Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Hakimiyyət Paşinyanın Bakıya gəliş anonsunu verdi - Zahid Orucun açıqladığı o detal...

8-05-2024, 09:36   





Ötən gün Milli Məclisdə Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycana dəvət edilməsi təklifi səsləndi. Bu çağırış və ideya millət vəkili Zahid Orucdan gəldi. Maraqlıdır ki, eyni gündə keçirdiyi mətbuat konfransında erməni baş nazir noyabra qədər sülh müqaviləsinin bağlana biləcəyi anonsunu verdi. Nikol Paşinyan noyabradək dedikdə, şübhəsiz ki, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi konfransı olan COP29 tədbirlərinə qədər olan aralığı nəzərdə tuturdu. Az əvvəl isə Böyük Britaniyanın baş naziri Ruşi Sunak COP29-a kimi tərəflərin sülh müqaviləsi imzalayacağına ümid etdiyini açıqlamışdı. Bütün bu açıqlamalar və  siyasi hakimiyyətin "mətbəxi"nə bələd olan deputat Zahid Orucun təklifi ehtimalları gücləndirir ki, Nikol Paşinyan noyabrda Bakıya gələ bilər.
Sitat:" Azərbaycan dövlətinin sanksiyalara cavabı Böyük Qayıdışı gücləndirməsi, delimitasiyanı addım-addım irəliyə aparması, regionda sülhü qazanması olmalıdır". Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qeyd edib ki, sanksiyalara cavab kimi, həmçinin Azərbaycan qardaş Türkiyə ilə hərbi-siyasi ittifaqı möhkəmləndirməli, region dövlətləri ilə konfrontasiyaya getməməli, Azərbaycan torpaqlarının işğalına dəstək verən konqresmenləri, keçmiş dövlət katibi Ceyms Beykerdən Göyçə dağlarına qədər gəlib çıxan Foq Rasmussenədək hamısını qara siyahıda dünyaya sülhün düşmənləri kimi göstərməlidir:
“Yəni Paşinyanı Bakıya dəvət etmək olar. Siyasi düşmənlərimizin və sanksiyaçıların Azərbaycana yolu birdəfəlik bağlanmalıdır”.
Sözsüz ki, bu təkliflər aktualdır və məntiqlidir. Eyni zamanda, Zahid Orucun bu çıxışını və Nikolun dəvət edilməsi ideyasını hakimiyyətin planlarından xəbərdar olması ilə izah etmək mümkündür. Çünki yuxarıda qeyd etdiyimiz kimi, Zahid Oruc iqtidarın yüksək eşelonunda gedən müzakirələrdən məlumatlıdır, bəzi hallarda hakimiyyət məhz ona etimad göstərərək müəyyən ideyaları ictimai rəyə ötürür, cəmiyyətin fikri öyrənilir. Bu anlamda istisna deyil ki, dövlət bu dəfə də güvəndiyi şəxsin - Zahid Orucun timsalında Paşinyanın Azərbaycana gələ biləcəyi ehtimalını anons etmiş oldu. İctimai rəy də Paşinyanın Bakıya səfərini normal qarşılayır. Amma buna qədər sülh sazişi imzalanmalıdır.  Bu, millət vəkilinin söylədiyi kimi, ürəyindən sanksiya keçənlərin arzusunu ürəyində qoyacaq. Sülh sənədinin imzalanmasına gəldikdə, erməni spiker Simonyanın sözlərinə görə, mətndə mübahisə doğuran fundamental məsələlər qalmayıb. Mayın 10-da nazirlərin Almatı görüşündə də irəli doğru ciddi addımlar atılacaq. Azərbaycan isə sülh müqaviləsi üçün tələsmir, biz içəridə işimizi həll etmişik, "boz zona" təmizlənib, rus qoşunları bölgədən çıxır və bu halda sülh sənədi ən ideal şəkildə hazırlanmalıdır, tələskənliyə ehtiyac yoxdur. Azərbaycan xalqı da öz prezidentinə güvənir ki, onun mənafeyinə, dövlətin milli maraqlarına zidd hər hansı bənd sülh mətnində olmayacaq. Ona görə də proses ikitərəfli, vasitəçisiz dinamik şəkildə inkişafdadır. Əgər bu templə danışıqlar davam edəcəksə, o zaman sülh sənədi tezliklə imzalanacaq və biz noyabrda keçirilən COP29 toplantısında Paşinyanı görə bilərik. Artıq Zahid Oruc anonsunu verdi...


Azər Talıbov
Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar