“Foqts almanları yığırdı başına, biz də qalırdıq qıraqda...”
19-10-2014, 11:28
Azərbaycan millisinə müvəqqəti baş məşqçi təyin olunan Mahmud Qurbanov fanat.az-a müsahibə verib.
“Qafqazinfo” xəbər verir ki, həmin müsahibəni təqdim edir.
- Xorvatlardan alınan 0:6 hesablı yenilgi necə təsir etdi?
- Hamımız üzüldük. Rəhbərlik, məşqçilər, futbolçular... Əlbəttə, ki, azarkeşlərimizin nə dərəcədə pərişan olduğunu da təxmin etmək çətin deyil. Düzdü, rəqib güclüydü, yığmanın Osiyekdən xalla qayıdacağına da inam az idi. Amma belə nəticənin qeydə alınacağını gözləmirdik.
- Bəli, ağlımıza gəlməyən başımıza gəldi. Sizcə, darmadağının əsas səbəbi nə idi?
- Müdafiədə çox ciddi səhvlərimiz oldu. Digər çatışmazlıqlar bir yana, arxa xətdə pis oynadıq.
- Milli meydana 5-4-1 taktiki düzümü ilə çıxmışdı. Həmin oyunda Berti Foqtsun yerində olsaydız, eyni sxemdən faydalanardız?
- Desəm, yox düzgün alınmaz. Çünki iş-işdən keçəndən sonra danışmaq asandı. Bəli, səhvlərimiz var idi. Bu hesabla uduzmamalı idik.
- Osiyek faciəsinin ardından baş məşqçi postu ilə vidalaşan Foqts Aslan Kərimovla sizə texniki zonada yanında əyləşməyə icazə vermirdi, yoxsa siz onun yanında oturmaq istəmirdiz?
- Bizdən öncə də belə olub. Bu, Foqtsun qərarı idi.
- Yerli çalışdırıcıları yanında görmək istəmirdi?
- Orda 6 nəfər əyləşməlidi. Baş məşqçi tərcüməçisi və alman köməkçiləriylə yanaşı otururdu. Biz isə kənarda qalırdıq. Məndən öncə millidə işləyənlər də eyni vəziyyətlə üzləşib.
- Foqtsu baş məşqçi postunda əvəzləmək təklifi alacağınızı gözləyirdiz?
- Açığı, gözləmirdim. Real yanaşsaq, mənim üçün dəyişiklik yoxdu. Yəni indi də Aslan Kərimov kimi, millinin məşqçisiyəm. Baş məşqçinin səlahiyyətlərini müvəqqəti icra edəcəm. Yığmanı Norveçlə oyuna çıxaracağıq. Yanvara qədər yeni baş məşqçi gələcək. Dünya praktikasında qəbul olunmuş metoddu.
- Norveçlə oyunda uğur qazansaz, yığmaya baş məşqçi təyin edilməyəcəksiz?
- Yenə deyirəm, bu biroyunluqdu. Bizim üzərimizə düşən iş ilin son rəsmi matçında azarkeşlərimizə sevinc bəxş etməkdi. Uğurlu nəticə üçün əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək. Onların dəstəyi çox vacibdi. Öz meydanımızda keçirdiyimiz oyunlarda həmişə tərəfdar dəstəyini hiss etmişik.
- Yaxşı, Foqtssuz yığmadan fərqli nə gözləyək?
- Norveç üçüncü yerə oynayan komandadı. Güclü rəqibdi. Öz növbəmizdə onların keçirdiyi oyunları təhlil edib görüşə hazırlaşacağıq. Düzdü, bu gün üçün hər şeyi dərindən incələməmişik. Amma belə olacaq.
- Mahir Şükürov, Vaqif Cavadov, Cavid İmamverdiyev nədənsə Foqtsun “qara siyahı”sına düşmüş, İtaliya və Xorvatiya ilə oyunlara çağırılmamışdı. Onları milliyə dəvət etmək fikriniz var?
- Oyun praktikası olan bütün yığma üzvlərinin xidmətindən faydalanacağıq. Həm Türkiyənin PTT liqasında özünü yaxşı tərəfdən göstərənlərin, həm də yerli çempionatda oynayanların. Komandamızın yaxşı futbol sərgiləməsini, uğurlu nəticə qazana bilməsini istəyiriksə, belə də olmalıdı.
Digər xəbərlər