Bakı daha bir böyük və önəmli tədbirə ev sahibliyi elədi. Dünən paytaxtda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 7-ci zirvə görüşü keçirildi. Budəfəki toplantı qardaş ölkənin Suriyada antiterror əməliyyatı apardığı kritik günlərə təsadüf eləməsi ilə xüsusi diqqətdə idi.
Türkiyəyə qarşı Qərbin, hətta ərəb dünyasının haqsız narazılığı fonunda başda Azərbaycan olmaqla, türk dövlətlərinin Ankaraya, məhmətçiyə dəstəyi hər şeydən öncə böyük siyasi məna daşıyırdı və bu dəstək qeyd-şərtsiz verildi.
Özü də bu, yalnız etnik faktorla bağlı deyil, Türkiyə ilk növbədə haqlı olduğu üçün müdafiə edilir.
Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevlə Bakıda bağlı qapılar arxasında görüşdən sonra verdiyi açıqlamada Azərbaycan başda olmaqla, ilk gündən Ankaranın yanında olan bütün dost-qardaş dövlətlərə təşəkkürünü bildirdi (O sırada Pakistan da var). Ondan qabaq isə xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra Azərbaycana minnətdarlığını bildirmişdi.
*****
Qardaş ölkənin Suriyada öz hədəflərinə çatmasının Azərbaycandan ötrü önəmi həm də onunla bağlıdır ki, Türk ordusu Suriyadakı 200 illik kürd-erməni terror birliyinə də sarsıdıcı zərbələr vurmaqda, bu birliyin kökünü qazımaqdadır. Məlumatlara görə, kürd-erməni terrorçu tör-töküntüləri zaman-zaman işğal altındakı Qarabağa da çöküb. Ermənistanı ən çox narahat edən də əslində budur - nəinki Suriyanın şimalındakı “dinc erməni əhalisi”.
Təsadüfi deyil ki, Türkiyə ordusunun əməliyyatından cəmi bir neçə gün sonra Nubar Ozanyan adına Suriya erməni könüllülərindən (terrorçulardan) ibarət batalyon Türkiyə silahlı qüvvələri ilə döyüşə yollanıb. Bununla əlaqədar batalyonun yaydığı bəyanatda deyilir ki, guya Türkiyə Suriyadakı torpaqları ələ keçirmək istəyir və bu səbəbə ərəblər, kürdlər və ermənilər Türkiyə ordusuna qarşı çıxmaq üçün birləşməyə çağırılır. Məlumat üçün onu da bildirək ki, hərbi bölmənin adını daşıdığı Nubar Ozanyan fəal kommunist olub və bir sıra silahlı qarşıdurmalarda iştirak edib. 2017-ci ilin avqustunda öldürülüb.
İlk baxışda gülməli görünür: bir dəstə silahlı terrorçu böyük bir orduya nə edə bilər? Ancaq ermənilər üçün, Ermənistan üçün önəmlisi bu deyil, odur ki, PKK/YPG/PYD ilə həm də ideya və məfkurə birliyi nümayiş etdirsin. Bu birliyin qayəsində isə aqressiv separatçılıq və terrorçuluq dayanır. Belə bir köməyin işğalçı Ermənistanda geniş tirajlanması da eyni motivdən qaynaqlanır. Ermənilər PKK/YPG/PYD-çilərə bu dəstəyi verməklə ümidlidirlər ki, nə vaxtsa Azərbaycanın Dağlıq Qarabağda labüd olaraq başlayacağı (bəlkə də elə qardaş Türkiyə ilə birgə) antiterror əməliyyatı zamanı analoji köməyi ala bilsinlər.
Bu mənada Türkiyə ordusu əslində Suriyada kürd terrorizmini əzməklə erməni terroriziminin də taleyini həll edir yazsaq, yanlış olmaz. Bu, ərazisinin 20%-i işğal altında olan Azərbaycan üçün yaxın və orta perspektivdə yaxşı bir örnək, stimul, presedent deməkdir. Daha bir səbəbdən: Suriyada “Sülh Çeşməsi”nin öz hədəflərinə çatması, - nəyə ki, Ərdoğan qətiyyətlə bəyan edib ki, mütləq nail olunacaq, - Güney Qafqaz da daxil, böyük bir bölgədə Türkiyənin siyasi çəkisi və nüfuzunu daha da artıracaq. Qardaş məmləkəti dünyanın vazkeçilməz supergücü kimi təsdiq edəcək. Bu isə öz növbəsində Ankara-Moskva münasibətlərinə də pozitiv anlamda inikas oluna, Dağlıq Qarabağ məsələsində tərəzinin “gözünü” Bakıya tərəf əyə bilər. Başqa sözlə, artıq Ermənistan üçün Suriya “tələsi”ndən danışmaq olar. Hərçənd İrəvanda bəzi xəstə başlar hələ də avantürist, ən əvvəl erməni xalqına zərbə vuracaq təxribatçı ideyalardan qurtula bilmir .
*****
“Ermənistan gərək Türkiyə-Suriya konfliktindən istifadə edib, öz təhlükəsizlik səviyyəsini artırsın”. Bunu “Armnyus”a müshaibəsində Ermənistan hökumətinə yaxınlığı ilə seçilən erməni politoloq, Xristian Demokrat Partiyasının sədri Levon Şirinyan deyib (Axar.az). O, İrəvanın vəziyyətdən istifadə edərək, Azərbaycana qarşı əməliyyat keçirməli olduğunu söyləyib: “Naxçıvan istiqamətində aktivləşməli, mövqelərimizi nizamlamalı, Qarabağ istiqamətində irəliləməliyik. Türkiyə ordusunun hazırda problemləri mövcuddur. Bizim baş qərargahımız hazırda çox aktiv işləməlidir”.
Şirinyan Rusiyanın Ermənistandan asılı olduğunu və Ermənistanın Türkiyə ilə yaranan situasiyadan istifadə edərək, Gümrüdəki bazanın ləğvi məsələsini də gündəmə gətirməsi gərəkdiyini də deyib.
Bu, başı qaçmış erməni partiya sədrinə elə gəlir ki, Türkiyə guya bütün gücünü Suriyaya yönəltdiyi üçün Naxçıvanı Qars anlaşması əsasında qoruya bilməyəcək. Halbuki muxtar bölgəni xüsusi qorumağa ehtiyac yoxdur. Orada çoxdan Azərbaycan ordusunun sanballı qüvvələri - Əlahiddə Qoşun Birləşmələri və Türkiyə bazaları yerləşir. Başqa sözlə, boş-boş ideyalarla yaşamaqdansa, yaxşı olardı ki, Ermənistan erməniləri Suriyadakı soydaşlarının taleyini düşünəydilər, onları Türkiyə ordusuna qarşı qalxmaqdan, nəticəsi bəri başdan məlum olan mübarizədən çəkindirəydilər.
Bu arada rəsmi İrəvan Suriyadakı etnik ermənilərin taleyindən narahat olmağa başlayıb. “Ermənistanın Dəməşqdəki səfirliyi və Hələbdəki Baş Konsulluğu Suriyanın şimal-şərqindəki erməni təşkilatları ilə mütəmadi əlaqə saxlayır”. Bu sözləri Ermənistan XİN sözçüsü Anna Nağdalyan Türkiyənin “Sülh çeşməsi” əməliyyatı ilə bağlı danışarkən deyib. “Etnik ermənilər əsasən Qamışlıda yaşayır. Hazırda bu bölgələrdə hərbi əməliyyatlar aparılmır, buna görə də təxliyə məsələsi gündəmdə deyil. Zərurət olacağı halda Ermənistan etnik ermənilərin təxliyəsi üçün dəstək verməyə hazırdır”, - deyə o qeyd edib . Bundan az öncə erməni deputat Mxitar Ayrapetyan Türkiyənin nəzarətinə keçən Tel-Abyad yaşayış məntəqəsində erməni ailələri təxliyə etməyi planlaşdırdıqlarını açıqlamışdı.
Bu qəbildən açıqlama və bəyanatların ardınca İrəvanın Ankaranı Suriyada ermənilər və kürdlərə qarşı “soyqırım” törətməkdə, “bəşəriyyət əleyhinə cinayətlər”də ittiham eləməsi təəccüblü olmayacaq. Halbuki Türk əsgərinin gülləsindən hələ ki Suriyada bircə dinc sakin də ölməyib. Əksinə, terrorçuların həmsərhəd Türkiyə bölgələrinə xain raket zərbələri nəticəsində onlarla mülki şəxs, o cümlədən 9 aylıq Məhəmməd də daxil, necə-neçə uşaq həlak olub.
Təbii ki, Qarabağda türklərə qarşı etnik təmizləmə aparan, Xocalıda körpə qətllərinə haqq qazandıran, indi də PKK terroruna açıq dəstək verən bir milləti heç vaxt ölən türk çocuqları maraqlandırmaz. Odur ki, Qarabağda gec-tez Suriya presedenti təkrarlanacaq. Azərbaycan ya bunu Türkiyə ilə birgə edəcək, ya da təkbaşına. Bakı zirvəsi, özəlliklə bağlı qapılar arxasında Ərdoğanla Əliyevin apardığı müzakirələr bu xüsusda saatların növbəti dəfə tutuşdurulması ilə yadda qalacaq...
“Yeni Müsavat”ın analitik xidməti