Dövlət Departamenti sözçüsü: 'Sülh sazişi üçün ağır kompromislərə gedilməlidir'

16-07-2024, 11:57   



Azərbaycanla Ermənistan sülh danışıqlarında "inanılmaz" proqresə nail olub və uzun yol qət edib. Birləşmiş Ştatlar isə tərəfləri bu işi davam etdirməyə təşviq etməkdədir. Bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller (Matthew Miller) iyulun 15-də keçirdiyi brifinqdə iki ölkənin xarici işlər nazirlərinin ötənhəftəki Vaşinqton görüşünü şərh edərkən deyib.

"Bu ölkələr arasında sülh sazişi həm onlar, həm də region üçün çox böyük əhəmiyyətə malikdir – regionda sülh, sabitlik, təhlükəsizlik üçün vacibdir. Biz həqiqətən sülh sazişinin mümkün olduğuna inanırıq, ancaq bu, tərəflərdən bəzi çətin seçimlər və ağır kompromislər tələb edir. Biz onları fikir ayrılıqlarının yekun həllinə və razılığa gəlməyə təşviq etməyə davam edirik", - Miller sözlərinə əlavə edib.

Sözçü əlavə detallar açıqlamayıb, yalnız bir daha proqres olduğunu söyləyib. "Ancaq, hələlik, ortada saziş yoxdur, onu əldə edənədək çalışacağıq", - o bildirib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 10-da Vaşinqtonda ABŞ-nin dövlət katibi Antoni Blinkenin (Antony Blinken) təşəbbüsü və iştirakı ilə ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb. NATO75 Sammiti çərçivəsində görüşdən sonra tərəflər sözbəsöz eyni mətndən ibarət açıqlama yayıblar. Onlar iki ölkə arasında "tarixi" sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi vurğulayıb və bu istiqamətdə işi davam etdirməyə razılaşdıqlarını bildiriblər.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.

Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.