Bu gün millət vəkili Rəfael Cəbrayılovun iki deputat vəsiqəsini fərqli iki xanıma girov qoyaraq ümumilikdə 600 min dollar borc pul alması və həmin pulu qaytarmadığı üçün haqqında məhkəmə qərarının verilməsi ən çox müzakirə edilən mövzu oldu.
“Yeni Sabah” xəbər verir ki, məsələ sosial şəbəkələrdə də dartışılıb, deputat haqqında ictimaiyyətin tanınmış nümayəndələri deputatın bu hərəkəti haqda sərt tənqidlər səsləndiriblər. Həmin fikirlərin bəzilərini təqdim edirik:
Elçin Alıoğlu, jurnalistBu adama yaxşı baxın. Rəfael Cəbrayılovdur, millət vəkilidir.
İroniyaya bax ki, parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür hələ də.
Deyilir ki, sən demə, bu qəhrəman ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci il tarixdə 300 min ABŞ dolları məbləğində borc alıb. Ona borc verən şəxslə deputat ailəvi yaxın münasibətlərdə olub.
Lakin deputat borcu vaxtında ödəyə bilməyib. R.Cəbrayılov hətta borcu vəd etdiyi vaxtında qaytara bilməsi üçün zəmanət kimi deputat vəsiqəsini girov qoyub.
Amma pulu yenə qaytarmayıb.
Cəbrayılov, pulu qaytarıbsan, yoxsa yalan iddialardır? Məhkəmə deyir iddia gerçəkdir. Sən nə deyirsən?
Eynulla Fətullayev, jurnalist
(Gürcü deputat Şota Şalelaşvilinin fotosunu paylaşaraq yazıb)Millət vəkili Rəfael Cabrayılov və bizneslə məşğul olan digər deputatların nəzərinə!
Bu kişinin adı Şota Şalelaşvilidir. Gürcüstan parlamentinin deputatı idi. Bir neçə gün öncə deputat mandatından imtina edib. Çünki Gürcüstanda Azərbaycanda olduğu kimi parlamentin üzvlərinə bizneslə məşğul olmaq yasaqdır! Gürcüstan deputatı mandatından imtina edib biznesə qayıdır, bizim millət vəkili isə mandatını zaloq qoyur! Kədərlidir? Məncə, olduqca! Biz belə millət vəkillərinə layiq millət deyilik. Əfsus...
(E. Fətullayev daha sonra millət vəkilinin yazılı iltizamını paylaşıb)Deputatın yazılı iltizamı da üzə çıxdı... Bu bədbəxt dünya-aləmə borclu imiş. Elə bir iltizamda 70 min dollar borcu olduğunu etiraf edir. Özü də pulları ancaq qadınlardan alıb. Belə deputatla bir Məclisdə oturmaq belə ayıbdır.
Elçin Əlibəyli, jurnalist Bunlara nə olub? Biri "Relax" və böyük siyahıda biznes sahibi olduğunu boynuna alır, bu mandatı girov qoyub bu qədər pul götürür. Belə naxələf, etimaddan sui-istifadə edənlər cəzalanmalıdır!
Osman Gündüz, ekspert
Son zamanlar deputatlar, hətta Parlamentdə müxtəlif vəzifələrdə olanlar daha çox mənfi informasiyalarla gündəmdədirlər.
İndi də birisinin hətta deputat vəsiqəsini girov qoyaraq 300 min $ borc aldığı, işin məhkəmədə olduğu bildirilir.
Ölkədə isə nə qədər görüləcək işlər var, islahatlara qanunverici orqan tərəfindən, millət vəkilləri tərəfindən dəstəyə ehtiyac var. Baxırsan ki, cəmi bir neçə deputat bu işlərlə məşğuldur. Nə qədər vacib sənədlər var, 15 ildir ki Rəqabət Məcəlləsi biznesmen deputatlar tərəfindən rədd edilir.
Odur ki ən doğru variant elə növbədənkənar parlament seçkiləri ola bilərdi. Bu, ölkədə inkişafı xeyli sürətləndirə bilərdi, islahatlara ciddi təkan verə bilərdi.
Təəssüf ki, hələlik Ali hakimiyyət bu addımı atmaq istəmir.
Amma baş verənlər, proseslər göstərir ki buna ciddi ehtiyac var.