Dekabrın 5-də prezidentin sərəncamı ilə Azərbaycanda 2020- ci il fevralın 9-na növbədənkənar parlament seçkiləri təyin edildi. Dekabrın 4-də Azərbaycan Konstitusiya Məhkəməsi Milli Məclisin parlamentin buraxılması və növbədənkənar parlament seçkiləri keçirilməsi xahişi ilə ölkə prezidentinə müraciətinin Konstitusiyaya uyğun olduğunu təsdiq edib.Parlamentinin buraxılması təşəbbüsünü hakim Yeni Azərbaycan Partiyası irəli sürüb, bunu islahatları dəstəkləmək və Milli Məclisin tərkibini yeniləmək zərurəti ilə əsaslandırıb.Dekabrın 2-də parlament bu təşəbbüsü dəstəkləyib və prezidentə müvafiq müraciəti qəbul edib. Bir sözlə, Azərbaycanda 5-ci çağırış Milli Məclis buraxıldı və çox yaxın zamanda növbədənkənar parlament seçkiləri gözlənilir. Görəsən, bütün bunlar niyə baş verir? Parlamentin tez-tələsik buraxılmasının səbəbi nədir? Və bütün bu proseslər Konstitusiyaya və qanunvericiliyə uyğun baş verirmi?Müstəqil hüquqşünas Ələsgər Məmmədli prosesin hüquqi və siyasi tərəfləri barədə ASTNA-nın suallarını cavablayıb.
***
-Ələsgər bəy, hakim Yeni Azərbaycan Partiyası parlamentin buraxılması təşəbbüsünü irəli sürdü, bunu islahatları dəstəkləmək və Milli Məclisin tərkibini yeniləmək zərurəti ilə əsaslandırdı. Hakim partiyanın belə bir təşəbbüslə çıxış etmək səlahiyyəti varmı?-Siyasi baxımdan Yeni Azərbaycan Partiyasının proqramını həyata keçirmək üçün hansısa addımlar atması təbiidir və mümkündür. Hüquqi baxımdan bu, mübahisələndirilə bilməz. Bu, siyasi konyektur, ehtiyac baxımından qiymətləndirilə bilər. YAP belə bir siyasi çıxış edə bilər ki, o, tutalım ki, parlamentdə mövcud olan millət vəkillərini yeniləmək istəyir. Amma istənilən siyasi çıxış nəticə etibarı ilə bir arqumentə söykənməlidir. Həmin arqument əsaslı olmalıdır. YAP-ın “prezident islahat aparır, parlament bu addımlarla ayaqlaşmır” arqumenti kifayət qədər inandırıcı bir iddia deyil və cəmiyyət bu iddiaları qəbul etmir. Normalda hər kəs görür ki, parlamentin, ümumiyyətlə, fəaliyyəti prezidentinkindən daha sürətlidir. Yəni, prezidentdən gələn bütün qərarlar heç bir sorğu olmadan, əleyhinə kimsə çıxmadan, hətta 100 faiz səslə parlamentdə qəbul olunur. Hətta həmin 100 faizə əsasən özünə bitərəf deyənlər də daxil olur. Eyni zamanda hətta müxalif partiya kimi və ya digər partiya kimi parlamentdə qeydiyyatdan keçmişlər də həmin qərarların əleyhinə çıxmayıblar və ya bitərəf qalmayıblar. Dolayısı ilə belə bir siyasi qərara ehtiyac yox idi və əsaslandırılmamışdı. Amma, ümumiyyətlə, əgər belə bir ehtiyac hiss edirdilərsə, bunun yolu ilk növbədə bir siyasi partiya kimi özünün qurultayında və ya səlahiyyətli orqanında qərar qəbul etmək idi. Sonra həmin qərarı öz üzvləri olan millət vəkillərinə təqdim etmək idi. Həmin üzv millət vəkilləri parlamentin erkən seçkiyə getmək mühitini hüquqi baxımdan formalaşdırmaq üçün bir hissəsi və ya hamısı fərdi olaraq istefa verə bilərdi. Həmin istefa ərizələri Milli Məclisdə qiymətləndirilib, Mərkəzi Seçki Komissiyasına təqdim olunandan sonra MSK-nın qərarı ilə onların millət vəkilliyi statusu ləğv olunardı. Beləliklə də parlamentdə 83 və daha yüksək səs çoxluğu ilə qərar qəbul etmə və parlamentin, ümumiyyətlə, yetərsay olma baxımından lazım olan millət vəkili sayı azalmış olardı. Bu halda prezidentə parlamenti buraxma hüququ verən Konstitusiyanın 98-1-ci maddəsinin şərti formalaşardı. Və bu proses Konstitusiyaya uyğun şəkildə baş verərdi.
-Dekabrın 2-də parlament hakim
partiyanın təşəbbüsünü dəstəklədi və prezidentə müvafiq müraciəti qəbul etdi. Elə həmin gün dövlət başçısı parlamentin müraciətinin Konstitusiyaya uyğunluğunun yoxlanılması üçün Konstitusiya Məhkəməsinə sorğu göndərdi. Azərbaycan Konstitusiya Məhkəməsi dekabrın 4-də Milli Məclisin parlamentin buraxılması və növbədənkənar parlament seçkiləri keçirilməsi xahişi ilə ölkə prezidentinə müraciətinin Konstitusiyaya uyğun olduğunu təsdiq edib. Sizcə, bütün baş verənlər Konstitusiyaya və ya qanuna uyğun olaraq baş verirmi?-Konstitusiya Məhkəməsinin verdiyi qərarın hüquqi baxımdan əsaslandırılması, ümumiyyətlə, yoxdur və verilən qərar siyasi qərardır. Çünki Konstitusiya Məhkəməsi Konstitusiyanın bütün müddəlarına uyğun və sadiq olan şərh verə bilər. Konstitusiyanın müddəaları dedikdə prezidentin parlamenti buraxması ilə bağlı 98-1-ci maddənin şərtlərinin mövcud olub-olmadığı yoxlanmalı idi. Yoxlanılmadı, tam tərsi YAP-dan olan millət vəkillərinin müraciətini parlamenti buraxmaq üçün yetərli hesab etdi. Sadəcə, burada yenə Konstitusiya Məhkəməsinin əslində funksiyasına aid olmayan bir məsələ müzakirə olundu. Hansı ki prezident bunu ondan istəməmişdi. Bu da parlamentin, ümumiyyətlə, buraxılması halında onun funksionallığının saxlanması məsələsi idi. Bu, ümumiyyətlə, hüquqi məntiq baxımından keçərsiz bir ifadədir. Çünki parlament yararsız olduğu üçün buraxılırsa, o zaman parlamentin funksionallığını saxlamaq və onu seçki gününə qədər səlahiyyətli saxlamaq məntiqli və hüquqauyğun yanaşma deyil. O, ayrı məsələdir ki, bu, krizis yaradır. Bu, doğrudur. Çünki prezidentin parlamenti buraxması özlüyündə Konstitusiyanın bütünlüyünə zidd bir müddəadır. 2016-ci il referendumu ilə Konstitusiyaya prezidentə bu səlahiyyəti verən müddəa əlavə olunub. Bu, özü parlamentin funksionallığını zədələyən məqamdır. İndiki halda bunu guya Konstitusiyanın 111 və 112-ci maddəsi ilə əlaqələndirdilər. Həmin maddələrə görə, fövqəladə vəziyyət və müharibə vəziyyəti elan ediləndən sonra 24 saat içində prezident bu qərarı Milli Məclisə təqdim etməlidir, parlament də onu ya qəbul, ya da rədd edə bilər. Əgər qəbul edərsə, parlament buraxılarsa, belə bir situasiyada parlament yox ikən ciddi şəkildə dövlət krizisi yarana bilər. Və dövlət böhranı yaranmasın deyə Konstitusiya Məhkəməsi guya buna da bir açıqlama gətirib. Mövcud Məclisi qanun və qərar qəbul etmədən, sadəcə, istisna halda lazım olarsa toplanma və beynəlxalq təmsilçiliyi davam etməyi qərara aldı. Yəni, Avropa Şurasının yanvarda nəzərdə tutulan qış sessiyasında təmsil etmək hüququ saxlanma şərti istisna olmaqla digər halda parlamenti buraxmış hesab etdi. Baş verən prosessual hüquq baxımından da, məzmun baxımından da Konstitusiyaya zidd baş verdi.
-Əslində prosedur necə olmalı idi? Konstitusiyaya və ya qanunvericiliyə uyğun olaraq parlament hansı halda buraxıla bilərdi? Və ya növbədənkənar parlament seçkisi hansı halda elan oluna bilərdi?-Konstitusiyada parlamentin buraxılması üçün hökmən birincisi siyasi böhran yaşanmalıdır. Parlamentdə ciddi şəkildə fikir ayrılığı yaranmalıdır. Ya prezidentdən gələn qanun təklifləri zamanında müzakirəyə çıxarılmasın (bu normalda iki ay və ya istisna hallarda təcili elan olunubsa 20 gün) və yaxud da prezidentə imzalanmaq üçün 14 gün içərisində göndərilməli olan qanunlar həmin müddət çərçivəsində göndərilməsin. Bu zaman parlamentin funksionallığı zədələnir. Digər hal isə Konstitusiyanın 98-1-ci maddəsində aydın şəkildə göstərilib. Bu, prezident tərəfindən təklif olunan baş nazirin iki dəfədən artıq səsvermə zamanı təsdiq olunmaması və yaxud Mərkəzi Bank sədrinin, baş prokurorun təsdiq olunmaması. Bu, Konstitusiyada aydın şəkildə göstərilən hallardır. İndiki situasiyada məhz siyasi baxımdan, yəni funksionallıq baxımından prezidentin göndərdiyi təkliflərdən imtina edən və yaxud onu ləngidən hər hansı bir vəziyyət yoxdur. Nə də belə bir şərt hüquqi baxımdan formalaşmayıb. Bu baxımdan növbədənkənar parlament seçkisinin elan olunması hüquqi çərçivədə mümkün deyildi. Amma bu, baş verdi.
-Bu formada tez-tələsik parlamenti buraxmaq, növbədənkənar seçki keçirmək nəyə görə lazım idi? İqtidar niyə bunu edir?-Üst-üstə götürsək, yeni seçkinin elan olunmasına 9 aydan bir az artıq vaxt qalmışdı. Bu 9 ayı gözləmədən belə bir addım atmasının səbəbi, ictimaiyyətə açıqlanan səbəb keçərli deyil. Çünki deyildiyi kimi, parlament prezidentin addımları ilə ayaqlaşa bilməsəydi, o zaman parlamentin sədri Oqtay Əsədovun elan etdiyi kimi il ərzində 1700-dən artıq qərar və qanun qəbul etməzdi. Bu, həqiqətən rekorddur. Belə bir rekorda imza atan bir parlamentə hansısa bir islahatı zəiflədir deyilməsi keçərli arqument deyil. Bu, daha çox hakimiyyətin üst səviyyədə əl dəyişməsinə hazırlanan bir prosesdir. Bu, heç kimə sirr deyil ki, hakimiyyətin üst ranqlı məmurlarının bir çoxu artıq göndərilib. Bura Prezident Administrasiyasının rəhbəri, ictimai-siyasi şöbənin rəhbəri daxildir. Eyni zamanda digər önəmli postlardakı insanların rolu cəmiyyətdə azaldılıb. Keçən parlamentdə qanunvericilikdə rəsmi şəkildə belə bir şey nəzərdə tutulmasa da, faktiki olaraq hamı bilirdi ki, parlamentdəki təmsilçilik daha çox oliqarxların cəmiyyətdəki təmsilçiliyinə uyğun formalaşdırılmışdı. Həmin o vurulan, işdən azad olunan, artıq idarəetmədən uzaqlaşdırılan şəxslərin dolaylı olaraq təsdiqlədikləri şəxslərin parlamentdə oturması arzuolunan deyil. Artıq parlamentə yeni komandanın təmsilçilərinin oturdulması düşünülür. Çünki bizdə parlament formalaşarkən cəmiyyətin iştirakçılığı ən geri planda olan məsələdir. Əsasən seçki yuxarıdan hazır siyahıların təqdim olunması və MSK-nın siyahıya uyğun şəkildə seçkini qeyri- şəffaf və qanuna zidd şəkildə formalaşdırması ilə yekunlaşır. Bu da onu göstərir ki, yaxın vaxtlarda ən üst şəkildə dəyişiklik baş verəcək və onun istəyinə uyğun parlamentin formalaşması siyasi tərcihdir. Və bu reallaşır.
-Ümumiyyətlə, parlament həqiqətənmi gedən proseslərlə ayaqlaşa bilmirdi?-Dediyim kimi, vurulmuş məmurların “təmsilçiləri” olan deputatlar (bir çox hallarda bunlar çoxluq təşkil edirdi), uzun müddətdə prosesi arzulamayan ola bilərlər. Düzdür, onların formal olaraq yenə də prezidentə, onun apardığı bu dəyişimə ya yerdəyişmə siyasətinə ayaq uydurduqları görünür. Amma ola bilsin ki, arzuları və istəkləri daxillərində o yöndə deyil. Hər halda ən azından burada bir əminlik yaradırlar. Çünki parlament nəticə etibarı ilə önəmli bir institutdur. Və parlamentin əlində prezidentin impiçment edilməsi kimi səlahiyyət var. Belə olan halda həmin parlament hansısa anda hökumətin üst səviyyədə boykot edilməsinə və ya müəyyən problem yaşamasına gətirib çıxara bilər. Oradakı çoxluq arzu olunmayan çoxluqdursa. Yəqin bu, parlamentin buraxılmasında rol oynadı.
-Bu dəfəki seçkilərdən nə gözləyirsiniz? İqtidarla, hakim partiyanın atdığı addımlarla ayaqlaşan parlament formalaşa biləcəkmi? Və sizin həmin parlamentdən gözləntiləriniz nədir?-Bu seçkidən nə prosedur baxımdan ciddi bir şəkildə fərqli dəyişiklik gözləyirəm, nə də formal olmasa da əsas baxımından. Çünki mövcud seçki eyni ilə 2003-ci ildə qəbul olunan Seçki Məcəlləsi və 2005-ci ildə formalaşan seçki komissiyaları ilə həyata keçirilir. Faktiki olaraq eyni icra hakimləri, eyni polis strukturu, eyni təhlükəsizlik strukturu və eyni siyasi komanda ilə seçkiyə gedilir. Belə olan halda o gözlənti haradan formalaşa bilər ki, seçki fərqli olacaq? Belə bir impuls verən heç bir addım yoxdur. Hətta son 1-2 aylıq bir prosesi incələdikdə 19 oktyabr hadisələri və ondan öncəki və sonrakı sərbəst toplaşma ilə bağlı, siyasi fəaliyyətlə bağlı piket cəhdləri çox aydın şəkildə göstərdi ki, hökumətin xüsusi ilə rəqiblərə və siyasi mübarizə istiqamətinə yönələn hər hansı bir dəyişikliyi yoxdur. Tam əksinə, daha aqressivdir. Əvvəllər bu qədər aqressiv deyildi. Hətta 2-3 həftə ərzində prezidentin son açıqlamalarına diqqət etsək, daha çox müxalifətə yönələn nifrət nitqindən istifadə edib. Bu da dəyişimin nəinki müsbət, hətta mənfi istiqamətdə getdiyini göstərir. Qaldı ki, parlamentin iqtidarın atdığı addımlarla ayaqlaşmasına, partiya heç bir addım atmır. Partiya prosesdə yoxdur. Sadəcə, üst səviyyədə, prezident və ya vitse-prezident səviyyəsində dəyişikliklərin təqdimatı və icrası var. Amma bunların hətta partiya ilə məsləhətləşmədiyi aydın şəkildə bəllidir. Pariyanın özünün əsas funksioner olan şəxslərinin son açıqlamalarından hiss olunur ki, partiya bu proseslərdə yoxdur. Arif Rəhimzadənin parlamentdəki “məgər biz yararsızıqmı ki, özümüzü buraxırıq” deyərək etdiyi son etirazı və bunu ciddi şəkildə mübahisələndirməsi, Oqtay Əsədovun isə guya onu sakitləşdirirmiş kimi göstərib, amma eyni zamanda altdan sətiraltı parlamentin proseslərə ayaq uydurduğunu deməsi və il ərzində 1700-dən çox qanun layihəsini qəbul etməsini deməsi bunu sübut edir. Sadəcə, onun rəsmiləşdirilməsində formal bir qatar rolu oynayır. Amma bu proseslər partiyadan formalaşmır. Bunu göstərən hər hansı bir ipucu yoxdur. Yeni formalaşan parlament adil, ədalətli formada formalaşmırsa, komissiyalar tərəfindən obyektiv bir seçki sistemi ilə keçirilmirsə, ümumiyyətlə, seçkiyə aid normalar, standartlar ATƏT-in müşahidə missiyasının, Venesiya Komissiyasının tələbləri çərçivəsində formalaşmırsa, oradan formalaşacaq parlamentin də hansısa formada böyük bir gözlənti yaradacağını düşünmürəm.