəğbət və təqdirlə qarşılanıb.
Ümid edirik ki, yüksək rütbəli məmurlarımızın cəmiyyətin və millətin bütövləşməsinə və milli adət-ənənələrimizin qorunub saxlanmasına xidmət edən bu sayaq davranışları davamlı xarakter daşıyacaq.
Strateq.az