“Ramiz Mehdiyevin uzaqlaşdırılması erkən parlament seçkilərinin ən böyük anonsu idi”

6-12-2019, 09:23   
 
Natiq Cəfərli: “...Belə çıxır ki, ölkədəki aparılan islahatlara mane olan qurum parlament imiş”
“Növbəti parlament seçkilərində kütləvi saxtakarlıq addımlarına gediləcəyini düşünmürəm”
“Əslində, o aksiyanın özü parlamentin buraxılması üçün bir hüquqi baza yaratmışdı”
Noyabrın 28-də Milli Məclisdə 99 deputat lehinə olmaqla, parlamentin buraxılması ilə bağlı qərar qəbul olundu. Bundan sonra prezident İlham Əliyev parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı göndərdi və dünən müsbət cavab aldı. Odur ki, yaxın günlərdə növbədənkənar parlament seçkilərinin vaxtının açıqlanacağı gözlənilir.
Marqlıdır, növbədənkənar parlament seçkilərinin keçirilməsində hakimiyyətin nə kimi marağı var? Və yaxud deputatlar bu qərarı öz iradəsi ilə qəbul etdilər, yoxsa rəhbərliyin təzyiqi ilə? “Hürriyyət”in bu və digər suallarını REAL Partiyasının icra katibi Natiq Cəfərli cavablandırıb:
- Bu günə qədər Azərbaycanda parlamentin formalaşması seçkilər yolu baş vermədiyinə görə, həmin deputatlar kimlərə bağlıdırsa, kimlər onların təyinatında mühüm rol oynayıblarsa, həmin çevrələrin də sözünə baxırlar. Təbii ki, öz iradələrinə qalsa, belə bir qərarın verilməsi absurd görünür. Çünki dünya tarixinə, müasir dövrə baxanda parlamentin buraxılması səbəbləri bir neçə istiqamətdə mümkün olar. Məsələn, seçkilər keçirilir, heç bir partiya üstünlük qazana, hökumət formalaşa bilmir və növbədənkənar seçkilərlə bağlı qərar verilir ki, daha çox güvən qazana biləcək partiya növbəti dəfə hökuməti formalaşdıra bilsin. Və yaxud da hökumət hər hansı bir ciddi qərar vermək istəyir və parlamentə gedir, parlament o qərarı qəbul etmir, böhran yaranır. İcra qolu ilə qanunvericilik qolu arasında həmin ölkələrin konstitusiyasına uyğun olaraq növbədənkənar seçkilərlə bağlı qərar verilir ki, güvən təzələnsin, hökumət keçirmək istədiyi qərarlarla bağlı xalqa müraciət etsin, daha çox səs toplasın və parlamentdə üstünlük qazanaraq öz qərarlarını həyata keçirsin. Bu iki variantın heç biri Azərbaycanda olmadı. Azərbaycanda sadəcə hakimiyyətin icra qolu belə bir qərar verdi ki, parlament yenilənməlidir. Hələ bu günə qədər də bunun normal izahı yoxdur ki, nəyə görə bu qərar verildi. Hətta parlamentin prezidentə müraciətinin özü də məntiqsizlikdir. Həmin o müraciətdən belə çıxır ki, ölkədəki aparılan islahatlara mane olan qurum parlament imiş və bir böhranlı stiuasiya yaranıb. Ona görə də tezliklə yeni seçkilər keçirilməlidir. Bu səbəbdən, mən düşünmürəm ki, o qərar verənlərin öz iradələrinə bağlı bir qərar idi. Yəni mərkəzləşdirilmiş qaydada prezident tərəfindən qəbul olunmuş qərarın sadəcə parlament tərəfindən yerinə yetirilməsi idi və bunun əksinə çıxmağa o parlamentin nə gücü, nə siyasi iradəsi, nə də təpəri yox idi. Ona görə də razılaşmaqdan başqa çarəsi qalmadı.
- Növbəti parlament seçkiləri gələn ilin sonlarına yaxın keçiriləcəkdi. Ancaq hakimiyyət 5-6 ay seçkiləri önlədi. Hakimiyyət niyə tələsir?
- Müxtəlif versiyalar var, amma mənim düşündüyüm ondan ibarətdir ki, əslində, bu proseslər 2016-cı ildən başlanmalıydı. Çünki 2016-cı ildə referendum keçirildi, növbəti dəfə Konstitusiya dəyişiklikləri oldu, vitse-prezidentlik instutu yaradıldı, prezident parlamenti buraxması səlahiyyəti qazandı. 2016-cı ildən sonra bu proseslər sürətlə həyata keçirildi. Yəqin ki, bu qərar sistemdaxili güclü oyunçuların müqaviməti ilə qarşılaşdı və bu qərarlar bir neçə il ertələndi. İndi yəqin ki, sistem daxilində bu məsələlər öz həllini tapıb deyə, daha sürətli qərarların verilməsi prosesinə keçdilər. İlkin mərhələdə hakimiyyətin icra qolu dizayn olundu və belə demək mümkünsə, mərhum prezident Heydər Əliyevin komandası hakimiyyətin icra qolundan silinir. Çünki onlar daha baha başa gəlirdi. Onlar sanki dövlətə bir şərik kimi özlərini hiss edirdilər. Amma həmin insanların böyük bir qismi də məhz  parlamentdə təmsil olunurdu. İndi növbəti addım kimi hakimiyyətin qanunvericilik qolunda da belə təmizləmə əməliyyatına start verildi. Tələskənlik görüntüsü yaransa da, düşünürəm ki, 2016-cı ildən qəbul olunmuş qərarların həyata keçirilməsi üçün indi şərait yarandı. Yəqin ki, o vaxt cəhdlər olsa da, şərait buna uyğun deyildi, hakimiyyətdaxili oyunçuların ciddi müqaviməti varıydı. Müxtəlif üsullarla bu müqavimət zəiflədildi və çox tarixi epoxal bir qərarla Ramiz Mehdiyev kimi bir fiqur hakimiyyətin icra qolundan uzaqlaşdırıldı. Hətta Ramiz Mehdiyev vəzifədən gedəndən sonra biz öz aramızda belə müzakirələr aparmışdıq, erkən parlament seçkilərinin olacağını il yarım bundan öncə tez-tez gündəmə gətirirdik. Ramiz Mehdiyevin icra qolundan uzaqlaşdırılması ilə artıq həmin vaxt parlament seçkilərinin olacağı kəsinləşdi. Çünki Azərbaycanın müstəqilliyindən bu günə qədər parlamentin dizayn olunmasında, formalaşmasında, namizədlərin seçilməsində və təyin olunmasında həmin şəxsin çox ciddi rolu olub. Bu günə qədər olan seçkilərə adamın seçki deməyə dili gəlmir. Həmin şəxsin icra qolundan uzaqlaşdırılması erkən parlament seçkilərinin ən böyük anonsu idi. Necə də ki, oldu. Üstündən bir neçə həftə keçəndən sonra artıq bununla bağlı qərar verildi.
-Ramiz Mehdiyevin icra strukturundan uzaqlaşdırılması seçkilərin bundan sonra şəffaf keçirilməsinə imkan verəcəkmi?
-Mən düşünmürəm ki, bu seçkilər demokratik keçəcək. Azərbaycanda demokratik seçki mühiti yoxdur, amma daha səliqəli keçəcək. Yəni seçkilərin daha səliqəli keçməsi üçün indi bir şərait yaranıb. Səliqəli seçki nə deməkdir? Yəni çox abırsızcasına saxtalaşdırma, bülletenləri topa-topa atma, böyük karusellərin təşkil olunmasına getmək, yəni bu tipli proseslər daha səliqəli aparılacaq və müxtəlif dairələrdə hakimiyyətin özünün də marağı olacaq ki, güc balansını, hansı namizədin nəyə qadir olduğunu  görsün. Ondan sonra, bəli, siyasi iradə ilə müəyyən qərarlar verilir, kimin mandatının tanınıb-tanınması ilə bağlı prosesləri gələcəkdə görəcəyik. Amma seçki prosesinin özü daha səliqəli olacaq, bu, demokratik seçki demək deyil. İnsanların, dünyanın gözü görə-görə kütləvi saxtakarlıq addımlarına  gediləcəyini düşünmürəm. Zatən, erkən parlament seçkilərinin mənası qalmazdı.
Prezidentin parlamentin buraxılması ilə bağlı Konstitusion hüququ qazanması seçkilərin daha səliqəli keçəcəyinə də bir işarədir. Çünki istənilən stiuasiyada parlamenti buraxa bilər. Parlamentin buraxılması səlahiyyətinin prezidentdə olması parlamentin total saxtakarlıqla seçilməsindən daha rahat və qanuni, problemləri daha azalda biləcək bir yoldur. Yəni parlamentin nəzarətdən çıxmaq ehtimalı yaranan kimi parlamenti buraxmaq daha asandır. Ona görə, bu səlahiyyəti məhz 2016-cı il referendumunda Konstitusiyaya salıblar. Əgər bu səlahiyyət olmasaydı, total saxtakarlığın bu gün də davam etməsi üçün şərait yaranacaqdı. Bu haqqın olması bir ehtimal yaradır ki, növbədənkənar seçkilər səliqəli keçirislin.
- Növbədəkənar parlament seçkiləri ilə bağlı qəfil qərar verilməsi müxalifəti hazırlıqsız yaxalamaq məqsədi güdmür ki?
-Müxalifətin “hazırlıqsız” sözünü dilə gətirməyə ixtiyarı yoxdur. Dünyanın hər yerində bir seçki bitən kimi növbəti seçkiyə hazırlıqlar başlanır. “Biz hazırlıqsız yaxalandıq, 5-6 ay bizim üçün önəmli zaman kəsimidir” deməyə müxalif partiyaların ixtiyarı olmamalıdır. Ən azından seçkilərə hər an hazır vəziyyətdə olmalıydılar. Biz bunu təqribən 1 il yarım öncə, bu ehtimal güclənəndə və bizim analizimiz olanda ki, erkən parlament seçkiləri ehtimalı çox yüksəkdir, müxtəlif addımlarla bu seçkilərə start vermişdik. Ən böyük addımlardan biri imzatoplama kampaniyası oldu. Keçən ilin oktyabr ayında 3 qanun layihəsi ilə bağlı imza toplamağa başladıq və 42 min imza topladıq, parlamentə təqdim etdik. Əslində, o aksiyanın özü parlamentin buraxılması üçün bir hüquqi baza yaratmışdı, sadəcə o vaxt buraxmadılar. Çünki parlament Konstitusiyanı pozmuşdu, bizim təqdim etdiyimiz qanun layihəsinin baxılmasını gecikdirmişdi. Bu, Konstitusiyada parlamentin buraxılması üçün bir pəncərə açır. Biz o 42 min imzanı toplayarkən öz yerli təşkilatlarımızı, gücümüzü test etdik. Harada zəif, harada güclüyük və hansı regionlarda önə çıxa bilərik, hansı regionları gücləndirmək lazımdır, yəni biz hazırlıq prosesinə sanki həmin o 42 min imza kampaniyası ilə start verdik. Ondan başqa, bu ilin aprel-may aylarından namizdlərin siyahısının hazırlanması ilə bağlı start verdik və təqribən partiyanın 80-90 üzvü ilə qrup-qrup, tək-tək mərkəzi ofisdə görüşlər keçirdik, onların potensialı ilə bağlı bir ciddi araşdırma apardıq. Daha sonra ölkə ərazisində min nəfərdən çox vətəndaşı və bütün ölkəni əhatə edən bir sorğu keçirdik. Bunu sosilologiya elminin qaydalarına uyğun olaraq yaş, cins qrupları, iş yerləri, eyitimli, eyitimsizlərlə bağlı keçirdik və həmin sorğunun təhlili nəticəsində çox maraqlı nəticələr əldə etdik. Bu da bizim seçki platformasının yazılması və elan olunmasında çox ciddi rol oynayacaq.
Bundan başqa, biz bu ilin avqust-sentyabr aylarında müxalif partiyalara-Azərbaycan Xalq Cəbhəsinə və Müsavat Partiyasına məktub göndərdik ki, seçkilər olması ehtimalı çox yüksəkdir, gəlin, indidən seçkilərlə bağlı müzakirələrə başlayaq, birgə öhdəliklər götürək. O zaman, çox təəssüf ki, bizim təkliflərimizə cavab verildi ki, çox tezdir, hələ seçkilərə bir ildən çox vaxt qalıb, seçki yaxılnlaşdıqca, bu işi görərik. Ona görə, deyirəm ki, “hazırlıqsız yaxalandıq” sözünü müxalif partiya dilinə gətirməməlidir.
- Belə görünür ki, seçkilərə tam hazırsıınız və qatılmaq qərarı vermisiniz...
(Ardı var)
Şamo EMİN, Hurriyyet.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar