RUSİYANIN YARIMÇIQ “BÖYÜKLÜYÜ” – Korrupsiya və səriştəsizlik bu ölkəni məhv edir

1-10-2019, 10:28   
 
Rusiya böyük dövlətdir, BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Bu ölkə beynəlxalq siyasi arenada böyük çəkiyə malikdir və onun nəhəng nüvə arsenalı var. Rusiya odusu nadir hərbi-sənaye texnologiyası ilə təchiz edilib.
Lakin Rusiyanı heç cür qüdrətli iqtisadi dövlət adlandırmaq olmaz. 2018-ci ildə Rusiyanın Ümumi Daxili Məhsulu (ÜDM) 1,6 trilyon dollar olub. Onun əhalisinin sayı isə 145 milyon nəfərdir. Beləliklə, Ümumi Daxili Məhsula görə, adam başına illik 10,3 min dollar gəlir düşür.
Amma digər tərəfdən demək olmaz ki, Rusiyanın sürətlə inkişaf edən iqtisadiyyatı heç yoxdur. 25 il öncə ilə müqayisədə ölkədəki iqtisadi vəziyyət daha əlverişlidir. 1999-cu ildə Rusiyanın ÜDM-i cəmi 195,9 milyard dollar təşkil edirdi və ÜDM-ə görə adam başına düşən pul 1300 dolları keçmirdi. Ona görə də, 20 il ərzində Rusyanın iqtisadi tərəqqi əldə etdiyini qeyd etmək lazımdır.
Ancaq iqtisadi böyümə tempi aşağı olmasa da, rusiyalıların əksəriyyəti hesab edir ki, dövlət iqtisadiyyatı inkişaf etdirmir və Rusiyadakı iqtisadi vəziyyət xoşagəlməzdir. Bəs səbəb nədir? Sözsüz ki, ABŞ tərəfindən tətbiq edilən sanksiyalar xüsusi rol oynayır. Son dövrlər bu sanksiyalar iqtisadi böyüməyə ciddi əngəl törədir. Əgər yaxın keçmişdə Rusiyanın Ümumi Daxili Məhsulu ən yüksək göstəricyə – 2,29 trilyon dollara çatmışdısa, indi 1,6 trilyon dollardır. Həqiqətən də bu çox ciddi geriləmədir.
Rusiya iqtisadiyyatının aparıcı sahəsi ağır sənayedir və bu sahə xüsusi olaraq hərbi istehsala istiqamətlənib. Yüngül sənaye isə praktik olaraq heç nə istehsal etmir. Elə ona görə də, Rusiya məhsullarını beynəlxalq bazarda çox az görmək olar.
Bu gün biz hər yerdə Cənubi Koreyada istehsal edilən istehlak elektronikası ilə qarşılaşırıq. Qeyri-ixtiyarı düşünürsən ki, orda yüksək texnologiyalı sahə yaxşı inkişaf edib. Ancaq bizim gündəlik həyatımızda Rusiyanın yüngül sənaye məhsulu yoxdur. Bundan başqa, 1990-cı illərdə Rusiya iqtisadiyyatı çox ağır dövrlər yaşayıb, rublun devalvasiyası ağlagəlməz səviyyələrə qalxmışdı.
Rusiya iqtisadiyyatının bir sıra üstün tərəfləri var, onlar arasında kənd təsərrüfatı, enerji resursları və müdafiə sənayesi əsas yer tutur. Rusiyanın hərbi istehsal sahəsini yada salmaq lazımdır. Silah satışı üzrə Rusiya dünyada ikinci yerdə gedir. 2017-ci ildə Rusiyanın silah ticarəti 38 milyard dollara çatmışdı.

Əgər Rusiya hərbi-sənaye istehsalını inkişaf etdirməyib, bunun əvəzinə gücünü elektronika məhsullarına cəmləyərək beynəlxalq bazara çıxsaydı, indi heç kim onun iqtisadiyyatının qənaətbəxş səviyyədə olmaması barəsində danışmazdı. Əlavə olaraq Rusiya faydalı qazıntılarla zəngin ölkədir və neft və təbii qaz hasilatına və ixracına görə dünya liderləri arasındadır.
Bununla yanaşı Rusiya dünya kənd təsərrüfatı sektoruna əhəmiyyətli təsir göstərir. Rusiya iri buğda ixracatçısıdır, 2018-ci il üçün dünya buğda ixracatının 21%-i onun payına düşüb və buradakı ticarət dövriyyəsi 8,4 milyard dollar təşkil edib. Amma bütün bunlara baxmayaraq, təkcə hərbi-sənaye istehsalı, eneji resursları və kənd təsərrüfatı məhsulları Rusiyanı dünyanın qüdrətli iqtisadi ölkəsinə çevirmir. Bunun üçün Rusiya mütləq yüngül sənayedəki zəif tərəfini düzəltməlidir.
Rusiya geniş əraziyə yayılıb və onun ərazisi Plutonun ərazisindən şoxdur. Bu ərazidə cəmi 145 milyon nəfər yaşayır, ÜDM-ə görə hər bir nəfərə 10 min dollar düşür. Bu, inkişaf etmiş ölkələr – ABŞ (60 min dollar) və Yaponiyanın (40 min dollar) müvafiq göstəricisindən xeyli azdır.
Rusiya beynəlxalq siyasət və hərb sahəsində dünyanın böyük dövlətləri sırasında olsa da, geridəqalmış iqtisadiyyat onun bu statusu ilə heç cür uyğunluq təşkil etmir. Əlbəttə ki, təbii olaraq rusiyalılar ölkədəki iqtisadiyyatı bərbad adlandırırlar, onların fikrinə görə sovet dövründə daha yaxşı idi.
Nəhayət, Rusiya ÜDM-ə görə Cənubi Koreyanı üstələyərək 11-ci yeri tutur. Amma qabaqcıl Qərb ölkələrinə qarşı durmaq üçün Rusiya iri həcmli nüvə silahı və böyük sayda ordu saxlamaq məcburiyyətindədir. Bu cür dəhşətli nəhəng hərbi xərclər Rusiya iqtisadiyyatına baha başa gəlir və onu əsl bədbəxtçiliyə sürükləyir. Çünki iqtisadi resurslar əsas etibarıyla ordunun baza ehtiyaclarının təmininə yönəlib. Ona görə də, digər sahələrin inkişaf etdirilməsinə vəsaitin tapılması hədsiz çətindir. 2018-ci ildə ölkənin Ümumi Daxili Məhsulunun 4,3%-i hərbi xərclərə sərf edilib.
Əgər hər şeyə daha ayıq məntiqlə yanaşsaq, onda deyə bilərik ki, son 20 ildə Rusiyanın iqtisadi böyümə tempi heç də ləng getməyib. Digər yandan, əgər Rusiya kompleks iqtisadi islahatlar aparmazsa, onda yaxın 10 ildə ÜDM-ə görə adam başına düşən gəlirin sürətli artışını gözləməyə dəyməz. (“Sohu”-Çin)
“AzPolitika”nın əlavəsi: İqtisadi cəhətdən Rusiyanın gələcəkdə sürətlə inkişaf edəcəyi ilə bağlı heç bir əlamət yoxdur, əksinə, bu ölkənin təbii resurs asılılığından qurtarması üfüqdə belə görünmür. Yeltsin dövründəki Rusiyanın sosial-iqtisadi vəziyyətinin bərbad halda olmasının səbəbi SSRİ-nin yenicə dağılmasıyla yanaşı, həmin vaxt neftin qiymətinin indikindən xeyli ucuz olmasıydı. Ümumiyyətlə isə, Sovet İttifaqı dağılandan indiyədək Rusiyada köklü iqtisadi islahat aparılmayıb. Hərbi sənaye kompleksinin məhsul istehsalı əsasən ixracat yönümlüdür və bu sektordakı böyük pullar demək olar ki, xarici sifariş hesabına qazanılır. Yüngül sənaye məhsulları sektorunda gerilik hələ SSRİ zamanından davam edir.
Hazırda Rusiya 450 milyard dollarlıq məhsul ixrac edir və bu heç də az məbləğ sayılmamalıdır. Həm də ki, iqtisadi aktiv əhalinin sayı 80 milyondur. Belə imkanlarla ölkənin resurslarını səfərbər edib, iqtisadiyyatı şaxələndirməklə yüksəltmək mümükündür. Amma iş ondadır ki, Rusiyanın sağalmaz iki böyük “xəstəliyi” var: korrupsiya və səriştəsizlik. Bütün hakimiyyət eşalonu korrupsiya girdabına batıb. Ölkənin gəlirli resursları oliqarxik sistem əsasında iri məmur korpusunun maraqları daxilində bölüşdürülüb. İndi dövlətə məxsus, yaxşı gəlir verən konsernlərin də özəlləşdirilməsinə başlamaq istəyirlər.
Belə ki, Rusiya maliyyə nazirliyi 2020-2022-ci illər üçün “Aeroflot”, ”RJD” (Rusiya Dəmir Yolları) kimi şirkətlərin özəlləşdirmə proqramına salınmasını təklif edib. Məlumdur ki, dövlətə məxsus sahələr rentabelli olmayanda özəlləşdirməyə çıxarılır. Ancaq iş ondadır ki, ”Aeroflot” özəl şirkət olan “Transaero”ilə rəqabətdə qalib çıxıb. İndi axı nə üçün bu nəhəng şirkəti özəlləşdirmək istəyirlər? Bəli, bütün yollar korrupsiyaya aparır…
Amma artıq korrupsiya Rusiyada problem sayılmır, bu bir sistemdir. Həmin sistem dövlət idarəetməsinin məhvəri kimi ictimai həyatın bütün sferalarına sirayət edib. Deməli, sistem dəyişikliyinə gedilməlidir. Bəs bunu kim edəcək?
Ən maraqlısı isə, belə bir sistemin pis-yaxşı işləməsidir və bu hələ ki, Rusiyanı bir dövlət kimi dünya arenasından silib aparmayıb.
Vaqif NƏSİBOV
AzPolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar