Nə parlamentin qoca qvardiyası xalqı anlayır, nə də xalq onları

29-10-2019, 08:59   

Adam bilmir gülsün yoxsa ağlasın. Videoya baxandan sonra “Sehirli xalat” kinosu yadınıza düşəcək. Bir halda ki, parlamentin 25 illik deputatları ard-arda açıqlama verib yenidən mandat almaq arzularını bildirir, biz də onların fəaliyyətinə ötəri bir nəzər salaq. İndi sizə parlamentin 77 yaşlı deputatı Xanhüseyn Kazımlının İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclasındakı çıxışından bir parça təqdim edəcəyəm. Bir şey anlasanız, izahını bizə də yazarsınız.
“Ona görə də deməli əgər 15 il sonrakı 15 faizdən artıq olarsa büdcənin deməli kəsiri dövlət büdcəsinin boşalması onda büdcə kəsiri deməli…əgər dünyada gedən proseslər belədirsə Azərbaycanı niyə qınamaq olur. Azərbaycanın hər yerdə bütün insanlar Azərbaycana gəlməkdən ötəri cəhd göstərir. Ona görə də, bəlkə də 1930-cu ilin əgər 194 yerdən…194-cü yerdən ABŞ 74-cü yerə düşübsə iqtisadçıların hesablamalarına görə 2020-ci ildə düşübsə deməli bu o deməkdir ki, ABŞ-ı 1930-cu ilin böhranı gözləyirdi…”

İndi Allah eşqinə, özünüz deyin, bu adamların yeri qocalar evidir, yoxsa parlament? Adam artıq nitq qabiliyyətini belə itirib, hətərən-pətərən danışır. Özüdə ona heç işləmək də lazım deyil, müəllimin oğlu İpoteka fondun rəhbəridir, millioner məmurlardandır. Niyə özünü hörmətdən salmamış gedib nəvələri ilə oynamır, axı, bunlar? Kazımlı mətbuata açıqlamasında təkrar deputat olmaq arzusunu etiraf edib. Amma buna şansının yüksək olmadığını da gizlətməyib. Yəqin Biləsuvar camaatının adamın əlindən qəzəbli olduğunu yaxşı bilir. Çünki adam 2010 və 2015-ci illərdə seçicilərinə bir çox vədlər verib, aradan çıxıb. Seçiciləri bildirib ki, 8 ildə başabəla deputatı rayonda 8 dəfə də görməyiblər. Adam son seçki kampaniyasında belə gedib seçiciləri ilə görüşməyi lazım bilməyib.

Azərbaycan reallığında Xanhüseyn Kazımlının yenidən deputat olmaq istəyini başa düşmək çətin deyil. Adam balalarına gün ağlamaq üçün bir az da vaxt qazanmaq istəyir. Mətbuatda onun övladları ilə bağlı borc qalmaqalını da oxumuş olarsınız. Bir müddət əvvəl saytlar deputatın oğlu Samirin baytarlıq aptekində işləyən Mərdan Məmmədova 13 min 633 manat borcu olduğu və borcu ödəmək istəmədiyi haqda məlumat yaymışdı. Məlumata görə, Samir o dərmanları öz quşçuluq fabriki üçün alıb və M. Məmmədov pulunu istəyəndə deyib “atam bizi müflis elədi, qardaşım Fəxri söz verib ki, borcları qaytarmaqda mənə kömək edəcək.” Fəxri də deputatın İpoteka Fondunun icraçı direktoru olan oğludur. Ailənin nədən müflis olduğunu bilmirik, amma bir müddət əvvəl Xanhüseyn Kazımlının da əmlakına həbs qoyulması haqda mətbuatda məlumat yayılmışdı. Məlum olmuşdu ki, millət vəkilinin banka külli miqdarda borcu olduğuna görə, bankda girov olan əmlakı satışa çıxarılıb. Deputat özü isə xəbəri nə təsdiq, nə də təkzib etmişdi.
Bax belə, mandat bu adamlara xalqın xidmətində dayanmaq üçün yox, özlərinə gün ağlamaq üçündür. O üzdən burunları yerə dəyənə, ağızlarının sözünü itirib gülünc günə qalana qədər də parlamentdən qopmaq istəmirlər. Onsuz da, bu adamlara mandatı xalq vermir, onlara yaşıl işıq yandıran İlham Əliyevin özüdür. Gərək o da bu işin böyük vəbalı olduğunu anlayıb, qoca qvardiyanı tam heyətdə parlamentdən tərxis etsin. Adamların evdə uzanıb dincələn yaşıdır, onları belə gülünc günə qoyub millətə güldürmək yazıq, günah, vallah!

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar